Teleqraf.com “İçərişəhər” Muzey Mərkəzinin direktor müavini, əməkdar mədəniyyət işçi Nahidə Bəkirovanın "Bu Qala daşlı qala" adlı yazısını təqdim edir:
İnsanlar qədim çağlardan daşlıq-qayalıq yerləri sığınacaq yeri kimi seçib özlərinə ev tikərkən məhz daşdan istifadə ediblər. Onlar bir-biriləri ilə bölüşdükləri fikirləri, ilk yaradıcılıq qabiliyyətlərini daşlar üzərində oyduqları təsvirlərdə təzahür etdirirdilər.
Tarixən daşlar insanların karına gəlmiş, onlar öz həyatlarında, məişətlərində daşların əhəmiyyətini görmüş və onu müqəddəsləşdirmişlər. Bəlkə də daşların həyatverici gücünə olan inam insan yaşayışının başlanması ilə bağlı olub. Kainatda gedən proseslər və sivlizasiyaların yaranması, arxeoloji-etnoqrafik materiallara əsasən öz təsdiqini tapır.
Xalqın tarixi köklərini özündə əks etdirən daşlar indi muzeyləşmiş qoruqlarda özünü dünyaya tanıdır və mədəniyyətin təbliğində mühüm rol oynayır.
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda daşla bağlı çox geniş material və məlumatlar var. Burada daşların həyatverici gücü bir daha təsdiqlənir, tarixən insan həyatındakı rolundan danışılır. “Qala” qoruğunun ərazisi beşminillik tarixi olan Qala kəndinin ən qədim hissəsində yerləşir. Son araşdırmalara görə, Qalada e.ə. III minillikdən XX əsrə qədər tarixi əhəmiyyət daşıyan 228 memarlıq və arxeoloji abidə - kurqan, dolmen, sərdabə, əmanət qəbir, türbə, məscid, ovdan, hamam və samanlıqlarla bərabər, yaşayış evləri də mövcuddur. Burada hər daş qədim Abşeron həyatının bir parçasıdır və hər daş öz tarixini danışır.
Qala abidə kompleksində böyük sal daşlar diqqəti cəlb edir. Vaxtilə bu daşlara neçə-neçə insanlar söykənib, arxalanıb. Yolçular soyuqdan, küləkdən və günəşdən qorunmaq üçün bu daşların kölgəsində oturub dincəliblər. Ola bilər, “yoldaş” sözü də burdan yaranıb. İnsan həyatda etibar etdiyi, ona arxalandığı və inandığı ən yaxın adamına yoldaş deyir.
Muzey kompleksində yerləşən, el arasında “elçi daşı” adlanan bir daş öz funksiyasına görə, turistlərin marağına səbəb olur. Yaxın zamanlara qədər hər bir evin qarşısında oturmaq üçün daş qoyardılar. Kim bu evə gələrdisə, o, daşın üstündə oturub ev sahibinin dəvətini gözləyərdi.
Ekspozisiyada “sədd daşı” deyilən kiçik bir daş da nümayiş edilir. Qədimdə ayrı-ayrı mülkədarlara və ya dövlətə aid torpaqların sərhədi bu cür daşla işarələnərək ayrılırdı.
Qala abidə kompleksində Abşeronun yaşıdı olan maddi-mənəvi sərvətlər var. Qədim insanların daşlar üzərində oyduqları təsvirlər onların düşüncə və dünyaya baxışlarının əksi idi. Onlar qayaüstü təsvirlərlə ovda uğur qazanmalarını, özlərinin həyat tərzlərini bölüşürdülər. Qədim sənətkarların qaya üzərində təsvir etdikləri hekayələri alimlər tədqiq etsələr də, qayaüstü təsvirlərin çoxu hələ də sirli olaraq qalırlar.
Lakin tədqidatçılar tam əminliklə qeyd edirlər ki, cızmalar təbiətdən gələn təsvirlər deyil, qədim insanların inanc və ayinləri ilə ayrılmaz şəkildə bağlı olan, yaşadıqları həyatın mənzərələri, düşüncələrinin məhsuludur.
Oyma, cızma, yonma üsulu ilə daş üzərinə həkk olunmuş təsvirlərin ən qədim nümunələrinə Ordubadda, Kəlbəcərdə, Abşeron yarmadasında və Qobustan qayaları üzərində rast gəlinir. Abşeron bu günə qədər Cənubi Qafqazda e.ə. III-II minilliklərə aid incəsənət nümunələrinin tapıldığı yeganə regiondur.
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun Arxeoloji-Etnoqrafik Muzey kompleksində Abşeron qayaüstü təsvirləri də nümayiş etdirilir. Abidələr arasında Tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənləri, onlara aid qədim özüllər, divar qalıqlarıda vardır. Qayaüstü təsvirlər eradan əvvəl III-II minilliklərin ideologiya və mədəniyyətini öyrənmək baxımından kifayət qədər qiymətli tarixi mənbədir. Təsvirlərin məzmun və tərkibi mühüm əhəmiyyətə malikdir. Qayaüstü təsvirlərin süjet xətti ibtidai-icmanın məişətini əks etdirir.
Abşeronun müxtəlif kəndlərindən tapılmış qayaüstü təsvirlər üzərindəki rəsmlər o qədər oxşardır ki, sanki onlar eyni adam tərəfindən çəkilib. Bütün bunlar Abşeronda vaxtilə vahid ibtidai mədəniyyətin olduğunu bir daha sübut edir.
