Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” milli aviaşirkəti həftədə 4 dəfə həyata keçiriləcək Əbu-Dabi – Bakı aviareysi üzrə uçuşlara başlayır.
Teleqraf.com-un xəbərinə görə, sözügedən marşrut üzrə uçuşlara 2015-ci ilin oktyabrın 1-dən etibarən başlanacaq və “Airbus A320” avialayneri ilə yerinə yetiriləcək. Təyyarədə 16 biznes-sinif, 120 ekonom-sinif oturacaq mövcuddur. Ümumiyyətlə isə hər həftə oturacaqların sayı 1 088 təşkil edəcək.
“Etihad Airways” aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlara başlaması – aktiv inkişaf edən Qafqaz regionunda əlaqələrin qurulması üzrə strategiyamızın əsas hissəsidir”, - deyə “Etihad Airways”ın prezidenti və icraçı direktoru Ceyms Hoqan bildirib. Onun sözlərinə görə, yeni uçuşlar Azərbaycan və BƏƏ arasında biznes və turizm əlaqələrində artan tələbata tam cavab verəcək: “Bu, həmçinin, bir çox ölkələrdə, əsasən də Şimali Amerikada yaşayan Azərbaycan diasporası ilə Azərbaycan arasında əlaqəni daha da asanlaşdıracaq. Biznes və istirahət məqsədilə Azərbaycandan səyahət edən sərnişinlər Əbu-Dabi vasitəsilə Fars Körfəzi, Hind regionu, Asiya və Şimali Amerikaya səfər etmək üçün gözəl imkan əldə edəcəklər. Bundan başqa, Əbu-Dabi – Bakı aviareysi Azərbaycan və BƏƏ arasında ticarət və turizm sahələrində onsuzda sıx olan əməkdaşlığı bir qədər də möhkəmləndirəcək”.
Qeyd edək ki, 2012-ci ildə Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 400 milyon ABŞ dollarından çox olub. Hazırda 12 mindən artıq azərbaycanlı BƏƏ-də yaşayır.
Naibə QURBANOVA