24 Noyabr 2019 14:32
412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Azəriqaz" İstehsalat Birliyinin abonentlərin qazla təminatı üçün qəbul etdiyi qazın həcmi rekord həddə çatıb.

"Azəriqaz"dan Teleqraf.com verilən məlumata görə, ilk dəfədir ki, noyabr ayında belə göstərici qeydə alınır. Belə ki, 23.11.2019-cu il tarixində Birlik üzrə cəmi qəbul olunan qazın həcmi 32 milyon 994 min kub metrdən çox olub. Bundan Bakı və Abşeron yarımadasının payına 18 milyon 295 min kub metr, regionların payına isə 14 milyon 699 min kub metr düşüb. Ötən il noyabr ayının 23-də "Azəriqaz" İB üzrə cəmi qaz qəbulu 25 milyon 529 min kub metr olub. Həmin dövrlə müqayisədə günlük artım 7 milyon 465 min kub metrdir. O cümlədən, Bakı və Abşeron yarımadası üzrə ötən ilin eyni günü ilə müqayisədə artım 2 milyon 939 min kub metr, regionlar üzrə isə 4 milyon 526 min kub metr olub.

Ötən gün - noyabrın 22-i ilə müqayisədə bu gün 1 milyon 526 min kub metr çox qaz qəbul olunub. 22.11.2019-cu il tarixində "Azəriqaz" İB üzrə cəmi qaz qəbulu 31 milyon 468 min kub metrə bərabər olub.

Qeyd edək ki, soyuq aylarda qaz sərfiyyatının günlük olaraq 35 milyon kub metri keçməyəcəyi proqnozlaşdırılırdı. Lakin mövcud vəziyyət gözləntilərdən fərqli rəqəmlərin ortaya çıxacağına ehtimal yaradır. Buna baxmayaraq "Azəriqaz" İB qışa hazırlıqla bağlı önləyici tədbirləri də diqqətdə saxlayıb. Ona görə də qaz təchizatında hər hansı bir problemin yaranmaması, rejimlərə uyğun normal qaz təminatının həyata keçiriləcəyinə çalışılacaq.


Müəllif: Teleqraf.com