Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) Kapital Bazarı üzrə Təlim Mərkəzi “Azərbaycan Kapital Bazarının Prinsipləri və Alətləri” mövzusunda 11 oktyabr 2014-cü il tarixində kütləvi informasiya vasitələri (KİV) nümayəndələri üçün seminar təşkil edir.
Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, seminar Prezidentin 16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı çərçivəsində qiymətli kağızların bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində həyata keçirilir.
Seminarın məqsədi KİV nümayəndələrini kapital bazarı alətlərinin istifadə prinsipləri ilə yaxından tanış etmək, Azərbaycan kapital bazarının xüsusiyyətləri barədə baza bilikləri formalaşdırmaq, həmçinin qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının fəaliyyəti barəsində ətraflı məlumat verməkdir.
“Azərbaycanda kapital bazarı institutları və iştirakçıları”, “Kapital bazarları və alətləri”, “Kapital bazarları üzərində nəzarət” mövzularının əhatə edəcək seminarın sonunda fəal iştirakı və yüksək maliyyə savadı ilə fərqlənən KİV nümayəndələrinə sertifikat təqdim olunacaq.
Seminar ödənişsiz təşkil olunur.
Naibə