"Hazırda Bakı şəhərində rayonlar üzrə uşaq və böyüklər üçün şəhər poliklinikaları, birləşmiş şəhər xəstəxanaları və sağlamlıq mərkəzlərindən ibarət 87 tibb müəssisisəsi fəaliyyət göstərir. İşçi qrupu rəhbərliyinin qərarı ilə Bakı Baş Səhiyyə İdarəsinin tabeçiliyində olan ərazi bölgüsü əsasında həmin 87 tibb müəssisəsini əhatə edən COVID-19-la mübarizə məqsədi ilə 39 ərazi tibb məntəqəsi yaradılıb".
Bunu Bakı Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova deyib.
O qeyd edib ki, yaradılmış tibb məntəqələrinin əsas öhdəliyi COVID-19 virusuna yoluxmuş simptomsuz və yüngül keçirən xəstələrin ev şəraitində müayinə və müalicəsini təmin etməkdir: "Səhiyyə Nazirliyi nəzdində yaradılmış işçi qrupunun vəzifələrinə həmin ərazi tibb məntəqələrinin işinin düzgün təşkili, işçi heyətinin təlimatlandırılması, iş prosesinin idarəedilməsi, koordinasıyası, monitorinqi və keyfiyyətə nəzarət aiddir".
N.Veysova bildirib ki, ölkədə yoluxma sayının azaldılması məqsədilə çoxsaylı tədbirlər görülür və ictimaiyyət Səhiyyə Nazirliyi tərəfindən atılan bütün addımlar barədə mütamadi olaraq məlumatlandırılacaq.
İdarə rəisi şəhər sakinlərinə müraciət edib: “Ölkəmiz çətin günlər yaşayır və bu vəziyyətdən çıxış yolu tapmaq hər bir Azərbaycanlının vətəndaş borcudur. Xalqımızdan güclü və məsuliyyətli olmağını gözləyirik. Biz də tibb heyəti olaraq əlimizdən gələn peşə və vətəndaş borcumuzu icra etməyə hazırıq.”
Baş Səhiyyə İdarəsinin rəisi bildirib ki, son həftə ərzində COVİD-19 virusunun müayinə və müalicəsi məqsədilə şəhər sakinlərinin poliklinikalara axınının çoxalması virusun yayılmasına səbəb ola bilər və bu səbəbdən COVİD-19 virusuna yoluxma şübhəsi olan vətəndaşlara xahiş ilə müraciət etdi ki, poliklinikalara getməkdən çəkinsinlər və ilkin məsləhət və müayinə üçün telefon zəngi vasitəsilə sahə poliklinikaları ilə əlaqə saxlasınlar. Sahə poliklinikarının əlaqə nömrələrinin siyahısı Səhiyyə Nazirliyinin saytında yerləşdirilmişdir. /Report/