Azərbaycan mühacirətinə aid kitab kolleksiyamda nadir bir əsər var. 1962-ci ildə Ankarada “Doğuş” mətbəəsində çap olunan kitabın müəllifi iğdırlı şair Kərim Yaycılıdır. K.Yaycılı imzası mühacirət mətbuatında geniş yayılıb. Şeirləri ilə yanaşı məqalələri, hekayələri, məktubları, müxtəlif konfranslardakı çıxışları jurnal səhifələrində yer alıb.
Kərim Yaycılı Alxan 1913-cü ildə İğdırda Hacı Abdullah Əfəndinin ailəsində doğulub. Uşaqlığı I Dünya müharibəsi dönəminə təsadüf edib.
“Anadolu, Qafqaz, Azərbaycana ərməğan” adlı kitabında verilən bioqrafiyasına görə, hələ körpə ikən ailəsi ilə birlikdə rus-erməni hücumunun ən vəhşi və yırtıcı səhnələrinə şahid olub. Süngüyə keçirilən uşaq və kişilər, ləkələnən məsum qız və qadınlar, yandırılan, dağıdılan kəndlər onda unudulmaz kin və nifrət hislərinin yaranmasına səbəb olub.
Bu acınacaqlı səhnələr onun zabit olaraq vətənə xidmət eşqini körükləyib, lakin ciyərlərindəki narahatlığa görə 1931-ci ildə zabitlikdən kənarlaşdırılıb. 1934-cü ilə qədər Karaköse, Qaraqoyunlu və Ərzurum ibtidai məktəblərində müəllimlik edib.
Həmin il Ərzurum liseyinin ədəbiyyat bölməsindən məzun olaraq ehtiyatda olan zabit kimi hərbi xidmətdə yer alıb. 1937-ci ildə tərxis olduqdan sonra Ankaraya gələrək Dil, Tarix və Coğrafiya fakültəsində “Türk dili və ədəbiyyatı” bölümünə daxil olub. 1940-cı ildə II Dünya Müharibəsinin başlaması ilə yenidən hərbi xidmətə çağırılıb, lakin iki il davam edən ağır xidmət dönəmində yenə xəstələnib, təxrisdən sonra fakültədəki dərslərə davam etməsi imkansız olub.
K.Yaycılının imzasını ilk olaraq Berlində Rəsulzadənin çap etdiyi “Qurtuluş” jurnalında görürük. Hələ bu illərdən Rəsulzadə və silahdaşları ilə əlaqə quran Yaycılı sonralar Azərbaycan Kültür Dərnəyinin ikinci başqanı vəzifəsinə qədər yüksəlib. Kərim Yaycılının arxivimizdəki “Anadolu, Qafqaz, Azərbaycana ərməğan” kitabı “21.03.1962. Kardaşım Nazıma sayğı və sevgilerle. İmza” ithafı ilədir.
Əsər üç bölümdən ibarətdir: Birinci bölüm “Anadolu” adlanır, bu hissədə “Türkün böyük matəmi” (Atatürkün ölüm günü yazılıb), “Ərzincan yollarında” (zəlzələ fəlakəti ilə bağlı), “Acı xatirələr”, “Arazlı qız”, “Durnalar”, “Hədəfimiz”, “Gəl, sevgilim, qaçalım”, “Araza”, “İğdır marşı” (musiqisi Nazım Ülgen), “Şəhid leytenant”, “İğdırın qurtuluşu” şeirləri daxildir. İkinci bölüm “Qafqaz” adlanır, buraya “Məktub”, “Qafqaz barı”, “Hürriyyət yolçuları”, “Böyüyən ümidlər”, “Qürbət şəhidi”, “Azad gəncliyə”, “Onu mən yandıracağam!”, “Qafqaz gülü”, “Qafqaz gecəsi”, “Sahildə”, “Qürbətdə” (mühacir Həmid Atamana ithaf), “Qafqazın üsyanı”, “Şamilin məzarında”, “Ümid günəşi”, “Quşlar”, “Aşıq Kərəmə” şeirləri daxildir. Üçüncü bölüm “Azərbaycan” adlanır, buraya “Azərbaycanın sehr və gözəlliyinə ithaf”, “Azəricə” (Əhməd Qaracaya ithaf), “Dedilər!”, “Azəri gəncinə”, “Qürbətdə”, “Ay balam!”, “Gözəlim Gəncə”, “Gəncliyə”, “Nəyi gözləyirik?”, “Milli vaiz!” (mühacir şair Əli Volkana ithaf), “Aprel axşamında…”, “Müqəddəs axın”, “Bükülməz biləyimiz”, “Yurdum və bayrağım” (mühacir Kərim Odərə ithaf), “Xəzər ağlayır”, “Azərbaycan” (mühacir şair Teymur Atəşliyə ithaf), “Durnalar”, “Xəzərə”, “Qalmasın o matəm gözlərində!” (mühacir Əbdülvahab Yurdsevərə ithaf), “Batan günəş” (Rəsulzadənin ölümü üzərinə), “Alageyik nağılı” (Rəsulzadənin vəfatı ilə bağlı), “Mirzəbala üçün”, “Məhəmməd Əmin bəyin əziz ruhuna”, “Göygöl” (Əhməd Cavada nəzirə) adlı şeirləri, “Hacı Tağı” adlı millətçi bir Qafqaz mühacirinin acınacaqlı həyatı ilə bağlı hekayəsi daxildir.
