Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin iki illik (1920-1922) Moskva həyatı və qısa müddətli Finlandiya yaşamı bioqrafiyasında ən az tədqiq olunan dövrlərdir.
Stalinin bolşevizmə xidmətlə bağlı təkliflərini qəbul etmədiyi üçün nəticədə həyatına təhlükə yaranacağını başa düşən Rəsulzadə işğaldan sonra Bakıda yaradılan gizli Müsavat təşkilatının və tatar mücahidlərinin dəstəyi ilə Finlandiyaya mühacirət etmə planı hazırlayır. 1922-ci ilin yayında o, N.Marr, V.Bartold kimi alimlərlə çalışmaq məqsədilə Peterburqa yollanır.
Qaçış planı
Rəsulzadə Finlandiyaya mühacirəti barədə “Stalinlə ixtilal xatirələri” silsilə məqalələrində mühüm məlumatlar verib. “Moskvadan fərar” başlıqlı yazısının girişində bildirir: “Tam bu günlərdə Bakıdan yoldaşlar gəlmiş, orada təşkilatın vəziyyətinin düzəldiyini, Müsavat qeyri-leqal hərəkatının canlandığını bildirmişdilər. Təşkilat arzu edərsə, mənim xaricə çıxaraq orada milli hərəkatı təmsil edərək fəaliyyətə başlamanın faydalı olacağı qənaətində olduğunu bildirirdi”.
Gizli Müsavatın Bakıya göndərdiyi bu şəxs Dadaş Həsənzadə idi. Aydın Əlizadə D.Həsənzadə ilə bağlı məqaləsində bunları qeyd edir: “1922-ci ildə gizli Müsavatın Mərkəzi Komitəsi keçmiş Azərbaycan Milli Şurasının sədri Məhəmmədəmin Rəsulzadəni Türkiyəyə mühacirətə yollamaq qərarını qəbul edib… D.Həsənov Sovet xüsusi xidmət orqanları əməkdaşlarını şübhələndirməmək üçün 3 ay ərzində Moskvada yaşayıb, Dövlət Universitetinin tələbəsi olub, ya da orada işə düzəlib. Bu müddət ərzində də həmin planı tədricən yerinə yetirib”.
D.Həsənzadənin bu planda yer almasını həm gizli Müsavatın digər üzvü Əbdülvahab Məhəmmədzadə, həm də Cümhuriyyət tələbəsi İsmayıl Saryal yazılarında qeyd ediblər.
Rəsulzadə plana uyğun olaraq Peterburqa gəlir. Əsl məqsədini gizlətmək üçün bir alimin etməli olduğu fəaliyyətlə məşğul olur: “Leninqrad Şərq Dilləri İnstitutunun yayda boş olan sinif otaqlarından birində yerləşərək Akademiya kitabxanasına gedir və başda prof.Marr, Bartold və sairə olmaq üzrə akademiya professorları ilə görüşərək, Azərbaycan tarixi və ədəbiyyatına aid mövzular üzrə söhbətlər etməklə Leninqrada gəlişin həqiqi məqsədini pərdələyə bildim”.
Plana əsasən Rəsulzadə Finlandiyaya getməli idi. Çünki özünün də yazdığı kimi daha öncə bu yolla tatarların məşhur liderləri Sədri Məqsudi Arsal və Abdullah Battal Taymas Fin körfəzi üzərindən keçərək xilas olmuşdular.
Yenə tatar mücahidlərindən, din alimi Musa Cərullah Begiyevin təşkilatçılığı ilə Rəsulzadə bir tatar evinə yerləşdirilir. Lakin həmin günün gecəsi fin qayıqçılar gəlmirlər. Təcili yeni plan hazırlanır. Rəsulzadə yazır: “İkinci bir qayıqçı tutuldu. Bu dəfə göz önündəki bağ evində deyil, şəhər kənarındakı bir fin kəndində qalacaq, gecənin hamının yatdığı bir vaxtında kimsəyə sezdirmədən sahilə enəcək və qamışlıqda əvvəldən gizlədilmiş qayığa minərək dənizə çıxacaq və beləliklə Fin körfəzini keçərək qarşıdakı Finlandiya sahilinə çıxacağıq”.
