Son zamanlar Azərbaycan xalqının fenomenal şəxsiyyətlərinin təhqir edilərək aşağılanması kimi xoşagəlməz tendensiya yaranıb. Qeyd etdiyim proses Azərbaycan tarixinin azsaylı passionar nüsxələrinə qarşı xüsusi ustalıq və amansızlıqla həyata keçirilir. Məsələ ondadır ki, Azərbaycanın ziyalı kəsiminin çox böyük hissəsi sözün həqiqi mənasında, tarix yaratmış bu nadir insanlara yönəlmiş çirkin oyunlara əhəmiyyət vermir. Maraqlı odur ki, sözügedən olaylar çox həssas dönəmlərdə - vətən torpaqlarının müəyyən hissəsinin işğala məruz qaldığı vaxtlarda meydana çıxır. Bu isə, bütövlükdə Azərbaycan üçün təhlükəli strateji planların “həyata vəsiqə” alması anlamına gəlir. Müşahidələr göstərir ki, ziyalı kəsimin yuxarıda qeyd etdiyim diqqətsizliyi üzündən görkəmli şəxsiyyətlərimiz hər dəfə əvvəlkindən daha nalayiq, yumşaq formada desək, təqdim olunur. Əyər buna təqdimat demək mümükünsə. Bu planları elə məharətlə ictimaiyyətə sırıyırlar ki, insanların heç ruhu da incimir. Yetişməkdə olan gənc nəsil, xüsusilə, tarix və ədəbiyyatımızdan məlumatsız təbəqə bu xəbis missionerlərin məkrli sayıqlamalarını həqiqət hesab edərək, yanlış və zərərli istiqamətə üz tutur.
Az qala 1200 illik tarixi şəxsiyyət statusunu qazanmış, hələ də hansı ideologiyanın təsirilə 22 il ərəb xilafətinə qarşı mübarizəyə başçılıq etməsi məsələsi açıq qalan Babək də daim muzdluların diqqətindədir. Eynilə Şah İsmayıl Xətai kimi. Düzdür, onları eyniləşdirmək olmaz. Amma vətən uğrundakı çarpışmalarıyla hər iki şəxsiyyət bir – birini tamamlayır. Bu gün Xətaiyə qarşı aparılan kampaniya bir neçə il bundan əvvəl təkrarsız qəhrəmana – Babəkə tuşlanmışdı.
Televiziya kanallarının birində professor rütbəli bir tarixçi Babəki məlum qonşu ölkənin adət və ənənə, inanclarının müdafiəçisi kimi xarakterizə edərək, açıq mətnlə onun Azərbaycan xalqına dəxli olmadığını bildirdi. Arqument kimi, Babəkin islam dininə qarşı vuruşmasını önə çəkən üzdəniraq professor bilmirdi ki, IX əsrdə ərəb xilafəti artıq ilkin mahiyyətini itirmişdi. Daha dərinə getsək, ərəb cəmiyyətindəki qarşıdurma islam dininin öz ilkin formasını dəyişməsinə gətirib çıxarmışdı. Təbii ki, mahiyyət dəyişikliyi olmasa da, xəlifə və sözçülərinin islam dinini istədikləri istiqamətdə şərh etmələri cəmiyyətdə birmənalı qarşılanmırdı. Məhz bu dəyişiklik ərəb xilafətinə də sirayət etmiş, xilafət taxtına sahiblənən xəlifələr genişmiqyaslı işğallar yoluna qədəm qoymuşdular. Azərbaycan da, yeraltı və yerüstü sərvətləri ilə ərəb dünyasının diqqətindən kənarda qala bilməzdi.
Bəri başdan bildirim ki, ərəblərin Azərbaycana ekspansiyası VII əsrin birinci yarısında başlasa da, yurdumuzun xilafətə tabe edilməsi yalnız 100 il sonra reallaşdı. Çünki xalqımızın ərəb işğalına müqaviməti ilə yanaşı, xəzər xaqanlığı da, Azərbaycan uğrunda ərəblərlə düz 100 il qanlı müharibə apardı. Müharibə xəzərlərin məğlubiyyətilə bitdi və sonuc olaraq ərəblər Azərbaycan kimi zəngin ölkəyə nəhayət ki, nominal da olsa, yiyələndilər.
