17 Noyabr 2019 00:12
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk dövləti yaradarkən ətrafına ölkəsinin kənarındakı türk yurdlarından gələn aydınlara da yer verib. Qardaş ölkənin yüz illiyi ərəfəsində geriyə boylanarkən görürük ki, Türkiyənin qurulması, inqilabi islahatların həyata keçirilməsində həmin ziyalıların əhəmiyyətli rolu olub. O aydınlardan biri də azərbaycanlı mütəfəkkir Əhməd bəy Ağaoğludur.

***
Bu il Ə.Ağaoğlunun 150 illik yubileyi ilə bağlı çap olunan əsərlər arasında maraq doğuranlardan biri də filologiya elmləri doktoru Vilayət Quliyevin “Atatürk və Əhməd Ağaoğlu. Türk milli idealının ən atəşin tərəfdarları” adlı kitabıdır. Əsər Ə.Ağaoğlunun Atatürklə ilk tanışlığından, inqilabi islahatların həyata keçirilməsindəki iştirakından, siyasi burulğanlardan, bəzi hallarda isə böyük insanın kiçik hisslərdən doğan intiqam düşüncələrindən və ən əsası iki şəxsiyyətin dostluğundan bəhs edir.

Əhməd bəy Mustafa Kamalı ilk dəfə necə tanımışdı? Əsərdə bunun cavabını belə tapırıq: “Türk xalqının ölüm-dirim mübarizəsini – Qurtuluş Savaşını əsir kimi saxlandığı Malta adasından izləyən Əhməd bəy gələcəyin Atatürkünü milli lider, xalqı birləşdirməyə qadir öndər şəxsiyyət kimi dərhal görmüş, qiymətləndirmişdi. Sürgün illərində qələmə aldığı fəlsəfi-siyasi traktatında – “Üç mədəniyyət” əsərində diqqəti yeni Türkiyə uğrunda mübarizənin liderinə çəkərək yazırdı: “Anadoludakı türk kəndlisi, türk xalqı ona yol göstərəcək əzm və iradə sahibi bir öndəri – Mustafa Kamal Paşanı görən kimi millətinin, dininin və torpağının şərəf və şanını, qürununu, müstəqilliyini son tikə çörəyi, son damla qanı ilə müdafiəyə başladı””.

Malta sürgünündən dönüş Əhməd bəyin Türkiyəyə ikinci qayıdışı idi. 1909-cu ildə Vətənini tərk etdikdən sonra Osmanlı Əhməd bəy üçün yeni üfüqlər açır: maarif müfəttişi, Süleymaniyyə kitabxanasının müdiri olur. İstanbul Darülfünununda dərs deyir, qəzetçilik fəaliyyətini genişləndirir, “Tərcümani-həqiqət” adlı qəzet nəşr etdirir, “Türk ocağı”nın qurucularından olur, 1912-ci ildə Afyon-Qarahisardan parlamentə deputat seçilir. Onillik mühacirət həyatından sonra Əhməd bəy Azərbaycana Nuru paşanın siyasi müşaviri kimliyində qayıdır, Parlamentə üzv seçilir, Paris Sülh Konfransına göndərilən heyətin tərkibinə daxil edilir. Lakin İstanbulda gənc türklərlə əlaqəsinin olduğu iddiası ilə Malta adasına sürgün edilir. Sürgün dönəmlərində Sovet Azərbaycanının rəhbəri N.Nərimanov tərəfindən ingilis əsirlərlə dəyişdirilməsi cəhdi alınmır, sürgün həyatı 1921-ci ilə qədər davam edir. Sürgündən xilas olduqdan sonra Əhməd bəy mayın 11-də Romadan Nərimanova məktub ünvanlayır. Məktub “Kommunist” qəzetində çap olunur. Məktubda Əhməd bəy sürgünəqədərki düşüncələrinin əksinə olaraq, bolşevizmin üstünlüklərindən bəhs edir, bunun xilas yolu olduğunu göstərir və qoca yaşlarında vətənində xidmət etmək istədiyini bildirir. Məktubun cavabında Nərimanov onu yüksək vəzifəyə dəvət edir.

Nərimanovdan cavab məktubu alan Əhməd bəy artıq Türkiyədə idi. Sürgün illərində az məlumatı olduğu Sovet rejiminin tam mahiyyətini anladığı üçün, Nərimanova bu dəfə fərqli məktub göndərir:

  • Təmsil etdiyiniz fikir sisteminə qatılmıram;
  • Türklər üçün qurtuluş imkanının təkcə Osmanlı türklüyündə olduğu haqqında Sizə də məlum olan fikir və qənaətimdə qalıram;
  • Əsarətdən qurtararaq mənə yenidən can və varlıq vermiş Ankaraya getməyim mənim üçün bir namus borcudur.

Bəlkə də, Nərimanovun cəhdi uğurlu alınsaydı, Əhməd bəyi Malta sürgünündən Atatürk deyil, o xilas etsəydi, Əhməd bəy Sovet Azərbaycanı üçün xidmət göstərəcəkdi. Amma onu Atatürk xilas etdi və namus borcu olaraq o, fəaliyyətini Türkiyədə davam etdirdi. Nərimanova yazdığı kimi: “Türklük bölünmə qəbul etməyən tamdır. Məqsəd ona xidmətdir. Bu xidmət harada edilirsə, müqəddəsdir, mü- barəkdir”.

***

Atatürk Türkiyəsi onun həyatında yeni və önəmli səhifə açdı. Ona ilk vəzifə verilir. Vilayət Quliyev bu barədə yazır: “Atatürkün tapşırığı ilə 1921-ci il iyulun sonunda Əhməd Ağaoğlu Qaradəniz və Qars bölgəsinə yola düşmüşdü. Onun qarşısına Şərq vilayətlərində TBMM hökumətinin daxili və xarici siyasəti ilə bağlı təbliğat aparmaq, eləcə də Qarsda yeni məktəblər, çağdaş tələblərə uyğun təhsil çəbəkəsi yaratmaq vəzifəsi qoyulmuşdu. Qazi Əhməd bəyin Azərbaycan türkü olduğunu, Qars bölgəsində soydaşlarının yaşadığını nəzərdə tutaraq vidalaşdıqları zaman “bu fəaliyyətin sərhəddin hər iki tərəfindəki xalqa böyük fayda gətirəcəyini” xüsusi vurğulamışdı”.

Əhməd bəy bu vəzifəsini layiqincə yerinə yetirdi. Ona görə yox ki, o, əsirlikdən xilas edildiyi üçün Mustafa Kamala minnət hissi duyurdu. Əlbəttə, bu da vardı. Amma Ağaoğlu üçün Mustafa Kamal demək həm də təməlləri yeni atılan dövlətin özü idi. Mustafa Kamal Osmanlı xarabalığı üzərində yeni bir vətən yaradırdı. Vətən qurmaq tarixdə neçə insana nəsib olub ki? Belə tarixi hadisədə iştirak türklüyü bölünməz bütün olaraq görən Ağaoğlu üçün şərəf idi. Qısa zamanda o, Atatürkün inamını qazanır. V.Quliyev yazır: “1921-ci il noyabrın 29-da Əhməd Ağaoğlu TBMM hökumətinin “təbliğat naziri”- Mətbuat və İstihbarat Ümumi Müdiri təyin olunmuşdu. Tezliklə “İrşad” heyətləri, habelə Yunis Nadi və Xalidə Ədib Adıvarın təşəbbüsü ilə yaradılan Anadolu Agentliyi də Mətbuat və İstihbarat Müdiri-Ümumiyyəsinin tərkibinə daxil edilmişdi. Ağaoğlunun üzərinə həm də Ankara hökumətinin yarırəsmi mətbu orqanı sayılan “Hakimiyyəti-milliyə” qəzetinin baş redaktorluğu vəzifəsi qoyulmuşdu. Qazandığı zəngin siyasi təcrübə, bir sıra Şərq və Qərb dillərini yaxşı bilməsi onun qarşısında Qurtuluş Savaşının məqsəd və məramlarını geniş təbliğ etməyə, işıqlandırmağa imkan yaratmışdı”.

Əhməd bəyin Türkiyə dövləti üçün etdiyi xidmətlər onun zamanla açıq şəkildə sözünü deməsinə də səbəb olub. Bu xarakteri onu dəfələrlə türk paşaların, nazirlərin hədəfinə gətirsə də, hər zaman Atatürkə olan inamı, sevgisi daha da sərt danışmağa vadar edib. Baxmayaraq ki, Mustafa Kamal edilən tənqidləri rahat qəbul edə bilmirdi, amma bu tənqidlərin mətbuatda dərc edilməsinə də mane olmurdu. Bu da Atatürkün Əhməd bəyin zəkasına olan hörməti idi. Ona görə də onu öz nəzarətində qurulan müxalifət partiyasına qoşulmağa vadar edir.

