Yuxarı tənəffüs yolları infeksiyaları, kəskin respirator xəstəliklər hava-damcı və kontakt vasitəsilə yoluxur. Bildiyiniz kimi yuxarı tənəffüs yolları infeksiyaları, kəskin respirator xəstəliklər insanların daha çox olduğu, qələbəlik olan yerlərdə sürətlə yayılır. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində bəzi sosial izolyasiya tədbirləri çox yerində olan məsələdir.
Bunu Teleqraf.com-a açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev deyib.
O bildirib ki, xüsusilə insanların bir yerə toplaşmasının maksimal dərəcədə məhdudlaşdırılması, ölkə üzrə bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin təxirə salınması, kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyətinin dayandırılması, bütün toy məclislərinin keçirilməsi qadağan edilməsi, dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsinin qadağan olunması virusun profilaktikası üçün lazımlı addımlardır:
“Bundan başqa saat 21:00-dan sonra restoran, kafe və digər məkanların bağlanması da çox yaxşı haldır. Axşamdan səhərədək işləyən yerlər – barlar var ki, orada toplu insanlar daha çox olur. Bu qadağa da virusun yayılmasının qarşısının alınmasında çox böyük rol oynayır. Düşünürəm ki, bu tədbirlər virusun yayılmasının qarşısını maksimun şəkildə alacaq”.
İnfeksionist-hepatoloq qeyd edib ki, bütün dövlət idarə və müəssisələrin dezinfeksiya olunmasının da virusun yayılmasının qarşısının alınmasında mühüm rolu olacaq.
Müsahibimiz qeyd edib ki, bundan əlavə görülən sosial izolyasiya tədbirləri milli təhlükəsizlik və həmrəylik məsələsidir:
“Burada bir məqam var. Maksimum profilaktik tədbirlər görülür, amma dövlətin təkbaşına bütün işləri görməsi mümkün deyil. Bu işdə insanlar da dövlətə yardımçı olmalı, köməklik göstərməlidir. Hər birimiz ən azı digər şəxsləri maarifləndirməli, profilaktika işlərində bilavasitə rol oynamalıyıq. Belə anlarda insanların üzərinə düşən əsas məsələlərdən biri də budur. Hər bir vətəndaş bilməlidir ki, tətbiq olunan qaydalar ilk növbədə onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır. Buna görə də hamı qaydalara anlayışlı, dözümlü yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır. Bir sözlə, sosial məsuliyyət koronavirus pandemiyası ilə mübarizədə əsas məsələlərdən biridir. Virusun yayılmasının qarşısının alınmasında insanların maarifləndirilməsinin, bilgili olmasının çox böyük rolu var”.