Dünyada bu günə qədər 6 milyondan çox insan koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu sözləri ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı Operativ Qərargahın brifinqində deyib:
"Azərbaycanda virus əleyhinə tədbirlər mart ayında tədris müəssisələrinin bağlanması ilə başladı. Xüsusi karantin rejimi tətbiq edildikdən sonra yoluxma halları 10 gündə azalmağa başladı. Artan yolxuma halları insanların qaydalara riayət etməsi ilə azaldı".
O qeyd edib ki, 27 apreldən karantin rejiminin yumuşaldılması ilə yoluxma hallarında artım müşahidə edildi: "Bu günə qədər ən yüksək 325 yoluxma faktı qeydə alınıb. Bizim burada tətbiq etdiyimiz qaydalar dünya təcrübəsində də tətbiq olunur. Yoluxma halları artıqca, karantin rejimi sərtləşdirilir".
Hande Harmançı bildirib ki, hazırda dünyada koronavirusun birinci dalğası müşahidə olunur: "Hazırda koronavirusla mübarizədə daha təcrübəliyik. Bu müddətdə bütün təlimatlara riayət etməli, zəruri hallarda bəzi məhdudiyyətləri tətbiq etməliyik.
Bu virus bir il müddətində bizimlə olacaq. Ən azından vaksin və ya səmərəli müalicə üsulu tapılana qədər mübarizə aparmalıyıq".