Qafqaz müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə xalqa təbrik ünvanlayıb.
QMİ-dən Teleqraf.com-a daxil olan təbrik mətnində deyilir:
"Bismillahir-rəhmanir-rəhim!
Əziz müsəlman qardaş və bacılar, möhtərəm həmvətənlərim!
Dünya müsəlmanlarının əziz günü - Mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm.
Allah dərgahında rəhmət, bərəkət və məğfirəti ilə üstün aylardan olan Ramazanın əzəmət və sevinci hədsizdir. Uca Allaha şükürlər olsun ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram və səylə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə qovuşurlar. Allahdan dua edirik ki, bu bayram insanlar üçün səadət və xeyir-bərəkətlərə vəsilə olsun!
Bu ilki Ramazan dünya üçün mürəkkəb dövrə təsadüf etdi. Bəşəriyyət xəstəlik təhlükəsi ilə mücadilə apardığı bir zamanda dünya müsəlmanları kimi İslam aləminin ayrılmaz parçası olan Azərbaycan dindarları da dünyada yayılan xəstəlik kabusunun və onun gətirdiyi çətinliklərin tezliklə aradan qalxması, Yer üzündə salamatlıq, əmin-amanlığın hökm sürməsi üçün dualar etdilər, Ramazan ayının oruc, ibadətlərini ixlas və təqva ilə yerinə yetirdilər, evlərində, ailə ocaqlarının başında böyük ümid və imanla Ramazan sevincini yaşadılar.
Azərbaycan cəmiyyəti dövlət başçısının «Biz birlikdə güclüyük» şüarı ilə səfərbər oldu. Necə ki Uca Allah Müqəddəs Kitabımız Qurani-Kərimdə buyurur ki, hamılıqla Allahın nuruna möhkəm sarılın və ayrılmayın. Ən müqəddəs dəyər olan insan həyatının qorunması yönündə fövqəladə tədbirlər, vaxtında verilmiş qərarlar Allahın köməyi ilə xalqımızı ağır itkilərdən qorudu. Azərbaycan Prezidenti və Birinci vitse-prezident Mehriban xanımın ölkə vətəndaşlarına ümid və əminlik bəxş edən sosial layihələri, yardımları, səmimi ünsiyyət və müraciətləri dövlət rəhbərinin siyasi iradəsini və xalq-dövlət birliyinin gücünü bariz şəkildə nümayiş etdirir. Azərbaycan liderinin ölkə daxilində və beynəlxalq müstəvidə hümanizm örnəyi Ramazanın mərhəmət abı-havası ilə həmahəng oldu. Cəmiyyətimizin mənən saflaşmasına xidmət edən dövləti əhəmiyyətli addımlar Uca Allaha xoş gedən, xalq tərəfindən təqdir olunan hallardır.
Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və inkişafında əvəzsiz xidmətləri olmuş Ulu Öndər Heydər Əliyev qədirbilən xalqımız tərəfindən bu əziz bayram günlərində rəhmət və ehtiramla yad olunur. Azərbaycan xalqı əmindir ki, Allahın köməyilə, firavan sabahının, dinc sabit həyat və tərəqqisinin zəmanəti müstəqil Azərbaycanın siyasi, iqtisadi, mədəni-mənəvi qüdrətinin təmini üçün yorulmaz səylər göstərən Prezident İlham Əliyev həzrətlərinin qətiyyət və möhkəm iradə ilə yeritdiyi davamlı islahatlar, xalqın maddi və mənəvi rifahının daha da yaxşılaşdırılmasına yönəlik müdrik dövlət siyasətidir.
Allah-Təalanın Lütfü və Mərhəməti sayəsində Ramazan bayramını qarşılayan xalqımız, Vətənimiz, dünyanın salamatlığı, əmin-amanlığı üçün dualar edirik. Uca Yaradanın rizası yolunda xeyirxahlığı təcəssüm etdirən bu bayram günlərində dünyada yayılan xəstəlik kabusunun və onun gətirdiyi iqtisadi çətinliklərin tezliklə aradan qalxmasını, xəstələrin şəfa tapmasını, dünyasını dəyişənlərin rəhmətə qovuşmasını diləyirik. İnşallah, işğal altında olan torpaqlarımızı azad etməyi, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini Allah bizlərə nəsib etsin! Allah müstəqilliyimiz, dövlətçiliyimiz uğrunda cəmi şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun! Savab, ülfət ayı olan Ramazan bəşər övladına səbr, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi müstəhəb əməllərdəndir.
Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımı yetirirəm. Allah-Təala bütün dua və ibadətlərimizi qəbul etsin, hər zaman yardımçımız olsun! Allah orucumuzun əcri olaraq Öz Lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, xalqımıza salamatlıq, hər bir ailəyə rifah bəxş etsin! Uca Rəbbimiz müstəqilliyimizi əbədi, dövlətimizi, dövlət rəhbərimizi müzəffər qərar versin! Allah Azərbaycan xalqını qorusun! AMIN!"