SOAS London Universitetində Baku Film School Production və Humanitar Tədqiqatlar İctimai Birliyinin birgə istehsal etdiyi “Çadır şəhərciyindən yeni qəsəbələrə” adlı sənədli filmin təqdimatı olub.
Teleqraf.com-un məlumatına görə, filmi iştirakçılara təqdim edən BFS Production direktoru Əvəz Həsənov onun 5 ay müddətinə ərsəyə gəldiyini bildirib.
Onun sözlərinə görə, film qaçqın və məcburi köçkünlərin həyat şəraitini göstərməklə yanaşı dövlətin onların mənzil probleminin həll olunmasına dair gördüyü işlərə həsr olunub.
Ə.Həsənov tədbir iştirakçılarına məcburi köçkünlərin Azərbaycanın bütün rayonlarında məskunlaşdığı barədə məlumat verib, münaqişənin ilk illərində məcburi köçkünlərin yerləşdirilməsi və ərzaqla təmin olunmasında ölkənin qarşılaşdığı problemlərdən danışıb. Azərbaycanda məcburi köçkünlərin çadır şəhərciklərində daha ağır şəraitdə yaşadıqlarnı və 2007-ci ildən sonra ölkə rəhbərliyinin səylərindən sonra çadır şəhərciklərinin ləğv olunması və insanların daha yeni binalara köçürülməsi barədə danışıb: “Vaxtilə çadır şəhərcikləri, ictimai binalar, tanışlarının evlərində məskunlaşmış məcburi köçkünlər indi dövlət tərəfindən tikilən yeni qəsəbələrə köçürülür. İndiyə kimi 450 min nəfər yeni ev ilə təmin olunub. Hökumətin verdiyi məlumata görə, 2025-ci ilə qədər daha 250 min adam yeni evlər ilə təmin olunacaq. Hökumət onlar üçün yeni qəsəbələrdə daha müasir evləri tikir, mənzillər zəruri avadanlıqlar ilə təmin edilir”.
O həmçinin məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsindən sonra sosiallaşması yolunda yarana biləcək problemlərə toxunub. Xüsusən məcburi köçkünlərin münaqişənin qurbanı kimi münaqişə tərəfi ilə münasibətlərin qurulmasında daha çox töhfə verə biləcəyini vurğulayıb.
Tədbirdə moderatorluq edən SOAS Universitetinin professoru Skot Nyuton qeyd edib ki, artıq ikinci dəfədir bu universitetdə müəllifin sənədli filmləri təqdim olunur və bu, universitetin tələbələri və ekspertlər üçün Qafqazda baş verənləri dərindən öyrənmək üçün çox maraqlı mənbədir.
Filmin təqdimatında Azərbaycan və Ermənistan cəmiyyətinin nümayəndələri, müəllimlər, münaqişələrin həlli ilə məşğul olan ekspertlər və diplomatik nümayəndəliklər qatılıb. Filmin təqdimatında sonra Ə.Həsənov iştirakçıların Azərbaycanda məcburi köçkünlər və onların inteqrasiyası, qeydiyyatı və sosial vəziyyəti ilə bağlı suallarına cavab verib.