10 Mart 2020 15:34
1 706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 8-də Bakı şəhərində feminist qadınların təşkilatçılığı ilə keçirilən aksiya cəmiyyətdə birmənalı qarşılanmadı. Aksiya ətrafında gedən müzakirələrin genişlənməsi təsadüfi deyildi. Belə aksiyalar əvvəllər də olmuşdu, amma bu dəfə o, bir sıra məqamları ilə yadda qaldı. Xüsusən açıq-saçıq şüarların dilə gətirilməsi, plakatların qaldırılması və s.

Teleqraf.com feministlərin Bakı aksiyası haqda soğru keçirib.

Sorğunu təqdim edirik.

“Qrant dəllalları iş başındadır”

Politoloq Yeganə Hacıyeva hesab edir ki, bəzi siyasi qrupların “qadın haqları uğrunda mübarizə” adı altında siyasi aksiyalar təşkil etməsi cəmiyyət üçün ziyanlıdır:

“Qənaətimə görə, belə aksiyaların qadın haqlarına aidiyyəti yoxdur. Küçədə qışqırmaqla qadınlara hansı töhfəni vermək olar? Aydın məsələdir ki, özünü “ictimai-siyasi sima” kimi təsdiqləməyə çalışanlar, qrant dəllalları indi də bu məsələdən istifadə etməyə çalışırlar. Əxlaqsızlığın təbliği ilə qadın haqları kimi həssas bir mövzunu gözdən salmağa çalışmaq yolverilməzdir.

Hesab edirəm ki, son illərin cəmiyyətlərin parçalanmasına yönəlik hibrid üsullardan, təbliğat vasitələrindən biri də feminist təbliğatdır. Ailə institutunun dağıdılmasına yönələn bu təbliğat cəmiyyətdə radikalizmi yaymağa hesablanıb.

Digər tərəfdən, bütün dünyada qadın haqları uğrunda mübarizənin bəlli bir mexanizmi yoxdur. Amma dünyanın bütün coğrafiyalarında ayrı-ayrı cəmiyyətlərin dini, milli və mental dəyərlərinə söykənən mübarizə yolları var. Məsələn, ABŞ cəmiyyətində bu yöndə aparılan mübarizə üsulu Azərbaycan, Rusiya və ya hansısa bir ölkə üçün uyğun deyil. Bu, yerli xalqların qırımızı xəttinə qədər olan və yerli dəyərləri özündə ehtiva edən bir fəaliyyət olmalıdır.

Bu baxımdan, Bakıdakı aksiyada cəmiyyətdə hiddətə səbəb olan mənzərənin şahidi olduq. Bu, qadın haqları uğrunda aparılan fəaliyyətləri gözdən salmağa, bu yöndə çalışan insanların işlərinə mane olmağa hesablanıb.

Qadın haqları uğrunda aparılan fəaliyyətlərdə təkidlə seksual faktorların qabardılması qəbuledilməzdir. Öncəliklə qadınlara təhsil azadlığı, erkən nikahlar, qız uşaqlarının təhsildən yayındırılması məsələsi həll edilməlidir, cəmiyyətdə qadının uğur qazanmasına əngəl olan tabuları və qadının evdə mətbəxin bir atributu kimi formalaşmış bir stereotip sındırılmalıdır, bunlar üçün səy göstərmək lazımdır”.

Yeganə Hacıyeva bildirib ki, Bakıda keçirilən aksiyada səsləndirilən şüarlar, irəli sürülən tələblər qadın haqları uğrunda mübarizəyə aid deyil: “Aksiyada qız uşaqlarının təhsildən yayındırılması və erkən nikahlar kimi məsələlərə epizodik yer ayrıldı, biz burada daha çox Amerika kimi ölkələrdə formalaşmış aqressiv feminizmin təzahürünün şahidi olduq.

Hesab edirəm ki, cəmiyyətə yönəldilən bu aqressiya üzərindən siyasi dividentlər qazanmağa çalışanlar var. Bəlli simalar var ki, onlar uzun illərdir qadın haqları uğrunda feminist fəaliyyətlər həyata keçirirlər. Onlar bu “fəaliyyətləri” ilə bağlı xarici ölkələrdəki bəzi mərkəzlər qarşısında hesabat verirlər. Onlar bu yöndə üzərlərinə öhdəliklər götürüblər ki, bu da Azərbaycan cəmiyyəti üçün ziyanlıdır”.

“Azadlığın cinsi olmamalıdır”

Cebhe.info portalın redaktoru Elnarə Kərimova: “Qadın azadlığı qadının dünyaya gəlişindən başlamalıdır. Nə qədər ki, qız uşaqlarına dünyaya gəlmək azadlığı verilməyəcək, cəmiyyəti qadın azadlığına alışdırmaq da çətin olacaq. Bunda təkcə ailə yox, ailəni buna vadar edən ictimai düşüncə də günahkardır. Əvvəlcə qız uşaqlarının doğulmaq azadlığını təmin etməli, daha sonra təhsil və digər azadlığı verməliyik. Bunlar mərhələli şəkildə həyata keçirilməlidir.

Azadlığın cinsi olmamalıdır, doğulmaq, xoşbəxt böyümək, təhlükəsiz yaşamaq, təhsil almaq, seçmək, maliyyə asılılığının olmaması - bütün bunlar kişilərə və qadınlara eyni dərəcədə, heç bir ayrı-seçkilik olmadan təmin edildiyi zaman gələcəkdən daha nikbin danışa biləcəyik”.

“Bu, qadını uzağı ucuz otellərə qədər apara bilər”

Yazıçı İradə Aytel: “Tək qadınların deyil, ümumilikdə insan azadlığının tərəfindəyəm. Əlbəttə, qadın azad olmalıdır. Azad olmalıdır ki, cəmiyyətə azad düşüncəli, insanlığa yararlı övladlar bəxş edə bilsin.

Amma qadın azadlığını küçələrdə biədəb şüarlarla çıxış etməklə qazanmaq olmaz. Bu, bütün qadınlara qarşı hörmətsizlikdir. Qadın məktəbə getməli, təhsil almalı, işləməli, peşəsində irəliləməli, gələcək üçün yararlı işlər görməlidir.

Ən əsası, qadın dünyaya övlad gətirməli, övladını layiqincə böyütməlidir. “Feministəm” deyənlərin əksəriyyəti ailəsi dağılanlar, ata-anasından, ətrafından təpki görərək komplekslə böyüyənlərdir. Bax, qadın bu yaşadıqlarının təkrar yaşanmaması üçün azadlıq axtarmalıdır – elmə, təhsilə, tərbiyəyə sahib olaraq.

Bütün bunlar olandan sonra, qadın öz gücü ilə ayaqda durmağı bacarandan, düzgün övlad yetişdirəndən sonra onun azadlığını kimsə əlindən ala bilməz.

Bu tərbiyəsiz çıxışlar isə qadını uzağı ucuz otellərə qədər apara bilər. Ən əsası, o həyasızlığın içərisində balaca, məsum, mələk Nərminin də fotosunu gördüm. Bu isə təkcə Nərminin ailəsinə deyil, hamımıza söyüş idi. Məncə, bu hərəkəti edənlər məsuliyyətə cəlb olunmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər