2019-cu ilin yekunlarına əsasən Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artması və xərclərinin optimallaşması, eləcə də saxta pensiyaların ləğvi nəticəsində 200 milyon manatlıq pul ehtiyatı yaranmışdı. Bu məbləğ məhz bu il sosial ödənişlərin dayanıqlılğına yönəldiləcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bugünkü mətbuat konfransında deyib.
Onun sözlərinə görə, aprel və may aylarında sosial sığorta haqlarının yığımında müəyyən azalmalar gözlənilir: "Obyektiv səbəblərdən bir çox müəssisələrinin fəliyyətində fasilələr yaranıb. Bu azalmalar 2019-cu ildə yaradılmış ehtiyat yastığımız vasiəsilə kompensasiya olacaq.
Vətəndaşların sosial ödənişlərində hər hansı çətinlik olmayacaq. Sabahdan etibarən pensiya ödənişləri həyata keçiriləcək və aprelin 15-dək başa çatdırılacaq. Müavinət və təqaüdlərdə də gecikmələr olmayacaq, aprelin 20-21-də həyata keçiriləcək.
Ünvanlı yardım isə ayın sonunda ödəniləcək. 2 milyon 300 min insanın orta hesabla aylıq ödənişinin məbləği 500 milyon manatdan artıqdır. İnsanlarımıza vaxtında, gecikmə olmadan ödənişləri həyata keçirəcəyik ".