Öz təbii mahiyyətini dəyişmiş hakimiyyət yəqin ki, idarəçilik üsülunu da dəyişmişdi və vəziyyət heç ürəkaçan deyildi. Bu mənada, yuxarıda da qeyd etdiyimiz kimi, ərəb xilafəti işğal etdiyi ölkələrdə yalnız var – dövlət ələ keçirmək məqsədini güdürdü. İslam dininin təməl prinsiplərini təşkil edən ədalət, humanistlik, mərhəmət, məzluma aman vermək xüsusiyyətləri artıq “tarixin arxivinə” göndərilmişdi. Təkcə bu yönümdən yanaşdıqda, Babək və xürrəmilərin mübarizəsinin hər hansı bir müzakirəsini lüzumsuz hesab etməyə bilmirsən. Əksinə, islam peyğəmbərinin sözlərinə istinad etsək, Babək bütün zamanların şəriksiz və ən böyük mücahididir. Yəqin ki,“Ən böyük cihad vətən uğrunda aparılan cihaddır” ifadəsinin islam peyğəmbərinə mənsub olduğunu bilirsiniz.
Bəziləri orta əsr ərəb müəlliflərinin əsərlərini, məlumatlarını əsas gətirməklə Babəkin islam düşməni olaraq ərəb işğalına qarşı yox, din əleyhinə vuruşduğunu yazırlar. Ərəb müəlliflərinin hansı hakimiyyət dövründə yaşadıqlarını nəzərə alsaq, Babək haqqında yazılanların əksəriyyətinin uydurma olduğunu qətiyyətlə deyə bilərik. Məsələnin ən incə tərəfi isə, qeyd etdiymiz kimi, sözügedən müəlliflərin Babək və xürrəmilər hərəkatına patoloji nifrətidir. Babəkin Azərbaycan türkü olmasını həzm edə bilməyən nəinki ərəb, fars, hətta türk müəllifləri də ciddi – cəhdlə son dərəcə qərəzli, ziddiyyətli məlumatları ilə onun şəxsiyyətinə kölgə salmağa çalışmışlar. Azərbaycan xalqının ərəb işğalına qarşı 22 illik mübarizəsi və ideoloqu barəsində görün kimlər fikir yürüdür: ərəb mənşəli Ət – Təbəri, Əl – Müqəddəsi, Məsudi, Həməvi, İsfəraini, İbn əl – Əsir, fars əsilli Nəfisi, ingilis C.Sell, alman Q.Flügel, amerikan alim E.Rayt, milliyyəti naməlum M.Tomara. Nəzərə alsaq ki, siyahı hələ tam deyil, o zaman vəziyyətin nə qədər acınacaqlı olduğu ortaya çıxır. Məlum səbəblər üzündən “qonşu əzabkeş xalqın alim”lərini buraya əlavə etmədik, çünki tragikomedik səhnə yaranır. Adıgedən müəlliflər bu və ya digər formada Babək və xürrəmilər hərəkatını təhqiramiz ifadələrlə aşağılayır, bu hərəkatın iştirakçılarını “kef içində pozğun həyat sürən”, “dinsiz”, “allahsız” adamlar hesab edirlər. Maraqlıdır, kefcil, əxlaqsız adamlar ərəb xilafəti kimi bir gücə qarşı 22 il mübarizə apara bilərdimi? Ümumiyyətlə, belə xarakterli insanlarda azadlıq, istiqlal duyğusu, vətən anlayışı olurmu? Burada alman alimi A. Müllerin adını qeyd etməmək mümkün deyil, çünki Avropa müəlliflərindən yalnız Müller xürrəmilərin bu anlamda təqdim edilməsini qəti surətdə rədd edir(bax, А.Мюллер. История ислама. II, стр. 196. СПб., 1895 – 1896). Mərhum Z.Bünyadov isə bildirir ki, “Sərxoşluğa, pozğunluğa və əxlaqsızlığa yol verən hər bir azadlıq hərəkatı əvvəlcədən pozulmağa məhkum olardı”. Ziddiyyətli fikirlər Babək və ardıcıllarının Quranı qəbul etməsi və məscidlərinin olmasında özünü göstərir. Bu baxımdan, Əş - Şəhrəstani “Babəkilərin Qurana dayanaraq onu xürrəmcəsinə izah etmələrini”, Əl - Bağdadi isə Bəzzdə xürrəmilərin məscidinin olmasını yazmaları maraq doğurur. Belə çıxır ki, bu müəlliflər Babək və tərəfdarlarının müsəlman olduğunu bilirdilər, lakin tutduqları mövqe və siyasi vəziyyət onları “necə lazımdısa” yazmağa “məcbur edib”. Burada sual yaranır ki, əyər Babək və xürrəmilər atəşpərəst idilərsə, Quranı