7 İyul 2020 10:16
71 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair Ruslan Dost Əli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

-Ruslan, ədəbi mühitimiz haqda nə düşünürsünüz, necə görünür kənardan?

- Ədəbi mühitdə qəribə dağınıqlıq var. Modern forma axtarışları bizi yolumuzdan sapdırıb. Sözün müqəddəs hesab olunduğu dövrləri kitablardan da olsa oxumuşuq, söhbətlərdə eşitmişik. “Filankəs filan sözü necə yerində tapıb” eyforiyasından, situasiyanın hegemonluq elədiyi ədəbiyyata keçid çox ağır gedir. Biz keçmişdən gələcəyə körpü ilə getmirik, sanki sel bizi aparır. Məncə, bu pərakəndəlik, boğulma bitəndə hər şey qaydasına düşəcək.

- Sizcə, ədəbiyyat adamlarının əsas problemi nə ilə bağlıdır?

- İnternet dövründə yaşayırıq. Günü-gündən daha çox virtuallaşırıq, sosial şəbəkələrə köçürük. Ədəbiyyat isə bu inkişafın sürətinə çata bilmir. Həyat ədəbiyyatdan daha maraqlı, sürətli və oxunaqlıdır. Çalışıb bu sürətə çatmaq, ona ayaq uydurmaq lazımdır.

- Yəni çatışmayan nədir?

- Kimdə nəyin çatışmadığını onun özündən yaxşı bilən olmaz. Mən öz adımdan danışa bilərəm və deyə bilərəm ki, istədiyim bütün kitabları oxumağa vaxtım çatmır. Görünür, vaxtımı düzgün hesablaya bilmirəm. Xarici dil öyrənib, bir sıra kitabları orijinaldan oxumaq istəyirəm. Həm də elə kitablar var, onların tərcüməsi yoxdur. Bir də bütün insanlarla heç olmasa, iki cümləlik söhbət eləməliyəm.

- Bəs bizi dünya ədəbiyyatından geri qoyan səbəblər nədir?

- Mənim düşüncəmə görə, ədəbiyyat yaranandan hər qərinədə bir nöqtə düşüncə mərkəzi olur. Tutaq ki, Nizaminin, Füzulinin zamanında düşüncə mərkəzi şeiriydi – biziydik. İndi başqalarıdır. İndi düşüncə və ruh mərkəzi Qərbdir. Amma inanın bu da müvəqqətidir. Onlar da nə vaxtsa bizə can atacaqlar, bizə çatmağa çalışacaqlar. Yəni burada geri qalmaq məsələsi yoxdur, burada kimsə geri qalmır, bu, marafon və ya yarış deyil. Özünü yaradıcı təqdimetmə formasıdır. Sadəcə indi onlar dəbdədir.

- Dünyaya çıxmaq çoxmu önəmlidir?

- Düşünürəm, bu suala cavab vermək üçün təcrübəm azlıq edər. Daha stajlı ədəbiyyat adamları doğrusunu bilər. Şəxsi fikrim budur ki, dünyanın balacalaşdığı, sərhədlərin qısaldığı, elm və texnologiyanın vüsət aldığı qlobal dünyada hamı bir-birini yaxşı görür. Sən ora çıxsan da, çıxmasan da yaxşı ədəbi mətn hamıya maraqlıdır və onu axtarıb tapırlar.

Sadəcə müəyyən standartları bilmək və ona əməl eləmək lazımdır. Mənim şeirlərim qazax, özbək, türk dillərinə təcümə olunub. Amma onlar öz dilimzidə daha doğmadır. Bilmirəm, bəlkə hansısa şeirim fransızca daha çox xoşuma gələ bilər. Yəni “ədəbiyyat mütləq dünyaya çıxmalıdır” iddasını yanlış hesab edirəm. Sən yaxşı yazsan, dünya özü sənə çıxacaq.

- Bəzən belə fikir səsləndirilir ki, artıq şeir dövrü deyil, poeziya ölüb, ona o qədər də maraq yoxdur.

- Əksinə, elə indi həmişəkindən daha çox şeir dövrüdür. İnsanların uzun-uzadı nağıllar, mülahizələr dinləməyə həvəsi qalmayıb. Palaz-palaz yazıları, araşdırmaları, hətta rəsmi məlumatları belə heç kim oxumur. Oxuyanların da bilavasitə işinə, peşəsinə bağlı olan məsələdir. Yəni nəsə bir çıxarı var.

İndi insanlara şeir dili ilə müraciət eləmək lazımdır. Qısa, lakonik. İstənilən vacib, sosial-ictimai çəkisi olan məlumatı şeir formasına salıb cəmiyyətə ötürmək olar. Eyni zamanda, şair ictimai-siyasi məsələlərə dair yanaşmasını şeirlə ortaya qoymalıdır. Bizdə bu da yoxdur. İnanıram ki, olsa, bu daha effektiv olar. Bu mənada şeir çox praqmatikdir.

