1 İyul 2020 15:12
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Riqa şəhərində koronavirusla gecə-gündüz mübarizə aparan həkimlərə təşəkkür məqsədi ilə 6 metr hündürlüyündə həkim heykəli ucaldılıb. Artıq planetar bir bəlaya çevrilən virus dünyada heykəllər qoydurur, bizim çoxumuz isə hələ də özümüzü virusun olmadığına inandırmağa çalışırıq. Nəyə isə inanmamaq hüququmuz var, ancaq bir reallığı da qəbul etməliyik ki, inansaq da, inanmasaq da artıq bütün dünya pandemiya şərtləri ilə fəaliyyət göstərir.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov belə deyib.

Onun sözlərinə görə, virusun yayılma təhlükəsi başlanan gündən ölkəmizdə çoxsaylı preventiv tədbirlər həyata keçirilib, ölkədaxili yayılmanın minimuma endirilməsi istiqamətində çox geniş və effektiv tədbirlər görülüb: "Operativ qaydada bütün dünya dövlətlərini böyük çətinliklə üz-üzə qoyan spirt və maska ilə bağlı ölkədaxili ehtiyacları qarşılayacaq və hətta ixracına imkan verəcək miqyasda istehsalının təşkili ilə bağlı əhəmiyyətli addımlar atıldı. Eləcə də ölkədə koronavirus xəstələrinin müalicəsinə ayrılmış çoxsaylı müasir standartlara cavab verən xəstəxanalar, həm Bakı şəhərində, həm də regionlarda modul tipli xəstəxanaların inşası həyata keçirildi ki, proses bu gün də davam etməkdədir”.

X.Bəşirov diqqətə çatdırıb ki, Azərbaycan dövləti pandemiya ilə mübarizə tədbirlərinə bütün imkanlarını səfərbər edib: "Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargah ÜST ilə əlaqəli şəkildə fasiləsiz olaraq cəmiyyətimizi müntəzəm olaraq məlumatlandırır. Qərargahın tərkibində təmsil olunan qurumların, xüsusilə də Səhiyyə Nazirliyinin, TƏBİB-in və DİN-in əməkdaşları özlərinin həyatları bahasına da olsa üzərinə düşən vəzifələri yerinə yetirməkdədirlər. Hazırki şəraitdə vətəndaş olaraq bizim də öhdəmizə düşən və etməli olduğumuz ən ağıllı seçim “oyun”lar barədə böyük düşüncələrimizi bir kənara qoyub, özümüzü və ətrafımızdakıları qorumaqla ölümlərin qarşısının alınmasına öz töhfəmizi verməkdir. Çünki bizə yalnız bir dəfə verilən həyatımız hansısa oyunun olub-olmamasına dair düşüncələrimizin eksperimentinin qurbanına çevrilə biləcək qədər dəyərsiz deyil. Bizdən tələb olunan odur ki, özümüzü, bilavasitə sevdiklərimizi və cəmiyyəti qorumaq üçün müəyyən edilmiş sadə qaydalara əməl etməkdir. Bunu edəcəyimiz təqdirdə, yaxşı halda həyatımızı bu dünyəvi bəladan qoruyacaq, pis halda isə “itirəcəyimiz” şəxsi gigiyena qaydalarına riayət etməyə sərf edəcəyimiz zaman olacaq”.


Müəllif: Tapdıq Qurbanlı