25 Mart 2020 17:32
1 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli burada:

https://teleqraf.com/news/toplum/241906.html

III Yazı

... İsmayılov 1953-cü ildə birdən-birə Drezden şəhərində peyda olur. İtaliyalı arvadı və uşaqları da yanında. Senta Reutsch adlı bir sarışın qadın da ona xidmət edir. Zahiri görkəminə baxıldığı zaman bu qadının Sovet casusu olduğu nəzərə çarpırdı. Bu münasibət eşqə çevrilməkdə gecikmir. Saksoniyalı qumral gözəl işinin peşəkarı idi. Onun yardımı sayəsində İsmayılov Qərbə qaçmağa nail olur. Yəni Qərbə göndərilir. Arvadını və uşaqlarını Channitz şəhərində bir oteldə qoyur.

Almaniya Federal Respublikasına qaçan xaricilər əvvəlcə “Valka” düşərgəsinə yerləşdirilirlər. İsmayılov da bu düşərgədə bir neçə həftə qalır və nəhayət, Münhenə getməsinə icazə alır. Amerikan mövqelərində əhəmiyyətsiz bir iş tapmaqda da gecikmir.

Lakin qısa bir müddət sonra amerikalılar İsmayılovla maraqlanmağa başlayırlar. Onun hərəkətlərini gözdən qoymurlar. Bunun bir səbəbi 15 avqust 1953-cü ildə Münhenə gəlib Mikayıl İsmayılovun qaldığın yerin yaxınlığına yerləşən Senta da ola bilər. Qadının vəzifəsi İsmayılova öhdəliyini xatırlatmaqdı. Sovet gizli təşkilatı tərəfindən Qərbə “qaçması” izninin verilməsi müqabilində görəcəyi işi unutmaması üçündü.

İsmayılov düşərgədə onunla bağlı görülən işlərin tamamlanmasını gözləyərkən Senta ilə məktublaşmağa başlamışdı. Məktublar xüsusi bir vasitə ilə gətirilirdi. Saksoniyalı Senta məktublarını rusca yazırdı. Lakin bu eşq məktubları çox qəribə xüsusiyyətə malikdi. Hamısı da nömrələnmişdi.

Sentanın 1 sentyabrda oradan ayrılmasından sonra da məktublaşmalar 1953-cü ilin noyabrına – İsmayılovun tutulmasınadək fasiləsiz davam edib. İsmayılov casusluqda ittiham edilərək 1 noyabrda həbs edilib, amma Neudeck həbsxanasında iki ay saxlanıldıqdan sonra sərbəst buraxılıb. Əleyhində bir dəlil tapılmayıb. Sadəcə barmaq izi götürülməklə yetinilib.

Bu şəkildə azad edilən İsmayılov bir müddət bığ saxladıqdan sonra bundan vaz keçib, bığlarını yenə kəsib. Sonra yenidən Steingardner küçəsinə köçüb, bir alman qadınla münasibət qurub, amma bu çox çəkməyib.

Sovet casusları heç cür İsmayılovu təqibi buraxmayıblar, hər hərəkətini diqqətlə izləyiblər. Senta bir daha ortaya çıxmayıb, amma buna müqabil 30-40 yaşlarında ortaboy, şişman üzlü və qara qaşlı yeni bir kişi casus onunla müntəzəm görüşüb. Yaxşı geyinmiş bu ziyalı görünüşlü adam yarımçıq almanca da bilib. İsmayılov bu adamla görüşlərdən sonra daim çox həyəcanlı və çox bitkin hal alıb. Son zamanlarda, demək olar ki, hər gün görüşüblər. Amma görüşlər həmişə başqa yerdə olub. İsmayılovun evində deyil.

İsmayılov əsasən pis adam olmayıb. Hər kəsə kömək etməkdən zövq alıb, yoldaşlarına son qəpiyinədək yardım edib. Onun insani tərəflərini və məziyyətlərini bütün dostları öyüblər. Lakin əsəbi halı günü-gündən artıb. Bu halı onun yoldaşlarının gözündən qaçmayıb. Onlar da bu qədər çox çalışmamasını, bütün gün işlədikdən sonra gecələr dincəlməsini tövsiyə ediblər.