Amma Rəsulzadə son anda bu səyahətdə tək olmayacağını başa düşür. Bir oğlan, bir qız tatar uşaq da onunla birgə qayığa mindirilir. Xatirəsində “Əvvəlcə bilsəydim, təbii, üzərimə belə bir külfəti almazdım” deyən Rəsulzadə artıq bu təhlükəli yolçuluqda uşaqları da özü ilə birgə aparmalı idi. Qaçış qoca qayıqçının xəbərdarlığı altında keçir və o, mühacirləri sağ-salamat qarşı sahilə çıxara bilir.
Rəsulzadə yazır:
“Gecə saat 12-dən sonra dənizə çıxmış, səhər saat 7 radələrində dan yeri ağararkən fin sahilinə yaxınlaşırdıq. Yandan əsən namünasib bir külək bizi təkrar rus sərhədinə apara bilər narahatlığı içindəyik. Qayığımız sahilə yanaşar-yanaşmaz silahlı fin gözətçiləri bizi tuturlar. Oradan Feriokidəki karantində on beş gün qaldıqdan sonra Helsinkiyə; Helsinkidə bir aya qədər tatar koloniyasının müsafiri olduqdan sonra Almaniyaya, oradan Parisə, Parisdən də İstanbula gəldim”.
Rəsulzadəni kimlər qarşılayıb?
Rəsulzadə “Stalinlə ixtilal xatirələri” əsərində Finlandiyaya qaçışa qədərki dönəmi yazdığına görə Helsinkidəki həyatı barədə məlumat verməyib. Bu barədə məlumatı ondan daha öncə Finlandiyaya gedən tatar mücahidi Abdullah Battal Taymasın xatirələrindən öyrənirik. A.B.Taymas “Qızıl dünya. Mən bir işıq axtarırdım” adlı kitabının Rəsulzadə ilə bağlı hissəsində yazır: “1921-ci ilin payızında mən gizlicə Finlandiyaya keçdim. Ertəsi ilin yayında, avqustun əvvəlində Peterburq imamı Lütfi əfəndi ilə birlikdə Finlandiyanın qərbində Botnie körfəzi sahilində bir sanatoriya, müalicə yeri olan Nantali qəsəbəsində olduğumuz əsnada Helsinkidəki kazanlı tacirlərdən Ömər Əbdürrəhim Rəsulzadənin Petroqraddan qaçaraq Finlandiyaya gəldiyini və indi Killomekidəki karantində olduğunu telefonla bizə bildirmişdi.
Bu telefon danışığından bir müddət sonra biz də Finlandiya paytaxtına döndüyümüz vaxt Rəsulzadə də oraya gəlmişdi. O, Finlandiyanın paytaxtında bir müddət qaldı, Parisdəki mühacir siyasi dostları ilə xəbərləşdikdən və oradakı bir Azərbaycan Milli Komitəsindən pasport aldıqdan sonra 16 sentyabr 1922-ci ildə dəniz yolu ilə Almaniyaya getdi”.
Taymas Rəsulzadə ilə daha öncə Moskvada görüşmüşdü. 1925-ci ildə Finlandiyadan sonra bu dəfə İstanbulda bir araya gəldilər.
Taymasın xatirələrindən Rəsulzadənin söhbət zamanı yüksək səslə danışdığını da öyrənirik: “Xoşsöhbətti, amma bir az gərəyindən çox yüksək səslə danışırdı. Yoxsa daha aşağı pərdədən danışmağa alışmış olan mən şimallıyamı elə gəlirdi? Yadımda qaldığı qədər, Rəsulzadənin Helsinki tramvayında çəkinmədən yüksək səslə danışması ümumi yerlərdə adətən fısıltı ilə danışan finlərin də çox diqqətini çəkmişdi”.
