Yəqin ki, metro kənarlarında, dayanacaqlarda, izdiham olan yerlərdə dilənçilərə rast gəlmisiniz. “Allah köməyiniz olsun!” deyərək hamıya üz tutan, pul istəyən dilənçilər şəhərimizdə az deyil. Sanki biz onları qətiyyən tanımırıq, kimdir, nəçidir, hardan gəlib, niyə dilənirlər – bilmirik… Dilənirlərsə, deməli, böyük ehtiyacları var deyə düşünürük. Bəs əslində?...
Memar Əcəmi metrostanisyası yaxınlığında dilənən 70 yaşlı dilənçi ilə tanış oldum. Bu tanışlıq onun köməyinə çağırış edən sosial şəbəkə istifadəçisindən başladı. Beləliklə, virtualdan real aləmə yol aldıq.
Adını qeyd etməyəcəm, amma bu ərazidə yaşayanlar 2007-ci ildən onu tanıyırlar. Daha açıq desəm, 12 illik “təcrübəsi” olan bu qadın insanları ofsunlamaqda peşəkardır, haqqında yazılan statusda da acınacaqlı vəziyyətdə olduğu vurğulanırdı.
Hətta dilənçilər də bir yerdə oturub pul qazanmırlar, hərəkət edirlər. Daha çox insanla təmasda olmaq üçün uzun məsafələr qət edirlər. Eyniylə müsahibimiz kimi. İki ictimai nəqliyyat dəyişərək Kürdəxanı qəsəbəsindən Memar Əcəmi metrosuna gəlir.
Məni görəndə əvvəlcə çəkindi, dediyinə görə, ailəsindən heç kim onun diləndiyini bilmir. Elə bu səbəbdən də, evindən uzaq bir məkan seçib: “İstəmirəm yaxınlarımdan kimsə xəbər tutsun. Evdəkilər bilər, başıma qaxınc edərlər. Biabır olmaq istəmirəm”.
Hər gün saat 7-dən günorta saat 12-yə qədər “iş başında” olur. Vəziyyətindən dönə-dönə razı olduğunu bildirdi: “Allah hamınıza kömək olsun. Məni burada hamı tanıyır, kömək edirlər. Bayaq univermağın müdiri bu əti gətirdi, dedi nənə, əti apar, bişir. Bəzən olur kimsə 1 manat, yaxud 5 manat verir, kimin nəyə gücü çatır, kömək edir”.
Qadının sözlərinə görə, əvvəllər sexdə işləyib, hazırda pensiya alır, amma bu onun ehtiyaclarını ödəmir: “Onu evə, komunal xərclərə sərf edirəm. Evi təqaüdüm, bir də burada yığdığım pulla dolandırıram”.
Deyir ki, ailəsi – oğlu, 9 yaşlı nəvəsi və gəlinindən ibarətdir. Gəlinindən xeyli giley-güzar etsə də, o məsələyə toxunmayacağıq… 16 il əvvəl böyük oğlu balıq tutmaq üçün dənizə gedib, itkin düşüb. Əslən Əmircan qəsəbəsindən olsa da, bu hadisədən sonra evlərini satıb Kürdəxanıya köçüblər. Birlikdə yaşadığı oğlunun isə hərbi xidmət zamanı böyrəkləri xəstələnib, uzun illər müalicə alıb: “Oğlum xəstədir. Savadı yoxdur, 4-cü sinifə qədər oxuyub. Yayda fəhləlik edir, pul qazanır. İndi hava soyuqdu, iş yoxdu. Gəlinim qəsəbədə parnikdə işə düzəlib, heç pulundan qara qəpik də göstərmir. Mənsə qazandığımı evə xərcləyirəm”.
Sual verdik ki, dilənçilik etdiyinizi bilmirlərsə, qazandıqlarınızı nə adla evə aparırsız? Çox maraqlı cavab verdi: “Elə bilirlər, mən işləyirəm, bina süpürürəm. Burada olan yardımları evə aparıram, deyirəm maaşımla almışam. Evdə demişəm ki, gündəlik maaşa işləyirəm”.
Deyir, bura ona doğmadır, dövlətdən heç nə istəmir, öz hörməti-izzəti ilə çörək pulunu qazanır: “Güya mənə nə yardım veriləcək? 300-400 manat verəcəklər? Bayramqabağı iki çanta bayramlıq gətirdilər. Burada hamı köməklik edir. Sosial yardımdan min qat yaxşıdır”.
Ömrünün sonuna qədər bu işinə davam etmək fikrindədir. Özü günorta saat 12-yə qədər orada olduğunu desə də, sakinlər başqa məlumat verdilər. Sakinlərin sözlərinə görə, qadın sübh saatlarından axşam saat 18-ə qədər yerində əyləşir. İstisna hallarda tez gedir.
Qəhrəmanımızın iş qrafiki də maaşlı işçilərdən fərqlənmir: “Heç vaxt şənbə bazar, bayram günləri bura gəlmirəm. Bayrama görə bir həftə gəlmədim. Adam olmur axı”.
Günlük gəliri haqqında soruşmadan özü cavab verdi: “Mən Allahın köməkliyi, üzümün nuru ilə çörək pulu da qazanıram. Elə gün olur, 10 manat, bəzən 50 manatla evə gedirəm. Mən Allahdan başqa heç kimin qabağında sına bilmərəm. Mən öyrəncəliyəm”.
Dilənçi olmasına baxmayaraq, qohumlarına kömək edir, xeyir-şər içlərindən də qalmır: “Birinin toyu olur, Allah xeyir-dua versin. Adım-sanım var, toya gedəndə hömətini edib, göz aydınlığı verirəm. Qəşəng geyinib göz çıxarıram”.
Kömək istəyən hər kəsə, hətta ehtiyacsıza da yardım etmək pis bir şey deyil. Amma… Öz kasıblığına və abırına qısılıb yoxsul həyatını birtəhər yaşayan insanlara yardım göstərməyin faydası lap çoxdur. Kaş heç kəs başqasına möhtac olmasın!