İsmayılovu son zamanlar müdhiş bir qorxu sarıb. Birgə çalışdığı yoldaşlarına artıq siyasət ilə məşğul olmaq istəmədiyini tez-tez təkrarlamağa başlayıb. 1953-cü ildə verdiyi sözdən vaz keçmək istəyib. İsmayılov 13 noyabr 1953-cü il şənbə günü bir neçə gün qalmaq üçün Nürnberqə gedib. Bu səyahətin zahiri səbəbi şef ilə birgə alış-veriş etmək arzusu olub.


Halbuki bunun doğru olmadığı sonradan anlaşılıb. Ayın 20-də Münhenə dönən İsmayılov birbaşa Alp meydanı 6 nömrəyə gedib və xanım Böhmlə birgə yemək yeyib. Yeməkdən sonra xanım Böhm istirahətə çəkilincə İsmayılov birinci mərtəbədəki xanım Ruhlandgilə gedib və evinə gəlməsini rica edib. Yalnız qalmaq istəmədiyi hər halından bəlli olub.

Axşam saat səkkizdən sonra yeni bir müsafir də gəlib. İsmayılov gözə çarpacaq qədər böyük qafalı və kiçik bədənli bir şəxs olan müsafirini xanım Ruhlanda mayor kimi təqdim edib. Sonra iki kişi oturub Azərbaycan dilində uzun-uzun danışmağa başlayınca xanım Ruhlandın canı sıxılıb, icazə istəyib otağına gedib.

İki kişi yalnız qalınca bərabər yemək yeyib çölə çıxıblar. Xanım Böhmün otağı təmizləyərkən tapdığı yemək qırıntıları bunu göstərməkdədir. Öncə Leopold küçəsindəki bir qəhvəxanaya gedən iki yoldaş daha sonra Bavyera küçəsində bir pivəxanaya gediblər. Oradan çıxınca da Rosenheim küçəsindəki bir rəqs salonuna gediblər. Amma bundan sonra bütün izlər qeyb olub. İsmayılov ertəsi sabah saat 1-də, yəni 21 noyabr bazar sabahı xanım Böhmün qapısını döyüb. Qadın qapıdan içəri girən İsmayılovun halını görüncə heyrətdən donub. Təəccüblə “sərxoşsanmı?” deyə soruşub.

İsmayılov anlaşılmaz bir şeylər mırıldanıb və xanım Böhmün iki nəvəsinə iki mark bəxşiş verib. Sonra da buradan gedəcəyini söyləyib. Qadın nə qədər müddətlik gedəcəyini soruşunca heç cavab verməyib. Xanım Böhm onun titrədiyini fərq edib. İçəri girib yatmasını təklif edib, amma İsmayılov qəbul etməyib, mətbəxdə yatmaq istədiyini söyləyib. Sonra gözlərindən yaş damlayaraq çıxıb otağına gedib. Bir az sonra təkrar meyxanadan içki alaraq dönüb.

21 noyabr bazar günü xanım Böhm səhər təmizlik üçün İsmayılovun mətbəxinə gedib. Hər tərəf tər-təmiz olub. Təkcə yataq, yəni divan düzəldilməyib. Yataq hələ də isti olub. Xanım Böhm divan örtüyünü çəkib və bazar yeməyini qızartmağa başlayıb. Günortaya müsafirləri olacaqdı. Müsafirlər xanım Böhmün səhər-səhər qızartdığı yeməyi böyük bir iştahla yeyiblər. Divanın altında bir cəsəd olduğunun heç biri fərqində olmayıb.

Cəsəd məzardan çıxarılır

Oberwiesenfelddəki “Hürriyyət” radiosu divanın altından tapılan cəsədin gömüldüyü 26 noyabr cümə günü etdiyi yayında stansiyanın Azərbaycan xəbərləri şöbəsinin Baş sözçüsü mayor Fətəlibəylinin Alp meydanı 6 nömrəli evdəki cinayətin səbəbkarı olduğu xəbərini yayınlayıb. Fətəlibəyli bu xəbərə görə İsmayılovu nəfsi-müdafiə zərurətiylə öldürüb.

