Ölkəmizin koronavirus pandemiyası ilə mübarizə apardığı vaxtda, dövlət vəzifəsindən sui-istifadə edən məmurların aşkarlanması istiqamətində apardığı islahatları da davam etdirir.
Aparılan genişmiqyaslı islahatlar, baş verən proseslərlə bağlı politoloq Yusif Bağırzadənin Teleqraf.com-a müsaqhibəsini təqdim edirik.
- Yusif müəllim, son bir neçə aydır ki, ölkəmizdə korrupasiya və rüşvətxorluğa qarşı mübarizə fonunda icra hakimiyyəti başçılarının həbsinin şahidi oluruq. Sizin də bu hadisələrə münasibətinizi bilmək istərdik.
- İlk olaraq qeyd etmək lazımdır ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanı bürüyən COVID-19 pandemiyasına qarşı Azərbaycan dövləti qəti tədbirlər həyata keçirir. Bu istiqamətdə görülmüş işlər, qəbul edilmiş təxirə salınmaz qərarlar ölkəmizin bu bəladan minimum itkilərlə çıxmasına zəmin yaradır. Ancaq təəssüf ki, ölkəmizdə aparılan sosial, iqtisadi, hüquqi, siyasi islahatlara hələ də uyğunlaşa bilməyən bir sıra dövlət məmurları da var. Prezident dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına ciddi şəkildə xəbərdarlıq edib. O cümlədən vətəndaşlara münasibətdə səmimi olmaları, özlərini təkəbbürlü aparmamaları ilə bağlı, eləcə də rüşvət və korrupasiya hallarına yol verməmələri ilə bağlı dəfələrlə çox sərt şəkildə xəbərdarlıq edilib. Lakin təəssüf ki, bəzi məmurlar hələ də bu xəbərdarlıqlardan nəticə çıxarmırlar.
Bütün bunlar onu göstərir ki, bəzi məmurlar öz işlərini ölkədə gedən yeniliyin, inkişafın məntiqinə uyğun qura bilmir, ya da qurmaq istəmirlər. Yenə köhnə metodlarla işləməklə öz səlahiyyətlərindən sui-istifadə edir, ciddi qanun pozuntularına yol verirlər. Korrupsiya, rüşvətxorluq belə insanların həyat tərzinə çevrilib və nəticə də bəllidir. Hal-hazırda ölkədə aparılan kadr islahatlarının da əsas məqsədlərindən biri müəyyən qədər bu məsələni aradan qaldırmaqdan ibarətdir. Yəni cavan kadrların təyin edilməsi, bəzi strukturların ləğv edilməsi və ya birləşdirilməsi, Prezident Administrasiyasında, Nazirlər Kabinetindəki dəyişikliklər, Milli Məclisin yenidən seçilməsi və s. əhaliyə və cəmiyyətə bir mesaj idi ki, artıq yeni dövr başlayır.
Bunu bəzi insanlar başa düşmək istəmir. Əvvəlki tərzdə hərəkət etmək istəyirlər və rüşvətxorluğa, korrupsiyaya yol verirlər. Bu kimi hallar başa düşülən və bağışlanan deyil. Prezident tərəfindən verilən mesajları nəzərə almayanlar ciddi formada cəzalanır və onların yolu ilə gedənlər də, bundan sonra öz cavablarını alacaqlar. DTX-nin son uğurlu əməliyyatları digər başçılara və ümumilikdə məmurlara dərs olmalıdır. Hər hansı rəhbər şəxs cox ciddi şəkildə düşünüb-daşınmalıdır. Əgər hansısa məmur əmək haqqı ilə dolana bilmirsə, cənab Prezidentin də dediyi kimi, ərizəsini yazsın gedib biznes fəaliyyəti ilə məğul olsun.
- Sizcə, aparılan əməliyyatların davamı gözlənilirmi?
- Cənab prezident bu kimi hallara qarşı çox sərt tədbirlər görüləcəyini dəfələrlə vurğulayıb və yeni baş prokurorun təyinatından sonra keçirilən görüşdə də onun qarşısında konkret vəzifələr qoyub. Ölkədə korrupsiyaya, rüşvətə, dövlət əmlakını mənimsəməyə qarşı çox ciddi şəkildə mübarizə aparıldığının şahidiyik və bunun davamlı olacağına da heç bir şübhə olmamalıdır. O da bilinməlidir ki, korrupsiya və rüşvətxorluğa, dövlət əmlakının mənimsənilməsinə qarşı həya keçirilən tədbirlər təkcə icra başçılarına aid deyil, digər bütün vəzifəli şəxslərə də verilmiş bir mesajdır. Açığını etiraf edək, yalnız icra hakimiyyətlərində deyil, onlardan "nümunə" götürən digər qurumlarda, ayrı-ayrı nazirliklərdə də bu kimi neqativ hallar mövcuddur.
Kim işə düzəlirsə, çalışır ki, dolayı yolla, rüşvətlə, saxtakarlıqla nəsə bir qazanc əldə etsin. Məlumdur ki, artıq vergi əməkdaşları ilə bağlı da, eləcə də ayrı-ayrı rayonlarda kənd icra hakimiyyəti nümayəndələri ilə bağlı da müvafiq əməliyyatlar həyəta keçirilib. Öz yerində olmayan, istər nazir, istər icra başçısı, istərsə də komitə sədri vəzifəsi ilə vidalaşmalıdır. Əminliklə söyləmək olar ki, bundan sonra da, xüsusən də yeni baş prokurorun təyin edilməsi ilə daha tez-tez bu tip əməlyyatların şahidi olacağıq. Yeni baş prokurorun bundan öncə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsini tutması da korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürü kimi xarakterizə edilə bilər.
- Rüşvət və korrupsiyaya qarşı mübarizədə güc strukturlarının fəaliyyətini yetərli hesab edirsinizmi?
- Rüşvət və korrupsiya cəmiyyətin və dövlətin inkşafının qarşısında ən böyük bəladır. Bu bəla ilə mübarizədə tək güc strukturlarının keçirdiyi əməliyyatlar təbii ki, yetərli deyil. Bu sahədə dövlətin cəza tədbirləri ilə yanaşı, ictimaiyyətin, qeyri-hökumət qurumlarının, tanınmış ziyalıların, ictimai-siyasi xadimlərin maarifləndirici addımlarına, sözlərinə, müraciətlərinə də ciddi ehtiyac var. Bütün vətəndaş cəmiyyəti, bütün xalqımız bu məsələdə dəstək olmalı, ictimai nəzarət gücləndirilməlidir. İctimai nəzarət nə qədər güclü olacaqsa bu kimi hallara qarşı mübarizə də bir o qədər çox effektli olacaq.
- Bu istiqamətdə daha hansı addımların atılmasını zəruru hesab edirsiniz?
- Korrupsiya ilə uğurlu mübarizə dövlət vəzifə daşıyıcılarının gəlirləri üzərində ciddi nəzarətin olmasını, onların gəlirləri, əmlakları barədə mənbəyi, ödənilən vergilərin miqdarı göstərilməklə, deklarasiya verilməsini tələb edir. Dünyanın aparıcı ölkələrində bu deklarasiya sistemi fəaliyyət göstərir və bizdə də bu istiqamtədə qanunvericilik bazasının təkmilləşdiriməsinə ehtiyac var. İkinci bir məsələ ayrı-ayrı nazirliklərdə korrupsiyaya qarşı mübarizə qurumlarının fəaliyyət gösrtrəməsi ilə bağlıdır. Həmin nazirliklərin mənafelərinə qulluq edən istintaq şöbələrini ləğv edib Vahid İstintaq Komitəsinin yaradılmasını, bütün vəzifəli şəxslərin, nazirliklərin və digər dövlət qurumlarının qanunauyğun fəaliyyətini təmin etmək üçün prokurorluğun ümumi nəzarət funksiyasının bərpası istiqamətində addımların atılmasına ehtiyac var.
Digər mühüm bir məsələ də inhisarşılıqla bağlıdır. İnhisarçılığın tamamilə ortadan qaldırılması da korrupsiyaya qarşı mübarizənin başlıca metodlarındandır. Çünki inhisarçılıq inkişafa maneçilik törədən əsas amildir. Məhz inhisarçılıq azad rəqabətə yol vermir, korrupsiyaya meydan açır, var-dövlətin ayrı-ayrı korrupsioner məmurların cibinə axmasına xidmət edir. Odur ki, ölkə iqtisadiyyatına və mənəviyyatına ölümcül zərbə vuran inhisarçılığa qarşı amansız mübarizə aparılmalı və bunun üçün də Rəqabət Məcəlləsi qəbul olunmalıdır.