Kitabın içində belə bir qeyd var: “Bu kitabın yeganə və səmimi məqsədi türkü türkə tanıtmaq və sevdirməkdir. Kitab millətçi Atatürk gəncliyinə, qafqazlı və azərbaycanlı qardaşlarımıza ərməğan edilib”. Kitabın üz səhifəsində üçrəngli Azərbaycan bayrağının təsviri verilib. Kitaba ön sözü isə mühacir Əbdülvahab Yurdsevər yazıb. Yurdsevər şairin şeirləri haqqında yazır: “Kərim Yaycılının şeirlərində hüzn sevinclə, şikayət qürurla gözəl bir şəkildə uzlaşmaqdadır. Onun hüznü Əhməd Cavadın şeirlərində gördüyümüz o dərin hüznə çox bənzəyir. Bu hüzn Azərbaycanın iki illik şanlı istiqlal həyatından sonra təkrar əsarət boyunduruğu altına düşməsindən irəli gəlir”.
Rəsulzadə “Çağdaş Azərbaycan ədəbiyyatı” kitabında Yaycılı haqqında yazır: “Gültəkinin yanında milli mühacirət şəraitində yaşayan və yurdsevərlik ideyalarını tərənnüm edən başqa şairlər də vardır. Bunlardan Sənan və Yaycılı Kərimi göstərə bilərik… Yaycılı Kərim Anadolu istiqlal hərbi zamanı Şərq komandanlığı tərəfindən himayə edilən azərbaycanlı yetim uşaqlar arasında yetişmiş gənc bir şairdir. Hələ uşaq ikən yaşadığı faciələrlə duyduğu iztirab bu içli şairi həsrət və iztirab hisləri ilə canlandırıb. Bunu biz onun Araz çayına müraciət etdiyi bir şeirindən görürük”.
K.Yaycılının bu kitabı haqqında Sovet İttifaqını Öyrənmə İnstitutunun Münhendə nəşr etdiyi “Dergi” jurnalının 1962-ci ildə çap olunan 29-cu sayında da məlumat verilib. “Türk Birliyi” jurnalı Şəxsi kolleksiyamızda Kərim Yaycılının çap etdiyi “Türk birliyi” jurnalının bir nüsxəsi də var. Bu jurnal haqqında tarix elmləri doktoru Nəsiman Yaqublu yazır: “1966-cı ilin aprelində Türkiyədə “Türk Birliyi” jurnalı nəşrə başladı. Jurnalın sonuncu – 47-ci sayı 1970-ci ilin fevralında çap olundu. Jurnalın sahibi və Baş yayım müdiri Kərim Alxan (Yaycılı), məsul müdiri isə Firudin O.Kuranər olub. Jurnalın fəaliyyət istiqamətləri belə idi: “Türklük üçün çalışır, aylıq milliyyətçi, kültür və sənət dərgisidir”. “Türk Birliyi” jurnalı hər ilin 28 mayında və 27 aprel hadisələrində bu mövzularla bağlı ayrıca yazılar çap edirdi”.
K.Yaycılı 13 iyul 1979-cu ildə Qarsda vəfat edib. “Azərbaycan” dərgisinin 1979-cu ildə çap olunan 231-ci sayında onun xatirəsinə yazılar həsr edilib.