Bu xəbəri radio idarəsinə kimin gətirdiyi məlum deyil. Hələ də öyrənilməyib. Lakin mayor Fətəlibəylinin bir həftədən bəri həm də izn almadığı halda işə gəlmədiyi və qatil deyil, məqtul olduğu birdən-birə elan edildi. Radionun Azərbaycan bölümü mənsubları bu xəbəri alman polisinə də bildirdilər.

Bu yeni xəbər bir bomba təsiri yaratdı. Cəsəd məzardan çıxarıldı və üç gün əvvəl İsmayılov olaraq gömülən cəsədin həqiqətdə Fətəlibəyliyə aid olduğu ortaya çıxdı.

Lakin bu mayor Fətəlibəyli kimdi?

Fətəlibəyli 12.11.1908-də Bakıda (Naxçıvanda – D.Ə) doğulub. Rus-alman hərbi sırasında Sovet İttifaqı Kommunist Partiyası ordu hücrə rəhbəri və mayor kimliyi ilə Leninqradın müdafiəsində iştirak edib. Eyni cəbhədə də almanlara əsir düşüb. Qısa bir müddət sonra isə azərbaycanlılarla birlikdə alman ordusuna keçib, işğal altındakı Şərq məmləkətləri nəzarəti nəzdində rabitə zabiti olub.

1945-ci ildə ortadan yoxa çıxıb. Bir neçə il sonra Misirdə görünüb və İsrailə qarşı savaş üçün müsəlman birliyi qurub. Fəqət Fətəlibəyli 1953-cü ilin əvvəlində Münhendə ortaya çıxıb. Bundan qısa bir müddət sonra da Oberwiesenfelddəki “Hürriyyət” radiosunun Azərbaycan şöbəsinin başına keçib.

Müsəlman dinində içkinin qadağan olmasına rəğmən Fətəlibəyli çox miqdarda içirmiş. Ayda 1200 mark qədər mühüm məbləğdə pul qazanmasına baxmayaraq maaşı heç zaman kafi gəlmirdi. Qısa bir zaman içində borclandığı üçün qaldığı hoteli tərk edib ucuz bir otağa köçmək məcburiyyətində qalıb. Yeni otağının arxa tərəfi bir ağaclığa baxırdı. Fətəlibəyli son günlərdə daim qorxu halında yaşayır, yaxın dostlarına İsmayılov adından birinin onu öldürmək istədiyini söyləyirdi. Həm də “Hürriyyət” radiosu son günlərdə Sovetlərin xeyli canını sıxmışdı.

Buna rəğmən Fətəlibəyli son zamanlar niyə İsmayılovla birgə dolaşırdı? İkisi tez-tez birlikdə görünürdü. Bərabər içirdilər. Hətta bir dəfə şiddətli münaqişə ediblər. Buna rəğmən aralarında hər hansı bir gərginlik yaşanmamışdı. Lakin bu vəziyyət məlum 20 noyabr axşamı Rosenheimer küçəsindəki bir pivəxanada birlikdə görülənə qədər davam edib.
Amma birlikdə nələrdən danışdıqları kimsəyə məlum deyil. Fətəlibəylinin 6 bakal pivə içdiyi və buna müqabil İsmayılovun çox ehtiyatla davrandığı bilinir. Hətta bu arada İsmayılovun içki pullarını ödəmək bəhanəsi ilə iki dəfə çölə çıxdığı da məlumdur. Ətrafdakı elektrikçi Faeustledən tədarük etdiyi çəkici də bu əsnada alması ehtimal olunur. Fətəlibəylinin başına vurulan və ölümünə səbəb olan əşya da bu çəkicdi.

İsmayılovun çölə çıxarkən qapıya yaxın masada oturan birinə əli ilə işarət etdiyi 35-40 yaşlarında dolğun üzlü qıvrım saçlı adamın da şərqli çöhrəsinin olduğu bilinir.

Bozumtul rəngli bir şapka və tünd boz rəngli plaş geyən bu şəxsin yarımçıq almancasına rəğmən ziyalı bir insan təsiri oyatdığı və İsmayılovun onunla hər görüşəndən sonra müdhiş əsəbi olduğunu hər ikisini tanıyanlar anlatmaqdadırlar.