Pasport məsələsi
A.B.Taymasın qeyd etdiyi pasport məsələsi Rəsulzadənin məktublarında əksini tapıb. Rəsulzadənin Kellomyakidə karantində qaldığı zaman Parisə Əlimərdan bəy Topçubaşıya göndərdiyi məktubdan onun Finlandiyaya nə zaman gəldiyini öyrənirik: “Finlandiyadan, karantindən yazıram. Sizin ünvanınızı bilmədiyimdən Helsinqforsdakı dostlar tərəfindən xəbər aldığım Fuad Tuktarov vasitəsi ilə məktubu sizə göndərirəm. Avqustun 11-də qayıq ilə Petroqraddan buraya gəldim. Beş saat su üzərində qaldıq. İndi Kellomyaki karantinindəyəm. Ayın 24-də karantin müddəti bitir. İcazə kağızları hazır olduqdan sonra İstanbula gedəcəyəm… İki sənəlik bir girdardan sonra Rusiya hüdudları xaricindəyəm. Hələlik karantində azadlıq havasını tam hiss edə bilməsəm də, tezliklə birgə mübarizə üçün dostlara qovuşacağıma ümid edirəm”.
Bu məktubdan onun Finlandiyaya gəlmək üçün xərclədiyi pulun miqdarını da öyrənirik: “Mənim Moskvadan buraya səfərim bir milyard rus-sovet rubluna başa gəldi”.
Ardınca Battalın qeyd etdiyi pasport məsələsi ilə bağlı hadisəyə aydınlıq gətirmiş olur: “Təbii ki, mən buraya pasportsuz və gizli gəldim. Pasport almaq üçün vətəndaşlıq məsələsi ortaya çıxdı. Buradakı Rus komitəsi məni mütləq şəkildə rus təbəəsi kimi qeydə almaq istəyir. Mən isə onlara bununla razılaşmadığımı bildirdim. Bizimkilər hansı pasportla yaşayırlar? Bu məsələdə sizin məsləhətinizə ehtiyacım var. Mən Azərbaycan vətəndaşı kimi qeydə alınmağımda israr etdim. Görək, Helsinqforsda nə etmək mümkün olacaq… Rus komitəsi sədrinin bildirdiyinə görə, İstanbula getmək üçün ingilis vizası tələb olunur. Helsinqforsdakı İngiltərə konsulluğu isə yalnız rus pasportum olduğu halda mənə viza verə bilər”.
Azərbaycan Cümhuriyyətinin qurucusu rus təbəəsi kimi səyahət etməməkdə haqlıydı…
29 avqust 1922-ci ildə Əlimərdan bəyə yazdığı növbəti məktubunda Finlandiyadakı həyatından və pasport məsələsindən daha geniş bəhs edir:
“Avqustun 25-də karantini tərk etdim və “Ziviki” adlanan stansiyaya gəldim. Orada bir günlik Nijnidəki qurultaylardan sizi çox yaxşı tanıyan Camaləddin babanın qonağı oldum. Zati-alinizə salam və ehtiramları vardır. 27-də Helsinqforsa gəldim. Mən gəldiyim gün Sədri Maqsudov əfəndi Berlinə yola düşmüşdü. Onunla görüşə bilməsək də, yazışdıq. Buranın müsəlmanları məni mehribanlıqla qarşıladılar. Tanıdıqlarımdam Abdulla Battal ilə imam Lütfi İshaqov həzrətləri buradadırlar. Helsinqfors imamı Həkim əfəndi mənə lazım olan sənədləri və icazəni əldə etmək üçün çox böyük köməklik etdi. Finlandiya Xarici işlər nazirliyindən burada iki ay qalmağıma icazə verən razılıq sənədini aldı. Lakin Helsinqforsda yaşamaq üçün əlavə olaraq qubernatorun da icazəsi tələb olunur ki, bu da məndə yoxdur. Mənim yalnız şəhərə daxil olmaq icazəsi verən müvəqqəti sənədim vardır. İndi dostlar qubernatordan Helsinqforsda yaşamağıma icazə verən sənədin alınması üçün çalışırlar. Sədri əfəndidən öyrəndim ki, xaricdə yaşayan azərbaycanlılara bizim Parisdə yerləşən nüməyəndəlik tərəfindən rəsmi pasport verilir. Sizdən çox xahiş edərdim ki, mümkün qədər tez belə bir pasportu mənə göndərəsiniz. Onunla Avropa ölkələrinə getmək üçün tələb olunan vizanı daha rahatlıqla ala bilərəm...