Qayaüstü təsvirlərdə başlıca yeri insan obrazı tutur. Əsas mövzu ilahi qadın və kişilərin iştirakı ilə keçirilən ayinlərdir. Təsvirli daşlar arasında “maskalı cadugərlər”, “uşağın anadan olması”, “qurbanvermə mərasimləri” daha çox maraq doğurur. Ayrı-ayrı təsvirlərdə qadın ilahə daha əhatəli formada– ayaqüstə, əlləri qalxmış vəziyyətdə göstərilir. Bu mövzudakı təsvirlər çox vaxt miflərə əsaslanırdı.
Ön Asiya xalqları arasında yaranmış əfsanələr həm xronoloji, həm də süjet baxımından Abşeron qayaüstü təsvirləri ilə uyğun gəlir. Dövrümüzə qədər gəlib çıxmış həmin mifoloji mətnlər dünya mədəniyyəti və elminin qiymətli sərvətidir. Ekspozisiyada nümayiş olunan qaya nümunələrində çox ehtimal “Dumuzi əfsanəsi” təsvir edilib.
Bu əfsanə şumer əfsanələrinin “açarı” hesab edilir. S.Kramerin “Şumer mifologiyası” kitabında əfsanənin qısa məzmunu belə verilir: “İnanna yer üzündə ən gözəl və ən qüdrətli ilahə idi. Ona çoban tanrısı Dumuzi, həm də tarla tanrısı Enkimdu eyni vaxtda aşiq olmuşdu. Doğmaları İnannaya Dumuziyə ərə getməyi məsləhət görür. O da yaxınlarının məsləhətinə qulaq asıb, çoban tanrısının arvadı olmağı qəbul edir. O, Dumuzinin yanında çox darıxırdı. Günlərin birində bacısı Ereşkiqala baş çəkmək üçün onun yeraltı səltənətinə getmək qərarına gəlir. Həmin dünyadan hələ heç kim sağ qayıtmamışdı. İnanna yaşadığı dünyanı tərk edib yeraltı aləmə yola düşür. Səfərə çıxarkən özü ilə birgə yeddi sehrli gözmuncuğu götürür.
Həmin talisman sayəsində cəhənnəmin yeddi qapısından keçib, Ereşkiqalın hüzurunda dayanır. Ereşkiqalın bircə baxışı ilə İnanna cəsədə çevrilir. İlahəyə yalnız müdriklik tanrısı Enki kömək etməyə razılıq verir. O, güldən iki qəribə varlıq düzəldib, onları su və ot adlandırır. Ereşkiqaldan gözəl ilahənin cəsədini alıb, üzünə həmin ot və sudan səpir. İnanna dirilir. Yeraltı dünyadan çıxmaq üçün kiminsə zülmət aləmdə onu əvəz etməsi ilə razılaşır.
Saraya gələndə Dumuzinin arvadının ölümünə kədərlənməsi əvəzinə, onun taxtda dəbdəbəli şahlıq paltarında əyləşdiyini görür. Belə qərara gəlir ki, qaranlıq aləmə ərini göndərsin. Dumuzi məsələdən agah olanda, günəş tanrısına yalvarmağa başlayır. O da Dumuzini ceyrana çevirir. Baş verənlərdən, yalnız bacısı Geştinannanın xəbəri var idi. İblislər Dumuzini tapırlar. Geştinanna qardaşını xilas etmək üçün onun əvəzinə zülmət dünyasına getməyə razılıq verir.
Bunu eşidən İnanna razılaşmanı pozur. O, Dumuzi ilə Geştinannanın yeraltı dünyada növbə ilə yaşamasını istəyir. O vaxtdan etibarən Dumuzi ilin yarısını yerin üstündə, yarısını altında keçirməyə başlayır”.
Qala qoruğunun qayaüstü rəsmlərində keçi təsvirlərinə daha çox rast gəlinir. Bu ərazilərdə ibtidai insanlar keçiləri Günəş Allahının rəmzi kimi təsəvvür etmişlər. Qayaüstü təsvirlərdə keçi obrazı dini-ideoloji, xeyr və bərəkət obrazları kimi təqdim olunmuşdur. Keçi Azərbaycanda hələ qədim zamanlardan günəşi təcəssüm etdirmiş, bərəkətin himayəçisi sayılıb. Folklorumuzda da “Kosa” adı altında çıxış edən keçi obrazı insanlara həyat, işıq, xeyir gətirən müsbət obraz kimi daxil olub.
Qala qoruğuna gələn turistlərin sayı ilbəil artır. Onlarda sirlərlə dolu keçmişimizə, qədim təsvirlərə toxunmaq istəyi getdikcə çoxalır. Eksponatlarımız xalqımızın qədim dövrlərdəki həyat tərzi, məişəti, arzu və istəkləri, eləcə də mənəvi dəyərləri haqqında ətraflı təsəvvür yaradır. Bu misilsiz maddi-mədəniyyət nümunələri zamanları və insanları yaxınlaşdıra, birləşdirə bilir. Onlarda əməyə, torpağa qayğı və xalqına məhəbbət hisslərini daha da gücləndirir.
Tarixin sirləri kəşf edildikcə, daşlar üzərində başlanan həyatın yeni, təzə naxışları üzə çıxdı. Saraylar, türbələr, karvansaralar, hamamlar və başqa memarlıq abidələri tarixləşdi, daşlaşdı və QALAlaşdı.