Koronavirusun coğrafi ərazisinin genişlənməsi insanları təşvişə salır. Hazırda ölkəmizdə 23 nəfər koronavirus daşıyıcısı xüsusi karantin xəstəxanalarında müalicə alır. Ümumi 7 nəfər sağalaraq evə buraxılıb.
Ölkəmizdə koronavirusla olan son vəziyyətə bağlı infeksionist, parazitoloq Vüqar Cavazadə Teleqraf.com-un suallarını cavablandırıb:
- Hazırda ölkəmizdə koronavirusla bağlı görülən tədbirləri necə qiymətləndirirsiniz? Qaydaları sərtləşdirməyə ehtiyac varmı?
- Azərbaycanda epidemiya ilə bağlı bütün tədbirlər yüksək səviyyədə aparılır. Dünyada koronavirusa qarşı hazırlanan bütün qaydalar ölkəmizdə tətbiq olunur, Ümumdunya Səhiyyə Təşkilatının bütün tövsiyələri icra olunur.
Bilirsiniz ki, xarici səfərlər ləğv edilib. Bu gecədən etibarən isə Bakıya giriş-çıxış məhdudlaşdırılacaq. Lakin virus daha çox ictimai nəqliyyatda yayılır. Bu gün saysız metro istifadəçisi var. Fikrimcə, ictimai nəqliyyatın hərəkətində də müəyyən məhdudlaşdırılmalar həyata keçirilməlidir.
- AMEA məlumat yayıb ki, bəzi xəstələrdə virus əlamətləri özünü büruzə vermir. İnsanlar virus daşıyıcısı oluqdlarını necə müəyyənləşdirə bilərlər?
- Əgər xəstədə ümumi zəiflik, halsızlıq, qripə bənzər əlamətlər müşahidə edilirsə, xəstə müayinə olunub, analizlər verməlidir. İnsanda heç bir əlamət yoxdursa, virus daşıyıcısı ilə təmasda olmayıbsa, onu karantinə almaq, yaxud müayinə etməyə ehtiyac yoxdur.
- Ölkəmizdə 7 nəfər sözügedən virusdan müalicə alaraq sağalıb. İnsanlar arasında sual yaranır ki, koronavirusdan sağalan şəxslər yenidən yoluxa bilərmi?
- Kovid-19 yeni tip koronavirusdur. Güman olunur ki, yarasalardan insana keçib. Hələ ki təcrübələrdə bir insanın ikinci dəfə virusa yoluxması müşahidə olunmayıb. Buna görə də, dəqiq məlumat vermək çətindir. Lakin qeyd etməliyəm ki, hər virusda olduğu kimi, Kovid-19-da da sağaldıqdan sonra orqanizmdə virusa qarşı immunitet formalaşır.
- Vüqar doktor, maraqlıdır, virusa qarşı dərman yoxdur. Bəs insanlar necə sağalır?
- İmmunitet sistemi güclü olan insanların sağalması mümkündür. İnsan qripdən necə sağalırsa, burada da orqanizm virusla mübarizə aparır. Nəzərə alaq ki, mövsümi qriplərdə də insanların böyük bir qismi sağalır.
Bu, birbaşa immunitet sisteminə bağlıdır. Yaşlı insanlar, xroniki xəstəlilərdən, o cümlədən şəkərli diabetdən əziyyət çəkənlərdə sağalma prosesi çox çətin gedir və demək olar ki, bu xəstələrin böyük bir hissəsi həyatını itirir.
- Qripdən söz açdınız. Xəstəliyin qriplə oxşar və fərqli cəhətləri nələrdir?
- Hər ikisi resperator infeksiyalardır və hava-damcı yolu ilə keçir. Lakin fərqlər də var. Hər asqıran, öskürən, burun ifrazatı olan xəstələrə qrip və ya koronavirus diaqnozu qoymaq olmaz. Əvvəlcə müayinə ilə virusu müəyyən etmək lazımdır. Bu xəstələrə tibbdə diaqnoz qoyulduqda ümumi-klinik diaqnoz, kəskin-resperator infeksiyaları yazılır.
Xəstənin koronavirus daşıyıcısı olduğunu müəyyən etmək üçün mütləq PSR müayinəsi lazımdır. Bu müayinədə polemerlərlə zəncirvari reaksiya aparılır, virus aşkar edildikdən sonra dəqiq diaqnoz qoyulur.
- Maskalardan istifadə ilə bağlı mübahisəli məqamlar var. Maska həqiqətən virusdan qoruyurmu?
- Viruslar əksər hallarda yuxarı tənəffüs yolları vasitəsilə orqanizmə keçir. Maskadan istifadə olunmalıdır. Amma cərrahi maskalardan yox, onların qoruyuculuğu bir o qədər yüksək deyil.
Xüsusi N95 markalı maskalar var ki, onlardan istifadə olunmalıdır. Bu maskarlarda havadakı zərrəciklərin ən azı 95 faizi filtr olunur.
Bir məqamı da diqqətə çatdırmalıyam ki, bu viruslar göz yuvasına düşərək, eyni zamanda həzm sistemi vasitəsilə də orqanizmə daxil ola bilirlər.
- Əhaliyə tövsiyəniz nədir? İnsanlar təşvişə düşmədən məsələyə necə ciddi yanaşsınlar, təhlükənin real olduğunu başa düşsünlər?
- Panikaya düşməyə ehtiyac yoxdur. Kəskin resperator infeksiyalara bənzər xəstəliklər daima olub. Ötən əsrin əvvəllərində qrip səbəbilə milyonlarla insan həyatını itirmişdi. Koronavirusda ölüm faizi elə də yüksək deyil.
Sadəcə olaraq, gigiyenik qaydalara riayət etmək lazımdır. Virus daşıyıcıları ilə ünsiyyətdən uzaq olunmalıdır.
Maskalardan istifadə edin. Kütlənin çox olduğu yerlərdə virusa yoluxma riski artır. Əhalinin kütləvi toplaşdığı yerlərdən uzaq olun. Qidalanmaya diqqət etmək lazımdır. Tərkibində zülal, C vitamini olan qidalar, meyvə-tərəvəzə yer ayırmaq lazımdır. Normal yuxu rejimi olmalıdır. Bunlar ümumi tədbirlərdir. Xüsusi nəsə etməyə ehtiyac yoxdur.