"Dünən gecə saatlarından məni "Yeni Klinika"ya yerləşdiriblər. Bura konkret olaraq "Covid-19" xəstələrinin müalicəsi üçün təşkil olunmuş xəstəxanadır. Ölkənin ən peşəkar həkimləri, Türkiyədən gəlmiş heyət üzvləri həm də burada cəm olublar. Baxıram, şəxsən mənim burda bir günlük müalicəm, bütün xərclər daxil təxminən 500 manata başa gəlir dövlətə. Düşünürəm, bunu nə üçün etməlidir dövlət? Ona görə ki, mən məsuliyyətsizlik edib xəstələnmişəm?".
Teleqraf.com xəbər verir ki, bu barədə koronavirusa yoluxmuş şair Şəhriyar Gerani özünün feysbuk səhifəsində yazıb.
O qeyd edib ki, ölkədə son dərəcə ağır və ölümcül virus yayılıb, adamlar bir ucdan yoluxurlar, adamlar yoluxduqca da dövlət bircə-bircə nəzarətə götürüb pulsuz, tam təmənnasız müalicə eləyir, sağaldıb evlərinə yola salır.
"Bu, gerçəkdən utopiyadır və bu utopik vəziyyət hal-hazırda doğma məmləkətimiz Azərbaycanda baş verir. Biz, hər birimiz vətəndaş kimi bunun fərqində olmalıyıq, həm özümüzün, həm də dövlətimizin əlindən tutmalıyıq bu ağır günlərdə. Düzdür, mən bunun fərqində olmamışam, məsuliyyətsizlik etmişəm, ona görə də xəstələnmişəm", deyə şair qeyd edib..
Onun sözlərinə görə, insanların bu virusla şıltaq, inamsız, bir az da özbaşına davranışının əsasında dövlətə inam dayanır: "Biz dövlətə arxayınıq. Seyid cəddinə arxayın olan kimi, biz də dövlətə arxayınıq bu məsələdə. İlk günlərdən bizi inandırdılar ki, yoluxsanız, müalicə edəcəyik sizi. Ona görə də bunca məsuliyyətsizik etdik. Sizə deyim, əgər dövlət bu işdən əlini çəksə, cəmiyyətdə hərbi nizam-intizam hökm sürər. Xülasə, çalışın məsuliyyətli olun. Öz qayğınıza qalın. Eybi yox, inanmayın, amma özünüzü qoruyun. Çətindir buralar. Çox çətindir. Günlərlə düşməyən hərarət, halsızlıq, iliklərin sızıltısından ilan kimi yatağında qıvrılmaq, öskürərkən "Elə bu an boğulacam" hissi, iynələrin zindanlığı, damarların dəlik-deşik olması və s. Ən dəhşətlisi, dost-doğma adamlarının gözü yaşlı qalması və ilin-günün bu çağında xəstəxana palatasındakı ağrılı tənhalıq, təklik, ucsuz-bucaqsız heçkimlik. Allah bütün xəstələrə şəfa versin, mənə də. Allah sizi qorusun, əzizlər. Məndən nigaran qalmayın. Yavaş-yavaş düzəlirəm, yaxşılığa doğru dəyişir səhhətim. Eşqlər"!