Oktyabrın 11-də ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi Gözəl” baletinin tamaşası keçiriləcək.
Bu barədə Teleqraf.com-a Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğundan məlumat verilib.
Baş konsulluğun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən səhnələşdirmə “Yeddi Gözəl” baletinin ABŞ-da ilk premyerası olacaq. Tamaşa ABŞ-ın ən böyük opera teatrlarından olan, 3 min tamaşaçı tutumuna malik San-Dieqo şəhər teatrında keçiriləcək.
Qeyd olunur ki, tanınmış San-Dieqo Baleti tərəfindən Kaliforniyanın ikinci ən böyük şəhəri olan San-Dieqoda səhnələşdirilən “Yeddi Gözəl” baletinə amerikalılar tərəfindən böyük maraq müşahidə olunur. Baletin musiqisi San-Dieqo şəhərində fəaliyyət göstərən nüfuzlu Qrossmont Kollecinin orkestri tərəfindən ifa ediləcək. Tamaşanın xoreoqrafı San-Dieqo Baletinin direktoru, yüksək mükafatlar laureatı Xavier Velasko, dirijoru isə Randal Tviddir. Bütün rollar amerikalı balerin və balerinalar tərəfindən ifa ediləcək.
Tamaşanın təbliği məqsədilə Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğu tərəfindən xüsusi internet səhifəsi (www.sevenbeauties.us) yaradılıb.
Səxavət