Teleqraf.com-un suallarını jurnalist Elçin Alıoğlu cavablandırıb. Onunla müsahibəni təqdim edirik:
– Elçin bəy, koronavirus pandemiyası demək olar ki, bütün dünyanı bürüyüb. Bəzən belə fikirlər səslənir ki, bu virus məqsədli şəkildə yayılıb. Sizin bu fikirlərə münasibətiniz necədir?
– Ümumiyyətlə, insan nəsə yazmazdan əvəl gərək bu barədə ciddi-ciddi düşünsün. Mən də bu barədə çox düşünmüşəm. Təkcə ABŞ-da deyil, bütün dünyada nüfuzlu olan “Nature” adlı jurnal var. Həmin jurnalda 2015-ci il noyabrın 12-də ABŞ-dakı bir laboratoriyada aparılmış elmi-tədqiqat işi haqqında məlumat verildi. O məqalənin ilkin versiyası çox böyük idi. Orada yazılmışdı ki, həmin laboratoriyada zülal proteinləri ilə yarasalarda olan xüsusi koronavirusun birləşdirilməsi ilə bağlı tədqiqat aparılıb. Mən orda yazılanları bir daha təkrarlamaq və komplo nəzəriyyələrə getmək istəməzdim. Bəli, kütlənin müəyyən qismində belə bir fikir var ki, guya koronavirus ABŞ-da hazırlanıb və bilərəkdən yayılıb. Xeyr. Bilərəkdən heç bir virusu kimsə yaymır. Sözsüz ki, dünyanın bəzi ölkələrində bioloji və kimyəvi silahların hazırlanması ilə bağlı tədqiqatlar aparılır. Bioloji silahlar Rusiyada, Britaniyada, Amerikada da var. Lakin bilərəkdən kiməsə qarşı istifadə olunmaq ehtimalı sıfıra bərabərdir. Bu öz yerində.
Ümumiyyətlə, koronavirus elə bir respirator virusdur ki, bu dəqiqə kütlədə onunla bağlı stress var. Psixoloqlar bilirlər ki, hər bir insanın davranış modelində stress fiksasiyası deyilən bir anlayış var. İnsan özünü nəyəsə hazırlayır. Məlumatı olmayan adamlar da təşvişə düşürlər, narahat olurlar.
Lakin mən cidddi təşviş və narahatlıq üçün heç bir səbəb görmürəm. Sadəcə olaraq, sayıq və diqqətli olmaq, bir qədər ciddi davranmaq lazımdır. Çünki heç bir antiseptik vasitə, heç bir dezinfektant, heç bir maddə və heç bir məsləhət əgər insan özü istəmirsə, ona yardım edə bilməz. Bioloqlar bilirlər ki, istənilən virusun fəallaşması dövrü – inaktivasiya dövrü var. Həmin bu dövrü bilmək lazımdır və bu dövrdə mümkün qədər ciddi davranmaq lazımdır.
Virusdan qorunmağın əsas məsələsi əllərin ciddi yuyulmasıdır, sosial təcriddir. Ona görə də mən düşünmürəm ki, ciddi təlaşa səbəb var. Bioloji silahdan istifadə olunması versiyası sıfıra bərabərdir. Həmçinin, mən bu virusun “Çin virusu” adlandırılmasının qəti əleyhinəyəm. Çünki bu virusdan ən böyük ziyan çəkən 3 ölkə var ki, birinci yerdə Çin, ikinci yerdə İtaliya, üçüncü yerdə ABŞ-dır. Ona görə də sadəcə və sadəcə, diqqətli və sayıq davranmaq lazımdır. Bununla bağlı sosial şəbəkədə yazmaqda məqsədim o idi ki, insanlar mümkün qədər diqqətli olsunlar. Yəni buna lağlağı, zarafatla, etinasız yanaşma dövrü deyil.
– Nədənsə koronavirusun İrana təsirləri barədə danışmadınız, halbuki virusdan ən çox təsirlənən ölkələrdən birinin cənub qonşumuz olduğu bildirilir...
– İranın adını ona görə çəkmədim ki, İran haqqında məlumat çox azdır. İranın açıqladığı rəsmi məlumatlar var. Bir də real vəziyyət mövcuddur. Bilirsiniz, indi sosial şəbəkələrdə feyk, yalan məlumatlar həddən artıq çoxdur. Onları yoxlamaq da bir az çətindir. Məsələn, Azərbaycan koronavirusla bağlı məlumatları tam şəffaf edib. İstənilən adam karantindən də məlumt ala bilər, digər mənbələrdən də normal məlumat əldə etmək imkanları var. İtaliyada da belədir. Yəni İtaliyada vəziyyətin əslində necə olduğuna dair məlumatlar aşkarlıq olduğu üçün dərhal çatdırılır. Ona görə də İtaliya ilə bağlı belə bir fəlakət mənzərəsi yarana bilər, lakin belə deyil. Statistik yanlışlıq əmsalı deyilən bir şey var. Hər şey statistik yanlışlıq əmsalı daxilindıdir. Yəni fəlakət səviyyəsində deyil.
Hər il adi qripdən ölənlərin sayı koronavirusdan ölənlərin sayından 1640 dəfə çoxdur. Adicə quduzluqdan ölənələrin statistikasına baxsaq, həmin İtaliyada, İranda, ABŞ-da quduzluqdan ölənlərin sayı koronavirusdan ölənlərin sayından səhv etmirəmsə, 65-82 dəfə çoxdur. Buna görə də İran, Şimali Koreya kimi ölkələrdə statistikaların nə qədər dürüst olduğuna mən şühbə də etmirəm, amma tam inandığımı da deyə bilmərəm. Çünki şəffaflıq əmsalı bir qədər aşağıdır.
– Hazırda bütün dünya virusun vaksininin tapılmasının intizarındadır. Siz bu barədə nə düşünürsünüz? Sizcə, yaxın dövrdə virusun vaksini tapılacamı?
– Yaxın dövrdə mütləq tapılacaq. Bilirsiniz, istənilən koronavirusun vaksininin, yəni peyvəndinin hazırlanması ciddi məsələdir və o qədər də asan iş deyil. İndi niyəsini deyim. Hal-hazırda COVİD-19 koronavirusunun müalicəsi ilə bağlı əsasən, malyariya və digər xəstəliklərin müalicəsində istifadə olunan preparatlardan yararlanılır. O cümlədən ibuprofen adlı preparatın adı çəkilir. Amma bu da düz deyil.
Ümumiyyətlə, vaksinin yaradılması həddən artıq çətin prosesdir. Vaksin bioloji laboratoriyada hazırlanır. İmmun sınaqlarından keçirilir, sonra fizioloji və anatomik sınaqlardan keçirilir. Yəni təxminən 6-7 aylıq sınaqlar lazımdır. Bu sınaqlar artıq başlayıb. Eksperimental olaraq Amerikada 4 könüllüyə artıq bu, vurulub. Çinin də bir bioloji tədqiqatlarla məşğul olan şirkəti artıq “AD-5Cov-No” adlı kliniki preparatın sınaqlarına başlayıb. Britaniyada və digər ölkələrdə test prosedurları aparılır. Yəni bu vaksinin aparılması ilə İsrail də məşğul olur. Azərbaycanda da bu iş gedir. Əsas məsələ testlərin nə qədər dürüst olmasıdır. Məsələn, Azərbaycanda aparılan testlər anti-telp simptomlarına əsaslandığı üçün yüzdə yüz dəqiqdir. Düşünürəm ki, maksimum 4-5 aya bu vaksin hazırlanacaq. Vaksin, ümumiyyətlə, farmokoloji sınaqlar aparılmadan heç bir halda tətbiq edilə bilməz. Bu vəziyyətin yaranmasının əsas səbəbi də sınaq məsələsidir.
– Dünyada koronavirusla bağlı hazırda hökm sürən belə deyək, kütləvi psixoz vəziyyəti virusun təhlükəlilik dərəcəsinə nə dərəcədə adekvatdır? Ümumiyyətlə, adekvatdırmı?
– Yox, qətiyyən yox. Ümumiyyətlə, kütləvi şüur deyilən bir məsələ var. Psixoloqlar mənim nə demək istədiyimi bilirlər. İnsanlar həmişə qorxmağa meyilli olurlar. Kütlənin davranışında bəzən çox absurd təmayüllər müşahidə olunur. Məsələn, Birləşmiş Ştatlarda zombi-apokalipsis haqqında o qədər filmlər, seriallar çəkilib ki, hazırda Amerikada ən çox alınan iki nəsnə var. Bunlardan biri tualet kağızı, digəri silahdır. Hollandiyada hamı gedib narkotik preparatlar alır. Yəni, kütləvi psixoz olanda artıq məntiq itir. Sivilizasiyanın nazik təbəqəsi gedir və insan eynilə mağara adamı kimi davranmağa başlayır. Kütləvi psixoz heç bir halda koronavirusun real təhlükəsinə uyğun deyil.
Bir məqamı da deyim. İstənilən yoluxucu xəstəliklərdə ən yüngül simptomlar başladıqda belə onun durumunu ağırlaşdıran əsas məsələ insanın psixoloji durumudur. Yəni siz nə qədər ruhdan düşmüsünüzsə, nə qədər bədbinsinizsə, immun sisteminiz o qədər zəifləyir. Siz bilərəkdən immun sisteminin qapılarını virusa açırsınız. Amma insan nikbin olduqda, təbii ki, müəyyən qaydalara riayət etdikdə, ruhdan düşmədikdə insanın içində olan tibbdə plasipo effekti adlanan effekt nəticəsində bir çox xəstəliklərə yoluxmamaq, yaxud yoluxdudan sonra qalib gəlmək mümkündür. Hətta bəzən ağır xəstələri aldatmaq üçün onlara adi dərmanlar verilir, onlara deyilir ki, güclü dərmandır, o insan sağalır. Pirlərin, ocaqların, dinlərin, inancların kökündə dayanan da həmin o plasipo effektidir. Bizə də plasipo effekti olmalıdır, "biz bunu yenəcəyik". Buna qətiyyən şübhəm yoxdur.
Azərbaycan dövləti gərəyindən artığını edir. Bir məsələni də deyim ki, Ümumdünya Səhiyyə Təşkilatı ilə yanaşı dünyanın bir çox nüfuzlu təşkilatları Azərbaycanın gördüyü işləri çox yüksək dəyərləndiriblər. Məsələn, elə bu gün mən Avstraliya mediasına baxıram. Avstraliya mediası Azərbaycanı öz ölkəsinə nümunə göstərir. Bundan başqa MDB ölkələri arasında koronavirusa qarşı ən effektiv addımları hamıdan tez atan ölkə Azərbaycan oldu. Yəni, biz bunu da nəzərə almalıyıq. Ona görə də təlaşlanmağa, qorxmağa gərək yoxdur. Sadəcə ayıq, diqqətli olmalı və ən əsası dövlət qurumlarının tövsiyə və göstərişlərinə qeyd-şərtsiz əməl etməliyik. Bax, bu bəla ilə bizim mübarizə yolumuz budur.