3 İyul 2020 01:47
3 757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqlərində ölkəmizdəki pandemiya xəstəxanalarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər barədə mütəmadi məlumat verilir. Bu dövrdə ölkəyə xeyli yeni tibbi cihazlar gətirilib.

Tibbi avadanlıqlar üzrə mütəxəssis, Tesla Medikal Servisin müdiri Elgün Əhmədov bu cihazların başqalarından fərqi, üstünlükləri, eyni zamanda regionlarımızda epidemioloji vəziyyət barədə Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Elgün bəy, bu günə qədər neçə pandemiya xəstəxanasına texniki cihaz quraşdırmısınız?

- Ölkə üzrə bu günə qədər quraşdırdığımız və təlim keçdiyimiz cihazların sayı 500-ə çatmaq üzrədir. Bu, yalnız pandemiya dövründə quraşdırılan cihazlardır.


- Bu texniki təchizat avadanlıqları əsasən hansılardır? Ən çox hansı avadanlıqlara ehtiyac olur?

- Ölkəyə müxtəlif təyinatlı cihazlar gətirilib. Buraya defibrillator, pasient monitor, ultrasəs cihazı, ECMO aparatı, mexaniki flowmetrlər və ən əsası süni tənəffüs aparatları, non invaziv terapiya cihazları daxildir. Mövcud xəstələr üçün əsas tələbat ağırlaşma növündən asılı olaraq non invaziv terapiya cihazları və süni tənəffüs aparatları təşkil edir.

- Ümumiyyətlə, pandemiya xəstəxanalarının kifayət qədər texniki təchizat varmı?

- Pandemiya ilə mübarizəyə sövq edilmiş müəssisələrin təchizatı davam edir. Ölkə daxilində COVID-19 dövründən əvvəl mövcud olan və bu dövrdə gətirilən cihazlar da daxil olmaqla təchizada heç bir problem yoxdur.


- Bu avadanlıqlar hansı ölkələrdən gətirilir? Təxminən nə qədər maliyyə sərf olunub?

- Gətirilən avadanlıqlar Almaniya, Çin, Türkiyə, İsveçrə, Danimarka və sairə ölkələrin aparıcı brendləridir.
Cihazların gətirilməsi üçün xərclənən maliyyəni deyə bilmərəm. Amma bildiyim odur ki, təyinatına görə məşğul olduğumuz cihazların qiyməti 40 000- 200 000 dollar arasında dəyişir.


- Bəhram Bağırzadənin qoşulduğu ECMO cihazının digərləri ilə müqayisədə baha olmasının səbəbi nədir?

- ECMO cihazı ilə süni tənəffüs apatları tamam ayrı mexanizmlə işləyir. ECMO cihazı açıq ürək əməliyyatlarında istifadə olunan ürək-ağciyər maşınının başqa bir modifikasiyasıdır. ECMO böyük bir damardan qanı alıb oksigenlə zənginləşdirməyə xidmət edir. Cihaz xəstəni sağaltmır, həkimlərə bu cihaza qoşulmuş pasiyentlərin müalicəsinin davam etdirilməsinə əlavə vaxt qazandırır.


- Avadanlıqları quraşdırmaq üçün rayonlara səfər edirsiniz. Rayonlarda vəziyyət necədir? Çarpayı fondu kifayət edirmi?

- Bölgələrdə vəziyyət ürəkaçan deyil, həkimlərimizin "sağalacaq" ümidi ilə yanaşdığı və can yandırdığı xəstələr çarpayını tərk etməmiş onun yerinə başqa bir COVID-19 diaqnozlu xəstə növbəyə yazılır. Yoluxma intensivdir. Regionlarda çarpayı fondu kifayət qədər var və yetərlidir.


- Müşahidələrinizə əsasən, ən çox hansı rayonda yoluxma çoxdur?

- Regionlarda yoluxma faktları öz nizamından çıxıb, əvvəllər ən təhlükəli hesab olunan regionlar digər ölkələrlə həmsərhəd olan rayonlar hesab olunurdusa, indi belə deyil. Yoluxma dinamikası daşıyıcıların harada daha çox olmasından asılıdır.


- Bu qədər gərgin iş rejimində özünüzü necə qoruyursunuz?

- Qaydalara əməl edirik. Müəssisələrə daxil olarkən hərarətimiz ölçülür. Çıxanda da bu qaydalara riayət olunur.

- Ailəniz, yaxud yaxınlarınız arasında yoluxan varmı?

- Xeyli sayda virusa yoluxmuş yaxınlarım var. Bir nəfər vəfat edib.

- Hazırkı çətin vəziyyətə şahid olan biri kimi hələ də qaydalara riayət etməyən insanlara sözünüz nədir?

- Bugün küçədə qoruyucu vasitəsiz gəzən, qaydalardan kənarda hərəkət edən vətəndaşlara bu qaydaları sevdirmək lazımdır. Düşünürəm ki, cəza islah növü sayıla bilməz. Öncə maddi-mənəvi baxımdan aşağı olan vəziyyəti yoluna qoymaq, sonra tələb etmək mümkündür.


Müəllif: Aysel Azad