7 İyun 2020 09:15
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası beynəlxalq təşkilatlar içərisində ən qərəzli, eyri-obyektiv təşkilatlardan biridir. İnsan hüquqlarının qorunmasını öz fəaliyyətinin prioritet istiqaməti hesab etməsinə baxmayaraq heç də bu prinsiplərin əsas meyar olduğunu nümayiş etdirə bilmir.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat vurğulayıb ki, AŞPA xüsusilə ayrı-ayrı ölkələrə münasibətdə ikili yanaşmalar sərgiləyərək subyektiv qərarlar qəbul edir: "Bu qərarlar bəzən o dərəcədə qərəzli olur ki, bunu yalnız qarayaxma hesab etmək olar. Təssüf ki, Azərbaycana münasibətdə AŞPA daim qərəzli olub. Ölkəmizdə baş verən demokratik siyasi proseslərə həmişə qara eynəklə baxıb. Hətta bir çox hallarda işğalçı Ermənistanı dəstəkləməklə demokratik prinsiplərə və beynəlxalq hüquqa hörmətsizlik edib. Halbuki, beynəlxalq universal hüquq və ondan doğan insan hüquq və azadlıqlarının qorunması Avropa Şurasının fəaliyyətinin əsas qayəsini təşkil etməlidir".

Millət vəkili bildirib ki, əgər belə olmasaydı, AŞPA bu ilin mart ayının 31-də Qondarma Qarabağ rejiminin keçirdiyi saxta seçkilərə özündə cəsarət tapıb ədalətli qiymət verməyi bacarardı:

“Ancaq AŞPA bunu etmədi. Çünki həmişə ermənipərəst mövqedən, islamafob mövqedən çıxış edir. Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı, kimi beynəlxalq qurumlar, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa, Rusiya kimi böyük dövlətlər Qondarma rejimin saxta seçki şousunu tanımadıqlarını bəyan etsələr də AŞPA bu barədə əsla bir mövqe bildirmədi. Ona görə də Azərbaycan ictimai rəyində bu təşkilatın heç bir nüfuzu yoxdur. Tam əksinə onun qərəzli və ölkəmizə qarşı qarayaxma kampaniyası aparan bir təşkilat olması rəyi mövcuddur. Bu da əlbəttə, səbəbsiz deyil. Çünki hamı açıq şəkildə görür ki, AŞPA içərimizdə olan 5-ci kolona dəstək verir. Bütün hesabatlarını onların verdiyi yalan məlumatlar əsasında hazırlayır. Azərbaycanın demokratik və hüquqi dövlət imicinə zərbə vurur. Bununla da birbaşa və dolayısıyla işğalçı Ermənistana beynəlxalq ictimai rəydə dəstək vermiş olur. Halbuki dünyada insan hquq və azadlıqlarının ən çox pozulduğu, parlamentin gülləbaran edildiyi, terrorun dövlət siyasəti halına gətirildiyi ölkə Azərbaycan torpaqlarını işğal edən, bir milyondan çox insanın qaçqın və məcburi köçkün halına salaraq onların təməl hüquqlarını pozan Ermənistandır”.

Millət vəkili onu da əlavə edib ki, Ermənistan dövlət deyil yaxşı təşkilatlanmış terror təşkilatı, neofaşizimin qalasıdır: "Ancaq Avropa Şurası bütün bunları görmür. Azərbaycana gəldikdə isə heç bir əsası olmayan qərəzli qərarlar qəbul edir, insan hüquqlarının pozulduğunu iddia edir. Ona görə də AŞPA-nın ölkəmizlə bağlı qəbul etdiyi hər hansı qərar qərəzli və yalan olduğu üçün adi kağız parçası qədər dəyərsizdir".

H.Babaoğlu Azərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonuna səfəri zamanı söylədiyi nitqində bir daha diqqəti AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyinə çəkməklə bu təşkilatın yarıtmaz fəaliyyətinə obyektiv qiymət vermiş olduğunu diqqətə çatdırıb.

Deputat qeyd edib ki, bu, bir daha kimin kim olmasını, milli maraqlarımıza qarşı kimin qərəzli mövqe tutduğunu dərk etməyimiz baxımından olduqca vacib idi.


Müəllif: Tapdıq Qurbanlı