Bu gün mətbuatda Mingəçevir şəhərində bir yeniyetmə qızın özünü Kür çayına ataraq intihara cəhd etməsi barədə məlumat yayıldı. Elə indi onun ailəsinin telefon nömrəsini taparaq valideynləri ilə danışdım.
Teleqraf.com xəbər verir ki, bunu sosial şəbəkə hesabında Milli Məclisdə Mingəçevir şəhərini təmsil edən deputat Aydın Mirzəzadə bildirib.
O qeyd edib ki, yeniyetmə qızın vəziyyəti ilə maraqlanıb, ona ürək-dirək verib, hər bir gəncin xalqımız üçün dəyərli olduğunu söyləyib:
“Ona gəncliyimin necə keçdiyini danışdım. Qızın vəziyyəti yaxşıdır, hər şey arxada qalıb”.
Eyni zamanda deputat yeniyetmə qızı xilas edən Elşən adlı gəncə də zəng edib, onun qəhrəmanlığından qürur duyduğunu vurğulayıb.
Qeyd edək ki, məlum intihara cəhd hadisəsi Kür çayı üzərindəki nəqliyyat körpüsü üzərində baş verib. 2005-ci il təvəllüdlü şəhər sakini Gülşən Azər qızı Ataşova özünü körpüdən çaya atıb. “ASAN Xidmət”in Mingəçevir filialında mühafizə bölməsində çalışan Elşən Aslanov çaya atılaraq batan şəxsi xilas edib. İntihara cəhdin səbəbi məlum deyil.
Gülşən Ataşova Mingəçevirdəki Texniki Humanitar Liseyin 9-cu sinfində oxuyur.