Mustafa Kamalın böyük planı

1930-cu il. Bu dövrdə Türkiyədə Cümhuriyyət elan edilsə də, yalnız bir partiya – Cümhuriyyət Xalq Firqəsi (CXF) fəaliyyət göstərirdi. Buna görə də, həm respublikanın Avropadakı tutumuna, həmçinin Atatürkün şəxsi imicinə dəyəcək ziyanın qarşısının alınması üçün tədbirlər planı hazırlanır. Bu plan Atatürkün nəzarətində ikinci bir partiyanın yaradılması idi. “Sərbəst Firqə” adlanacaq bu partiya CXF-yə müxalif olacaq, rəhbərliyə isə Fəthi Okyar seçiləcəkdi. 1930-cu ilin avqust ayında Əhməd bəy Yalovaya sürgündə dostlaşdığı Fəthi bəyi görməyə gedir. Dəniz Yolları İdarəsinin yeni tikilən mehmanxanasının açılışında olurlar. Açılış törənində Mustafa Kamal Əhməd bəyi yanına çağıraraq, onun Sərbəst Firqənin rəhbəri Fəthi bəylə çalışacağını bildirir. Həmin günün səhəri Fəthi bəylə Əhməd bəy Sərbəst Firqə haqqında müzakirə edir, Atatürkü səmimilik testindən keçirirlər. Fəthi Okyar onun səmimi olduğuna qərar verir. Atatürkün planına görə, Fəthi bəy ona ikinci bir partiya qurmaq fikri barədə məktub yazacaq, sonuncu da cavabında buna razılıq verəcəkdi. Qızı Tezerlə birlikdə saraya gedən Əhməd bəy xatirəsində yazır ki, məktublar oxunarkən hər iki məktubun İsmət paşanın xətti ilə yazıldığını görüb, bu səbəbdən də çox süni alındığını bildirdikdən sonra Atatürk ona əsəbiləşib: “Mənə sənin araqarışdıran olduğunu söyləyirdilər, inanmırdım, həqiqətən, araqarışdıransanmış”. Daha sonra Atatürk Əhməd bəyin qızı Tezerə deyir: “Tezer xanım, siz yaxşı yetişmiş uşaqlarsınız. Fəqət atanıza uymayın. Onun başı İran fəlsəfəsi ilə dolub. Qorxuram sizi də zəhərləyər”. Tezer isə ona belə cavab verir: “Atamız bizim üçün həmişə yaxşı yol göstərən bir mürşid olub”. Həmin gün baş verən maraqlı bir hadisə Sərbəst Firqəyə qoşulacaq ilk şəxslərdən birinin Atatürkün bacısı Məqbulə xanımın olması idi. Məqbulə xanım firqənin son günlərinə qədər orada qalır. Növbəti gün artıq qarşılıqlı razılaşma əsasında Atatürklə Fəthi Okyarın mətbuata ötürülmüş məktublaşması xalq içində rezonansa səbəb olur, yeni firqəyə qoşulmaq üçün kütləvi axın baş verir. Yeni firqənin nizamnaməsini Əhməd bəy Ağaoğlu hazırlayır. Atatürkün təlimatı ilə millətçi şair Mehmed Əmin Yurdakul da firqəyə qoşulur. Sərbəst Firqə tədricən güclənməyə başlayır, narazı kütlələr CXF-dən qopur. Əhməd bəy həmin hadisə barədə yazır: “Xalqı bu firqənin mövcudluğuna dözməyə vadar edən ikicə amil vardı: birincisi və ən başlıcası, qorxu, ikincisi isə Qaziyə bəslənilən minnətdarlıq hissi”.

3-13 sentyabr 1930-cu ildə Fəthi Okyar, Əhməd Ağaoğlu, Əli Heydər Uluğ, Təhsin Uzer, Nuri Conker Qərbi Anadolu səfərinə çıxırlar. Sərbəst firqəçilərin İzmir səfəri böyük coşqu ilə qarşılanır. Xalqın məhəbbətinin də, qəzəbinin də bəla olduğunu yazan Əhməd bəy İzmirdə baş verən təxribatı faciə adlandırır. Belə ki, izdihamın qarşısını almaq üçün polisin açdığı atəş nəticəsində 14 yaşlı uşaq öldürülür. Bir qoca izdihamı yarır, uşağın meyitini Fəthi Okyarın ayağına ataraq deyir: “Bu da sizə bir qurban. Başqalarını da verərik. Yalnız sən bizi qurtar”.

İzmirdə Fəthi Okyar nitq söylədikdən sonra Manisa şəhərinə yola düşürlər. Əhməd bəy Manisanı Şuşaya bənzədir. “Manisa şəhəri özünün yeniliyi, parkı, qayaları, dağları ilə xoşuma gəldi. O mənə müəyyən qədər Qarabağı, doğulduğum Şuşa şəhərini xatırlatdı”.

