İnsanlar bilmədiyi, tanımadığı şeylərdən daha çox qorxurlar. Bu mənada epidemiya beynəlxalq səviyyədə təhlükə kimi qarşılanır. Bu epidemiyanın əsl təhlükəsi haqqında hərə bir şey danışdığı üçün insanlarda təşviş yaranır. Hesab edirəm ki, koronavirusla bağlı panikaya ehtiyac yoxdur. Bütün dünya dövlətləri bu virusa qarşı mübarizə aparır. Azərbaycan dövləti də zamanında ciddi qərarlar qəbul edib. Bundan sonra insanlarımızın qəbul edilən qərarlara əməl etməsi, özünü qoruması, təmaslardan maksimum çəkinməsi lazımdır. Bu olduqca əhəmiyyətli məsələdir və pandemiyanın qarşısını almağın ən optimal yoludur. Odur ki, mən insanlarımızı panikaya düşməməyə, dövlətin qəbul etdiyi karantin şərtlərinə əməl etməyə və bu epidemiyadan qorunmağa çağırıram.
Bu fikirləri Teleqraf.com-a Xalq artisti, dramaturq Şeyx Əbdül Mahmudov deyib.
Ziyalı qeyd edib ki, artıq Çinin bu epidemiyanı aşdığı haqda xəbərlər gəlir:
“Əslində belə bir məsəl var: elnən gələn dərd-bəla toy-bayram olur. Bu koronavirus məxsusi olaraq Azərbaycanda özünü göstərmir. Dünyanın hər yerində bu virus var. ABŞ, Avropanın nəhəng dövlətləri bundan əziyyət çəkir, karantin elan edirlər. Şükürlər olsun ki, digər ölkələrlə müqayisədə bizdə ölüm halları çox aşağıdır. Elə yoluxma halları da. Odur ki, mən xalqımızı səfərbər olmağa, əsas olmadığı təqdirdə evdən bayıra çıxmamağa çağırıram. Onsuz da yaxşıdan adama ziyan yoxdur. Əgər, təhlükə varsa, bundan qorunmaq üçün karantin mütləqdir. Düşünürəm ki, kütləviləşən, dünyaya yayılan bu epidemiyaya ciddi yanaşmalıyıq. Biz xalqımızın, balalarımızın sağlamlığı naminə karantinə, həkim məsləhətlərinə diqqətlə yanaşmalıyıq. Başqa variant yoxdur. Həm də əsassız yerə təşvişə ehtiyac yoxdur. Bəziləri bilərəkdən, bəzilə nadanlıq səbəbindən buna rəvac verir. İnsanlarımızı məsuliyyətli olmağa çağırıram. Dövlətin qəbul etdiyi qərarlar var, biz də millət olaraq səfərbər olmalı, bunun qarşısını almalıyıq”.