qəbul edə bilərdilərmi? Yaxud zərdüştilər nə vaxtdan məsciddə ibadət edirdilər? Göründüyü kimi, Babəki xristian, atəşpərəst elan edən həmin ərəb müəllifləri özlərini təkzib edirlər. Ən başlıcası isə, nə qədər təhrif olunsa belə, Babəkin qan donduracaq, üstündən təxminən 1200 il keçməsinə baxmayaraq, bəşəriyyəti heyrətə gətirən qəhrəmanlığını gizlədə bilmədilər. Ərəb xilafətinin mirzələri olan bu tarixçilər Babəki Karfagen sərkərdəsi Hanniballa müqayisə etməyə məcbur olmuşdular. Burada bir haşiyə çıxmaq yerinə düşür ki, Babəkin meydana çıxmasına qədər xürrəmilərin xilafəti silkələyən cəmi iki çıxışı olmuşdu: 778 və 808 – ci illərdə. Xürrəmilərə rəhbərlik edən Cavidan və Əbu İmran arasındakı ədavət bu çıxışların qələbə ilə sonuclanmasını əngəlləyirdi. Babək zəkasının qüdrəti onda idi ki, rəhbərliyə başlayan kimi hərəkatın müvəffəqiyyətsizliyinin səbəblərini müəyyən etməklə, qüvvələri vahid düşmənə qarşı birləşdirməyi bacardı. Orta əsrlərin ən əzəmətli azadlıq müharibəsi olan xürrəmilər hərəkatının strateqi olmaqla yanaşı, Babək həm də bu mübarizənin ideoloqu səviyyəsinə yüksəlmişdi.
Babəki dinsiz, məsləksiz elan edən ərəb xəlifələri və əlaltıları özləri nə dərəcədə islam qayda – qanunlarına əməl edirdilər? Bu sualın cavabı ilə elə Babəkə nifrət edən müəlliflərin sırasında yer tutan Səid Nəfisinin “Babək” əsərində qarşılaşırıq. Xəlifə Mötəsimin həyat tərzindən bəzi nüansları açıqlayan Nəfisi özü də bilmədən, xəlifənin ən böyük əxlaqsız və islam düşməni olduğunu oxucuya çatdırır.
Doğrudan da, dünyanı lərzəyə gətirən qorxunc və amansız bir imperiyaya qarşı 22 il dayanmadan, usanmadan vuruşmaq, vətəni uğrunda hər hansı kompromisə getməyən, doğma övladından belə keçmək ləyaqətinə sahib olan Babəkin həyat kredosu idi. Yalnız passionarlıq və satılmazlıq aparılan mübarizəni şərəf və qalibiyyətlə sona çatdırmağa imkan verərdi. Babək isə təkcə passionarlıq və satılmazlıq yox, qürur, şərəf simvolu idi. Əsrlərin bu tayından 1200 illik uzaq tarixə boylandıqca Babəkin böyüklüyünə, uzaqgörənliyinə, ən əsası isə, əzəmətinə heyrətlənməyə bilmirsən. Məhz Babəkin başçılığı ilə Azərbaycan xalqının 22 illik azadlıq müharibəsi nəticəsində ərəb xilafəti kökündən sarsıldı, işğal olunmuş xalqlar istiqlaliyyət uğrunda mübarizəyə qalxmaqla Babəkin ideologiyasını məntiqi şəkildə həyata keçirməyə nail oldular. Babək şərəfli, eyni zamanda təkrarsız həyat yoluyla özündən sonrakı azadlıq mücahidlərinə bir mayak oldu. Nə yazıqlar ki, biz heç bir millətdə mövcud olmayan bu cür təkrarsız şəxsiyyəti yadellilərin ixtiyarına vermişik. Görəsən heç vicdanımız ağrıyırmı ki, tariximizi bizə düşmən olan yadellilər yazır və haqqımızda məqsədli şəkildə mənfi fikirlər formalaşdırırlar.
Xalqın tarixini onun bağrından qopmuş, ağrı – acılarını yaşayan, duyan doğma tarixçiləri yazmalıdır. Çünki, hər hansı bir faktın mənbəyi tarixçinin fərdi xüsusiyyətilə aşkara çıxır. Qeyd etdiyimiz xarakter cizgilərilə Babək təkcə sərkərdə, azadlıq mücahidi yox, həm də əsrlərə hökm edən tarixi şəxsiyyətdi. Nəyin bahasına olursa – olsun Babəki tarixdən silməyə cəhd edənlər özləri tarixin arxivinə gömüləcəklər. Bunu bizə Babəkin əsrləri aşıb gələn, bu gün də aktuallığını saxlayan, adı böyük hərflərlə yazılan Vətən adlı ideologiyası deyir.
Ruhəngiz Kərimli