Manisadan sonra Əhməd bəy firqə dostlarından ayrılaraq Ankaraya gəlir, sonra İstanbula gedir. Burada mətbuatda onun haqqında yazılan böhtanlara “Son posta” qəzetində cavab verir. Artıq İstanbulda mətbuatda Sərbəst Firqənin əleyhinə yazılar yazılır, Atatürkə CXF-ni qorumaq üçün açıq məktublar ünvanlanır. Əhməd bəy isə Atatürkə yazılan bu qisim məktubların ancaq onun özünün icazə verdiyi təqdirdə mümkün olacağını qeyd edir. Əhməd bəyə görə, Atatürk Sərbəst Firqənin nüfuzundan xoşlanır, Fəthi bəyin bir əmrlə hər şeyi bitirəcəyini bildiyi və xalqı qurtarası adamın məhz o olduğunu anladığı halda xalqın ondan kənarlaşmasını görə-görə prosesi izləyir. O, son ana qədər verdiyi sözü namus kimi dəyərləndirdiyini yazır. Bələdiyyə seçkilərində Sərbəst Firqə 502 seçim bölgəsindən 31-ni qazanır. Bu isə qısa müddət üçün böyük nəticə idi. Əhməd bəy yazır ki, firqənin güclənməsindən ehtiyat etməsini İsmət İnönü daim Qaziyə bildirir, onu qorxudurdu. Lakin Atatürkün xarakteri firqəni əmrlə bağlamağa imkan vermirdi. Sərbəst Firqədə əsas güc 13 millət vəkili və Məqbulə xanım idi. Mətbuatın təsiri, həmçinin xalqdan gələn dəstəklə elə bir durum alınır ki, Fəthi Okyar artıq özünün Atatürklə qarşı-qarşıya gəldiyinin fərqinə varır. Ona görə də, təcili Qazi ilə görüşür. Atatürk Fəthi Okyara mübarizə aparmalarını bildirir, lakin Fəthi bəy heyrət edərək ona qarşı çıxmayacaqlarını deyir və dostları ilə ortaq qərara əsasən, firqəni buraxır. 1930-cu ilin avqustun 8-də yaranan firqə noyabrın 17-də buraxılır.

Sərbəst Firqə xatirələri

Sərbəst Firqənin dağılmasından çox keçmir ki, Əhməd bəy öz xatirələrini yazır. “Sərbəst Firqə xatirələri” 1931-32-ci illərdə ərsəyə gətirilir. Lakin çap edilmir. Xüsusilə, İsmət İnönünün prezidentliyi (1938-1950) dönəmində mümkün olmur. İlk dəfə oğlu Səməd Ağaoğlu atasının ölümündən 11 il sonra Türkiyədə Demokrat Partiya hakimiyyətə gələndən sonra xatirələri çap etdirir. “Sərbəst Firqə xatirələri”ni oxuyanda Əhməd bəyin Atatürkə olan həm dərin hörmət hissi, həm də küskünlüyü hiss olunur. O, Atatürkə həmişə minnətdarlıq hissi ilə yanaşıb, çünki Malta sürgünündən sonra ona yeni həyat bəxş edib. Ona görə də, Atatürkün bu təklifini qəbul etməklə Əhməd bəy politikada özünün ikinciliyini qəbul etmiş duruma düşüb. O, cümhuriyyətin diktatura obrazında olmasını istəmədiyindən buna razılıq vermişdi. Hələ firqənin qurulmasından bir neçə il əvvəl Atatürkə ikinci bir partiyanın vacibliyi barədə təklif vermişdi. Belə bir “işə” qol qoyması isə onun Atatürkə olan hörmətindən doğurdu. Lakin o, yenə də xatirələrində cümhuriyyətin necə idarə edildiyini yazırdı: “Bizdə cümhuriyyətdən nişanə belə yoxdur. Məmləkətimizdə tam mənası ilə diktatorluq hökm sürür. Bunu bildiyi halda, hər kəs hürriyyətdən, cümhuriyyətdən bəhs edir, sərbəst cümhuriyyətin mövcud olduğunu iddia edir”.

Burada haqlı olaraq bir sual ortaya çıxır. Atatürk bu oyunu niyə qurdu. Yalnız öz imicini qorumaq üçünmü? Əsla. Tarixə nəzər yetirək. 1925-ci il fevralın 13-də hökumətə qarşı Şeyx Səid üsyanı baş verir, aprelin 15-i üsyan yatırılır, Səid edam olunur. Həmin il cümhuriyyətin ilk müxalif partiyası olan Tərəqqipərvər Cümhuriyyət Firqəsi də bağlanır və 1929-cu ilə qədər ölkədə dərin sükut hökm sürür. 1929-cu il iqtisadi böhranı da buna əlavə olununca xalq içərisində dərin bir ümidsizlik, hökumətə qarşı etimadsızlıq yaranır. Bütün bunları hesablayan Atatürk həm xalqın nəbzini ölçmək, həm də canlanma yaratmaq üçün öz iradəsində olan bir firqə yaratmağı düşünür. Bu firqəni isə iki ən yaxın dostuna tapşırır: Fəthi və Əhməd bəyə.

