Xüsusi karantin rejimi avtomatik xarakter daşımır. Ölkədə sanitar-epidemioloji vəziyyət, həmçinin dünyadakı proseslər nəzərə alınaraq, karantin rejiminin başa çatması və ya uzadılması ilə bağlı qərar veriləcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda vəziyyətin yaxşı olması bütün dünyada yaxşı olması anlamına gəlmir: "Buna görə də karantin rejimi barədə qərar dünyada gedən proseslərə uyğun veriləcək. Bununla bağlı qiymətləndirmələr aparılır.
Bir daha vətəndaşlarımıza müraciətlə evdə qalmalarını tövsiyə edir və həkimlərimizin işinin yüngülləşdirilməsini xahiş edirik. Vətəndaşlarımıza nümayiş etdirdikləri təmkinə görə təşəkkür edirik. Biz yalnız virusa qarşı peyvəndləmə işi aparılandan sonra əvvəlki həyatımıza qayıda biləcəyik. O vaxta kimi səbrlə gözləmək lazımdır".