Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi müqəddəs Qurban bayramı münasibətilə Türkiyənin Diyanət İşləri Başkanlığının, Türkiyə səfirliyinin din xidmətləri müşavirliyinin dəstəyi ilə cəbhə xəttində böyük bayram aksiyası keçirib.
İctimai Birlikdən verilən məlumata görə, birliyin rəhbərliyi Ağdamın Quzanlı və Tərtərin düşmənlə üz-üzə dayanan Həsənqaya, Çaylı və Şıxarx kəndində olublar. Tədbirdə ilk olaraq, çıxış edən Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli yerli sakinləri, şəhid və qazi ailələrini təbrik edərək, Qarabağın tezliklə azad olunacağına inandığını bildirib. O, Azərbaycan dövlətinin getdikcə artan gücünün düşmənlə müqayisə olunmaz dərəcədə yüksək olduğunu diqqətə çatdırıb. C.Əzimbəyli Türkiyənin Diyanət İşləri Başkanlığına, eləcə də səfirliyin din xidmətləri müşavirliyinə şəhid və qazi ailələrinə verdikləri dəstəyə görə təşəkkürünü bildirib.
Birliyin sədri Sevinc Əzimbəyli isə çıxış edərək, bayram münasibətilə şəhid və qazi ailələrini təbrik edərək, onların, millətin qürur yeri olduğunu söyləyib.
Görüşdə şəhid ailələri, qazilər, eləcə də Tərtərin Həsənqaya, Şıxarx və Çaylı kənd icra nümayəndələri iştirak edərək, “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin rəhbərliyinə öz təşəkkürlərini bildiriblər. Bütün görüşlərdə Qurban bayramı münasibətilə heyvanlar kəsilərək, əhaliyə bayram hədiyyəsi verilib.
Tədbir çərçivəsində cəbhə xəttində yerləşən hər üç orta məktəbin şagirdlərinə “Yeni Üfüq” ün üzvlərinin maddi dəstəyilə ayrıca hədiyyələr təqdim olunub.
Onu da qeyd edək ki, bayramın digər günlərində “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Bakı şəhərində şəhid və qazi, eləcə də imkansız ailələrə Qurban hədiyyəsi aksiyasını davam etdirəcək.