Əhməd bəy və Atatürk arasında zamanla qarşılıqlı küsülülüklər olub, lakin hər ikisi daim sayğılarını qoruyub. Hətta Əhməd bəyin ömrünün son çağlarında çap etdirdiyi “Axın” qəzeti də Atatürk tərəfindən bağladılır. Əhməd bəy Atatürkün ölümündən dərin sarsıntı keçirir. Bu barədə qızı Tezerə məktubunda yazır: “Həyatımda ikinci dəfədir sarsılıram. Birinci dəfə ananın ölümü zamanı özümü dərin və qaranlıq bir uçurumun kənarında gördüm və başım fırlandı. Onsuz həyat mənə mənasız və acı gəldi. Onun məndə bu qədər yaşadığını təsəvvür edə bilməzdim. Bu gün də onun ölümünə heç cür inanmıram. Daha doğrusu, alışa bilmirəm. O özü elə bir həyat deyildimi? O, tükənmək, yorulmaq bilməyən daşqınlıqdı! Bəzən coşqun dəniz dalğaları kimi hiddətli, bəzən də müdhiş fırtınalara qədəm qoyan qatı və boğucu sükunət. Onun hər dəqiqəsi digərinə bənzəyirdimi? O, hər şeyin gah altında, gah üstündə deyildimi?”.

Atatürkün çoxpartiyalı sistem arzusu bu hadisədən 20 il sonra həyata keçir. 1946-cı ildə yaradılan Demokrat Partiya 1950-ci il seçkilərində hakimiyyətə gəlir. Çoxpartiyalı sistemdə ilk baş nazir Sərbəst Firqənin Aydın şəhərindəki başqanı Adnan Menderes olur. Əhməd bəy sonuncu sarsıntını onun üçün kəsilmiş 94 lirə ilə təqaüdə göndəriləndə yaşayır. Təqaüdə göndərilmək Əhməd bəy üçün ölümdən betər idi. Bu barədə o, Sərbəst Firqənin rəhbəri olmuş Fəthi Okyara yazdığı məktubda bildirir: “Mənim üçün ən ağır, ən çəkilməz dərd həyatın xaricinə atılaraq məəttəl və seyrçi durmaqdır”.

***

Amma şəxsinə qarşı olan bu kimi hadisələr Əhməd bəyin Türkiyə Cümhuriyyətinə və Atatürk sevgisinə təsir etməyib. Qızı Sürəyya xanım Mustafa Kamal Atatürkün ölüm xəbərini eşitdikdən sonra evə gedərkən atasının ağladığını görür. Xatirələrində bu barədə belə yazır: “Evdə anamın ölümündəki kimi bir matəm havası vardı. Atam yazı masasının üzərində dayanaraq hönkür-hönkür ağlayırdı: “O, böyük bir vulkan idi, bəzən alov fışqırırdı – mənə də fışqırırdı – amma gözəl bir alovdu””.

Əhməd bəylə Atatürkün münasibətləri enişli-yoxuşlu idi. “Sərbəst firqə” məsələsində aldığı yara, yaşlı vaxtında çap etmək istədiyi qəzetin qapadılması onu çox üzsə də, Əhməd bəy Atatürkə qarşı hər zaman böyük hörmətlə yanaşmışdı. Atatürk ölən kimi onu sevməyənlər fürsət gözləyərək onun əleyhinə yazı yazmağa başlayırlar. Bu vaxt Əhməd bəy bir məqaləsində yazır: “Napoleon öldükdən sonra heç bir fransız onun əleyhinə yazı yazmağı ağlına gətirməmişdi”.

Qaynaq:

  1. Vilayət Quliyev. “Atatürk və Əhməd Ağaoğlu. Türk milli idealının ən atəşin tərəfdarları”. Bakı, 2019
  2. Dilqəm Əhməd. “Fərqlilər”, Bakı, 2015
  3. Ağaoğlu Süreyya. “Bir Ömür Böyle Geçti. Sessiz Gemiyi Beklerken”. İstanbul, 1984
  4. Əhməd bəy Ağaoğlu. “Seçilmiş əsərləri”. Bakı, 2007


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər