IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri” "dəyirmi masa"sının panellərindən biri "Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun həyata keçirilməsi şəraitində XXI əsr jurnalistikasının problemləri" mövzusuna həsr olunub.
Trend xəbər verir ki, panelə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) baş katibi, Rusiyanın İTAR-TASS agentliyinin baş direktorunun 1-ci müavini Mixail Qusman moderatorluq edib.
Paneldə çıxış edən Avropa Xəbər Agentlikləri Alyansının (EANA) sabiq prezidenti, Avstriyanın APA agentliyinin baş icraçı direktoru Piter Kropş deyib ki, sosial media özünün sürətli inkişaf dövrünü yaşayır. Onun fikrincə, sosial media ənənəvi medianın bəzi çatışmazlığını örtür. Çünki məlumatları sosial mediada yerləşdirmək çox asandır. Lakin təbii ki, sosial medianın da öz çatışmazlıqları var: "Sosail media dostlar kimi qəbul edilməlidir. Bəzi dostların xoşagəlməz davranışları da olur".
O, həmçinin qeyd edib ki, sosial media fəaliyyətində manipulyasiyaya və korrupsiyaya yol versə, bu, onun məhvinə gətirib çıxara bilər: "Lakin mən sosial medianı etibarlı xəbər mənbəyi kimi qəbul edirəm".
P.Kropş həmçinin bildirib ki, xəbər agentlikləri cəmiyyətdə mühüm rol oynayır: "Xəbər agentliklərini mühüm funksiyanı yerinə yetirir. Onlar bütün auditoriya üçün məlumatın qəbul edilməsi və onun dünyada müvafiq təlimatlar vasitəsilə düzgün qavranılması dəyərini müəyyənləşdirir. Bununla yanaşı, onlar yeni səriştələr əldə edirlər. Düşünürəm ki, onlar cəmiyyət üçün mühüm rol oynamaqda davam edəcəklər".