6 Aprel 2020 19:50
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusun yayılma əhatəsi böyüdükcə insanlarda təşviş, qorxu artmağa davam edir. Nə qədər motivasiya edici məlumatlar yayımlansa da, insanlar həyəcanlarına qalib gələ bilmirlər.

Mövzu ilə bağlı Psixoloq Vəfa Əkbər Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Çətin bir dövr keçirik. Bu prosesi, yaşadığımız vəziyyəti necə qiymətləndirirsiniz?

- Hazırkı izolyasiya olunmuş vəziyyət artıq insanları gərib, darıxmaq nöqtəsinə gəlib çıxıblar. Məlum məsələdir, bu virus yoluxucudur və biz özümüz bilmədən infeksiyanı ötürə bilərik. #Evdəqal şüarı ona görə yaradılıb ki, insanlar özlərini, doğmalarını, ümumiyyətlə, cəmiyyəti qorumaq üçün addım atsınlar.

İnsanlar var ki, bütün günü işdə idilər. Onların həyat tempi, zamanı faydalı keçirmə anlamı özünü işə həsr etməklə ifadə edilirdisə, bu gün o rejim dəyişib. Sosial çevrə yoxdur, real ünsiyyət qura bilmirlər, doğmaları arasında olsalar da, alışmadıqları mühitə düşüblər. Eyni hal evdə birlikdə olduqları insanlara da aiddir. O insanlar iş tempini ailə üzvlərinin işdə olmasına nəzərən qururdular.

Məlum məsələdir, hazırda məktəblər, bağçalar, iş yerləri bağlıdır, hər kəs evdədir. İki gərgin ailə başçısı birlikdə olduqda daha çox problemlər artır. Biri-birilərindən anlayış gözləyirlər, amma unutmaq lazım deyil, anlayışı verməliyik ki, ala da bilək.

- Həyəcanı uzaqlaşdırmaq üçün bu müddəti necə dəyərləndirək?

- Vaxtımızı asudə keçirməli və faydalı dəyərləndiməliyik. Dünyagörüşümüzü artıracaq məşğuliyyətlərə yer ayırmalıyıq. Baxmadığımız filmlər varsa, onları izləməliyik. Demək olar ki, hər kəsin hobbisi var, kimi bişirməyi, kimi əl işləri hazırlamağı, kimi rəsm çəkməyi, kitab oxumağı sevir. Hər kəs əvvəllər vaxtdan şikayət etdiyi üçün çatdıra bilmədiyi işləri indi yoluna qoya bilər.

- Karantin müddəti ailədaxili münasibətlərə də təsir etdi. Münaqişlər artmağa başladı...

- Ailə ilə emosional bağ qurulmalıdır. İnsan darıxmaq əvəzinə, bacardığı işi etməyi seçməlidir. Hazırda evdar xanımların üzərinə güc düşür. Çünki kişilərin əksəriyyəti evdə yeyib-yatır, ümumi işə kömək etmirlər. Belə olduqda evin xanımı çox gərgin olur, bu, uşaqlara da təsir edir. Yaxşı olar ki, hər kəs öz məsuliyyətini daşısın. Hər kəs öz istəklərini, tələbatlarını özü ödəməyə çalışmalıdır.

Ümid edirəm ki, bir daha belə hal təkrarlanmayacaq. Bu zamanı daha faydalı keçirməliyik. Bu vaxt ərzində bir-birimizi, ailə üzvlərimizi tanımalıyıq, nələrdən xoşumuz gəlir, biz necə insanıq, fərqimiz nədədir - öyrənməliyik. Bunu oyun vasitəsilə, hansısa bir tapşırıq verərək əyləncəli hala gətirə bilərlər.

- Karantin müddəti bizim həyat tərzimizi də dəyişdi...

- Unutmaq lazım deyil ki, mütləq şəkildə doğru qidalanma olmalıdır. Sağlam bədəndə sağlam ruh olar. Nəzərə almaq lazımdır ki, karantindən sonrakı həyatımız da var. Ona adaptasiya çox çətin olacaq. İnsanlarda psixoloji olaraq dezadaptasiya yaranacaq. Bir müddət sonra özləri də fərqində olmadan bu vəziyyətə alışacaqlar.

Çətinliyin olmaması üçün əvvəlki zamanda yatıb-durmaq lazımdır. Sadəcə işdə keçirdikləri vaxtı öz faydalı hobbilərinə sərf etsinlər. Anlayış, empatiya quraraq gərginliyə nə qədər az düşəcəklərsə, adaptasiya müddəti karantindən sonra o insanlarda daha az keçəcək.

- Məktəblilərin rejimi bu müddətdə necə tənzimlənməlidir?

- Onlayn dərslər keçirilir və tapşırıqlar verilir. Hər kəs adət aldığı halda oyanmalıdır. Məktəbli dərsinə nəzər yetirməli, onlayn işləyə bilən fikrini işinə yönəltməlidir. Maksimum əvvəlki rejimdən uzaqlaşmamağa çalışmalıdırlar.

Heç kim başqasına maneçilik törətməməlidir. Burada məktəblinin dostlarına sərf etdiyi zaman, yolda keçidiyi müddət aradan qalxıb. O iki saat onun ailəsi ilə keçirəcəyi vaxtdır. Burada böyük boşluq olmamalıdır.

- Etiraf etməliyik ki, bu günlərdə insanlar xəbər aclığı da çəkir. Sosial şəbəklərdə yayılan xəbərlər isə həyəcanı artırır. İnsanlar informasiya qəbulunu necə nizamlasınlar?

- Hazırda çox həssas bir dövrdür. Hər kəs evdədir, istər fiziki, istərsə də psixoloji xəstələr dəstək ala bilmirlər. Onlayn dəstək alsalar da, realda olduğu kimi təsirini göstərmir. Hər gün bu informasiyalar insanları gərir. Gözləntidə olurlar, qorxu içində, təşvişlə yaşayırlar, ələxsüs da psixoloji baxımdan güclü olmayanlar daha tez təsirlənirlər.

Yaxşı olardı ki, birbaşa ələkdən keçən informasiyalara baxsınlar. Bəzi informasiyalar yalan-yanlış olur. Bu səs yazmalar, ajiotaj dolu mesajlar sadəcə savadsızlıqdan, cahillikdən irəli gəlir. Bikarçılıqdan dəqiqləşdirilməmiş məlumat yaymağa çalışırlar. Onlar eqoist, cahil insanlardır. Belə məlumatlardan da qorunmaq lazımdı...


Müəllif: Aysel Azad

Oxşar xəbərlər