İsmayılov çəkic cibində və əlində pullarla az sonra qayıdır. İçkisinə toxunmur və əməllicə sızmış Fətəlibəylini sürükləyib aparır. Lakin qəribədir ki, İsmayılov Fətəlibəylini nə qaldığı tərəfə, nə də özünün yaşadığı Steingardner küçəsi tərəfə aparmayıb. Alp meydanındakı 6 nömrəli evə doğru yürüyüb.

***

5 dekabr tarixində Fətəlibəylinin cənazəsi azərbaycanlı dostları tərəfindən Neu Ulm məzarlığına köçürülür. Bu ikinci cənazə mərasimi, ikinci dəfndir. Bu fərqlə ki birinci mərasim və dəfn İsmayılov üçün edilmişdi. Fətəlibəylinin 1951-ci ildə vəfat edən qardaşı da bu məzarda gömülüdür.

Qibləyə yönəldilən tabutun başında dayanan xoca duasını oxuyur və orada toplanan müsəlmanlar “amin” deyərkən məzarlığın bir tərəfində gizlənən alman polisləri ətrafa nəzarət etməkdəydilər. Həm də cənazə namazından əvvəl bir qrup azərbaycanlı çığırıb-bağırıb, növbəti yanlışlıq olmaması üçün tabutu açıb ölünün üzünü görmək istədiklərini söyləyiblər. Lakin inzibati orqanlar rəsmiyyət baxımından buna icazə verməyib. Məzarlıqda bu səbəbdən bir hadisə baş verəcəyindən qorxulurdu. Buna rəğmən hər hansı bir hadisə olmadı və ömrü boyunca macəradan-macəraya atılmış Fətəlibəyli sakit keçən bir mərasimdən sonra əbədi istirahətə çəkildi.

***

İsmayılov o tarixdən bəri ortada yoxdur və onu heç kim bir dəfə də görməyib. Lakin bundan iki gün sonra amerikalıların Nürnberqdəki “Valka” düşərgəsində həyata keçirdikləri kəşfiyyat hadisələrin ardıcıllığını tamamlayıb. Bütün bunların arxasında məlum Corc Müller, Alias Georgi Vladimiroviç və daha da arxasında Sovet İttifaqının gizli təşkilatı SMERŞ olub. Bu təşkilat alman ordusunda xidmət etdiyi üçün vəziyyəti yaxşı olmayan İsmayılovu Şimal dənizi ətrafında əmək düşərgəsində əsarət həyatı keçirməklə, casus olaraq Qərbə getmək arasında seçim etməyə məcbur edib. Qarşı tərəfdə olan Amerikan gizli təşkilatının adamı, Fətəlibəyli İsmayılovla tanış olduqdan sonra bütün həqiqətləri öyrənmişdi. Bunu öyrəndikdən sonra da əsasən tərəddüddə olan İsmayılovu qərarından vaz keçməyə, hətta Sovetlərin əleyhinə çevirməyə cəhd etmişdi.

Məhz bu əsnada SMERŞ-in adamı ortaya çıxıb və İsmayılovu kontrol etməyə başlayıb. İsmayılov o tarixdən etibarən iki tərəf arasında tərəddüd yaşayıb, iki dəyirman daşı arasında qalan insan kimi qıvranıb.

Fətəlibəylinin aqibətinə baxsaq, İsmayılovun son qərarını anlamaq mümkündür. Bu qəti qərarda, bəlkə, məmləkətinə və anasına qarşı olan həsrəti, amma bəlkə də, o sarışın saksoniyalı qarşısındakı zəifliyi səbəb olub. Buna bilə bilmərik.

İndi Fətəlibəyli Münhendəki Neu Ulm məzarlığında uyumaqdadır. Corc Müller də Frankfurt həbsxanasında məhkəmənin hökmünü gözləməkdədir. İsmayılovun aqibəti isə hələ bilinmir. Bəlkə də, heç bir zaman öyrənilməyəcək!

Beləliklə, qapanan Fətəlibəyli hadisəsi dünyanın bir çox yerində olduğu kimi Almaniyada Sovet və Amerika kəşfiyyatları arasında amansız bir mücadilənin getdiyini göstərməkdədir.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər