Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün səhər keçirdiyi mətbuat konfransında deyib ki, seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqədə, saat 19:00-dək həyata keçiriləcək.
Teleqraf.com xəbər verir ki, MSK sədri seçici siyahılarına ümumilikdə 5 milyon 329 min 461 seçicinin adının daxil edildiyini bildirib:
“Bu seçicilərdən 340 min 689 nəfəri məcburi köçkün seçicilərdir. Məcburi köçkün seçicilər ölkənin bütün bölgələrinə səpələniblər. Bu seçicilərimiz 523 məntəqədə səs verəcəklər. Yəni, ümumi məntəqələrin təxminən 10 faizə yaxını bütün ölkəyə səpələnmiş məcburi köçkünlərin səs verəcəyi məntəqələr olacaq. Mən bunu ona görə xüsusi vurğulamaq istərdim ki, seçkilərin hazırlanması və keçirilməsi mərhələsində, bütün bu proseslərin gedişində biz Mərkəzi Seçki Komissiyası olaraq məcburi köçkün seçicilər üçün əlimizdən gələn bütün işləri görməyə, addımları atmağa çalışmışıq ki, onların səs verməsi ilə bağlı heç bir problem ortaya çıxmasın”.