Azərbaycan həkimləri, tibb bacıları, karantini təşkil edən mütəxəssislər koronavirusla mübarizədə ön cəbhədədirlər. Onlar bu epidemiyanın qarşısını almaq üçün fədakarlıq göstərir, öz həyatlatrını riskə atırlar. Hesab edirəm ki, onlar çox böyük hörmətə layiqdirlər.
Bu fikirləri Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib.
Deputat xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev də Novruz Bayramı münasibəti ilə xalqa təbrik nitqində həkimlərin fədakarlığını xüsusi vurğulayıb.
Asim Mollazadə əlavə edib ki, koronavirus təhlükəsinə ciddi yanaşmaq vacibdir: “Dövlətin bu istiqamətdə atdığı addımları doğru addımlar hesab edirəm. Karantin, izolyasiya epidemiyalar zamanı çox zəruri addımdır. Hansı ölkə bu istiqamətdə zamanında addımlar atmırsa, onlar bunun fəsadlarını artıq gördülər və ağır vəziyyətə düşdülər. Azərbaycanda bu istiqamətdə zamanında addımlar atıldı. Bununla yanaşı, mən müsbət hal kimi prezidentin xüsusi tapşırığı ilə ölkəmizə süni nəfəs avadanlıqlarının gətirilməsini qeyd edərdim. Eləcə də Heydər Əliyev Fondu tərəfindən zəruri tibbi ləvazimatların Azərbaycana çatdırılmasını vacib addım sayır və müsbət qarşılayıram. Biz koronavirusun bir sıra fəsadları ilə rastlaşa bilərik. Mən istisna etmirəm və prezident haqlıdır ki, vəziyyətdən asılı olaraq ölkədə fövqəladə vəziyyət elan oluna bilər. İndi hamı məsuliyyətlə olmalı, siyasi dünyagörüşündən və fikirlərindən asılı olmayaraq, dövlətin ətrafında birləşməlidir. Biz hamımız çalışmalıyıq ki, xalqımız bu sınaqdan uğurla çıxsın”.
Deputatın fikrincə, dünyanın hər yerində epidemiya tüğyan edir və bu bəlanın qarşısını almaqda həkimlərin fəaliyyəti xüsusi qeyd edilməlidir:
“Mən həkimlərin fəaliyyətini yüksək qiymətləndirirəm. Bizim ölkəmizdə koronavirusla mübarizə aparan həkimlərin maaşlarının artırılması çox yerində verilən qərar oldu. Bu, dövlətin atdığı addımdır və onların sosial müdafiəsini gücləndirməyə xidmət edir. Yəni fədakar tibb personalının fəaliyyəti dövlət tərəfindən qiymətləndirilir. Həkimlər və karantini təşkil edən məmurlar səngərdədirlər. Biz bu fədakarlığı unutmuruq”.