Moskvadan Petroqrada, oradan isə Helsinqforsa səfərim təqribən səkkiz min fin markası və bir milyard sovet puluna başa gəldi. Paltarlarımın bir hissəsi Petroqradda qaldı. Özümlə heç nə götürə bilmədim. Əşyalarımı sonradan göndərəcəklərinə söz veriblər”.
Rəsulzadə növbəti məktubu 7 sentyabr 1922-ci ildə Helsinkidən Parisdəki nümayəndə heyətinin üzvü Ceyhun bəy Hacıbəyliyə göndərib. Məktubdan anlaşılır ki, o, hələ də viza ala bilməyib: “Salam və ehtiramımı yetirdikdən sonra Sizdən məktublar gözləməkdə olduğumu bildirirəm. Bəlkə burada bir az daha qalası oldum. Çünki viza hələ alınmadı”.
Battalın qeydlərində isə Rəsulzadənin 16 sentyabrda artıq Finlandiyadan yola düşdüyünü öyrənirik. Demək ki, lazımi pasportu əldə etdikdən sonra səyahətə çıxıb.
Rəsulzadənin Finlandiya həyatından bizə məlum olan hələ ki bir fotoşəkil var. Fotoşəkil yuxarıda adını çəkdiyimiz xatirələrin müəllifi Abdullah Battal Taymas və onun dostu Lütfi İshaqi və Mustafa Salah adlı bir tacirlə çəkilib. Şəklin sağ küncündə Finlandiyanın Hüvinkəə şəhərinin adı qeyd edilib.
Lütfi İshaki mütərəqqi din xadimi idi. A.B.Taymasla birgə iki il Finlandiyada qalıb, daha sonra İstanbula dönüb, 1925-ci ildə orada vəfat edib. Taymas isə 1921-1925-ci illərdə Finlandiyada bir tatar məktəbində müəllimlik edib, o da 1925-ci ildə İstanbula qayıdıb. Finlandiyada ikən Rəsulzadənin İstanbulda çap etdiyi “Yeni Kafkasya” jurnalına “Kazanlı” imzasıyla yazılar göndərib. Onların dostluğu Türkiyədə də davam edib. Battal bir konfransdakı çıxışında deyir: “1925-ci ilin sonlarına doğru İstanbula gəldim. Çantamda “Kazan türkləri” adlı əsərimin əlyazmasını gətirmişdim. Bu əsərin nəşrində Məhəmmədəmin bəyin xeyli mənəvi yardımı toxundu. Əsər çıxdıqdan sonra “Xalq” qəzetində ona dair uzun bir yazı qələmə aldı”.
1953-cü ildə Rəsulzadənin və digərlərinin ədəbi fəaliyyətinin 50-ci ildönümü tədbirində Battal Rəsulzadə ilə yanaşı əyləşib. Battal 70 yaşı münasibətilə Rəsulzadəyə təbrik məktubu göndərib, 18 aprel 1955-ci ildə Ankara Türk Ocağında Rəsulzadə ilə bağlı mühazirə oxuyub. Taymas 1969-cu ildə İstanbulda vəfat edib.
Şəkildəki digər şəxs haqqında isə əlavə məlumatmız yoxdur.
Qaynaq:
1. Aydın Balayev. “Məmməd Əmin Rəsulzadə (1884-1955)”, Bakı, 2012.
2. Abdullah Battal Taymas. “Qızıl dünya. Mən bir işıq axtarırdım”, İstanbul, 1962.
3. Məmməd Əmin Rəsulzadə. “Məktublar. Şəfibəyçilik”, Bakı, 2017. Tərtib edən: Aydın Balayev.
4. M.Rəsulzadə. “Stalinlə ixtilal xatirələri”. “Dünya” qəzeti, 1954-cü il.
5. “Azərbaycan” jurnalı, 1955, 37-ci say.
6. Aydın Əlizadə. “Dadaş Həsənzadə. Müstəqilliyin bərpası uğrunda mübarizə”. “Çapar” dərgisi, 10-cu say.