24 Sentyabr 2014 17:05
4 705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetində 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 45-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.

ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən Teleqraf.com-a verilən xəbərdə bu barədə bildirilib. Məlumatda deyilir ki, mərasimdən öncə universitetin müəllim-tələbə heyəti Şəhidlər Xiyabanını ziyarət edərək şəhidin məzarı önünə qərənfillər düzüblər.

Tədbir universitetin foyesində yerləşən Ülvi Bünyadzadəyə aid açıq muzeyin qarşısında Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsi ilə başlayıb.

ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev ilk olaraq çıxış edib, Ülvi Bünyadzadənin universitetin istedadlı və bacarıqlı tələbəsi, eyni zamanda olduqca vətənpərvər, cəsarətli bir gənc olduğunu və 1990-cı ildə Bakıda baş vermiş qanlı 20 yanvar faciəsi zamanı şəhid olduğunu söyləyib. O, Ü. Bünyadzadənin universitetin fəxri olduğunu bildirərək şəhidimizin “xalqımız yaşasın, parçalanmış torpağımız birləşsin” amalına xidmət etdiyini deyib. Ü. Bünyadzadənin universitetin fəal gənclərdən olduğunu deyən prorektor istedadlı tələbənin bir sıra şeir kitablarının müəllifi olduğunu bildirib.

Pedaqoji fakültənin III kurs tələbəsi Nərgiz Məmmədova Ü. Bünyadzadənin həyatının qəhrəmanlıq, şərəfi özündə ehtiva edən məktəb olduğunu deyərək mərhumun ömür yolundan bəhs edib.

Tədbirdə çıxış edən şəhidin bacısı Könül Bünyadzadə qardaşı ilə bağlı xatirələrini danışaraq onu özünə ideal seçdiyini dedi. Müəllifi olduğu “Gəncliyin fəlsəfəsi” kitabını da Ü. Bünyadzadənin istedadına, məğrurluğuna olan vurğunluğundan ilhamlanaraq yazdığını bildirib.

O, ADU-da rəhbərliyin gənclərin əsl şəxsiyyət kimi yetişməsini təmin edən mühit yaratdığını da vurğulayıb.

Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu dərin vətənpərvərlik hissini yansıdan nitqi ilə Ü. Bünyadzadə timsalında digər şəhidlərimizin şücaət və qəhrəmanlıqlarından bəhs edib, Ülvi haqqında xatirələrdən söhbət açıb.

Qeyd edək ki, Ülvi Yusif oğlu Bünyadzadə 20 yanvar şəhididir.


Müəllif:

Oxşar xəbərlər