Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, belə tədbirlərin ən mühüm hissəsi vətəndaşların ünsiyyətini minimuma qədər azaltmaqdır.
İndiyə qədər mərhələli şəkildə görülmüş tədbirlər ünsiyyətin xeyli azalmasına səbəb olub.
Bununla belə, işləyən vətəndaşların “özünütəcrid”i qeyri-mümkün olur və infeksiyanın yayılması təhlükəsini artırır.
Bu səbəbdən, infeksiyanın yayılmasının qarşısının qısa müddətdə və tam şəkildə alınması məqsədilə vətəndaşların “özünütəcrid” üçün daha əlverişli şərtlərlə təmin edilməsinə ehtityac var.
Vətəndaşların özünü daha ciddi qorumasına şərait yaratmaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi haqda qərar qəbul olunub.
Qərar müvəqqəti xarakterlidir, dövlətin vətəndaşların təhlükəsizliyini daha səmərəli təmin etməsi məqsədilə qəbul olunub və növbədənkənar məzuniyyətə göndərilən vətəndaşların əməkhaqları tam şəkildə ödəniləcək.
Bu qərar minlərlə vətəndaşın özünü infeksiya təhlükəsindən daha yaxşı qorumasına səbəb olacaq.