Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bank dünyada tüğyan edən "COVİD-19" pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.
Bankdan Teleqraf.com-a verilən məlumata görə, fəaliyyətində ali dəyərləri və korporativ sosial məsuliyyəti rəhbər tutan bir qurum olaraq PAŞA Bank Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 000 manat ianə edib.
Bank, mövcud şəraitdə ölkənin iqtisadi zərərlə üzləşə biləcək biznes mühitinə öz töhfəsini verir.
Hazırki vəziyyətlə bağlı Bankın atdığı addımlar bununla bitmir. Belə ki, bəzi müştərilərinin üzləşdiyi müvəqqəti çətinlikləri nəzərə alan PAŞA Bank Çin Xalq Respublikası ilə ticarət əlaqələri olan KOS-lara bu istiqamətdə həyata keçirdikləri pul köçürmələrinə tətbiq olunan komissiyanı 0.2%-dək endirib.
Həmçinin PAŞA Bank müştərilərinin bizneslərinin inkişafının davamlılığını təmin etmək məqsədilə geniş çeşiddə onlayn məhsullar və xidmətlər təklif edir. Bankın müştəriləri kredit ödənişləri də daxil olmaqla bütün ödənişləri onlayn şəkildə həyata keçirə bilir. Eləcə də, müştərilərə onlayn şəkildə Bankın əməkhaqqı layihəsinə qoşulmaq, POS Terminal və ya Smart Kassa sifariş etmək imkanı da verilir. Bu məhsulların istənilən məkana çatdırılması Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun şəkildə həyata keçirilir.