- Bəs müasir ədəbiyyatımızın üstünlükləri nələrdir?

- İndi həmişəkindən daha çox peşəkarlığa daha çox meyl artıb. Hamı yaxşı yazmağa çalışır. Məncə, indi ədəbiyyatçılar zəif nöqtələrini daha yaxşı görürlər. İllər öncə bu tendensiya yox idi. Həm də indi informasiya toplamaq, başqa təcrübələri öyrənmək daha rahatdır. Bu da yazılan müasir əsərlərə çox yansıyıb. Təbii, hələ işin başlanğıcındayıq. Daha səs-küylü əsərlərin yaranacağına inanıram.

- Üzə çıxarılası yazarlarımızdan kimlərin adlarını çəkə bilərsiniz?

- Düşünmürəm ki, mütləq ad çəkməklə ortaya çıxacaq hansısa siyahı bu suala cavab ola bilər. Mən hamını oxuyuram, çalışıram yeni tendensiyalardan da xəbərdar olum. Təbii favoritlərim var, eyni zamanda, bəyənmədiklərim də. Onların özləriylə bu mövzuda polemikalarımız da olur. Amma ad çəkə bilməyəcəm. Çünki adlar situasiyanı konkretləşdirir. Ədəbiyatı isə planlaşdırmaq olmaz. Bu gün bəyənmədiyimiz bir ədəbiyyat adamı sabah Nobel mükafatına laiq bir əsər yaza bilər. Qoy yazmaq istəyənlərin hamısı yazsın. Onsuz da onlar ədəbiyyatı yox, ədəbiyyat onları seçəcək.

- Bəzən deyirlər ki, Azərbaycan dilində yaxşı əsər yazmaq çətindir və ya mümkün deyil. Bu belədirmi?

- Bu, yaxşı əsər yaza bilməyənlərin axmaq bəhanəsidir. Mən dilçi deyiləm, amma Azərbaycan dilinin kifayət qədər zəngin, yaxşı ədəbi nümunə yarada bilmək üçün də yetərincə əlverişli olduğunu deyə bilərəm. Necə oldu ki, İsi Məlikzadə bu dildə şedevr yarada bildi, amma sən yaratmaq istədin, sənə dil mane oldu?

- Niyə özümüzü bəyənə və ya sevdirə bilmirik?

- Özümüz ola bilmirik, ona görə. Bizim əsas problemimiz buradadır. Həmişə özümüzü kiməsə oxşatmağa çalışırıq. Danışanda da, yeriyəndə də, hətta yemək yeyəndə də kiməsə bənzəməyə çalışırıq. Kim oluruqsa olaq, bircə amandır, özümüz olmayaq. Bir də ayılırıq ki, nə başqası ola bilmişik, nə də özümüz. İmitasiya eləyə-eləyə yaşamışıq, gedib.

Şopenhauer deyirdi ki, başqalarına bənzəməyə çalışaraq mənliyinizin dörddə üç hissəsini itirərsiniz. Görün, bizim cəmiyyətdə əsl özündən əsər-əlamət qalmayan neçə-neçə ictimai xadim, müəllim, redaktor, şair var.

- Göz önündə görünməyə o qədər də can atmırsınız. Niyə?

- Bir ilə yaxındır, demək olar, ədəbi saytlara, qəzetlərə şeir, yazı göndərmirəm. Sağ olsunlar, arada dostlar yazırlar, deyirlər şeir göndər, yayımlayaq. Bu bir il mənim üçün çox ağır keçib. Hər şeyi bir rəngdə görürdüm. Ruhən narahat idim. Standart həyata öyrənmək yaradıcı insan üçün çətin olur. Müəyyən bir çərçivəyə sığmaq, məhdudiyyətlərlə yaşamaq yaradıcılığı öldürür. Bu şərtlər qarşısında tab gətirrmək asan deyil, düşdüyün mühitdə yaradıcı ruhu bəzən qorumaq olur, bəzən yox.

Kim deyirsə ki, əsas ruhən, daxilən azad olmaqdır, boş şeydir, inanmayın. İnsanın daxili azadlığı onun fiziki azadlığına birbaşa bağlıdır. Yəni mənim üçün belədir. Məsələn, evdə oturub şeir yazdığım yadıma gəlmir. Mən şeir yazanda göy üzünü mütləq görməliyəm. Qarşımda heç bir maneə olmamalıdır, bütövlükdə azad və sərbəst olmalıyam.

İndi-indi özümə gəlirəm. 2016-cı ildə ilk kitabım nəşr edilmişdi. Dörd il keçir, düşünürəm ki, növbəti kitabın vaxtıdır. Qəzetlərə, saytlara da yeni şeirlər, yazılar göndərəcəm. Bu müsahibəni də dönüşün başlanğıcı kimi qiymətləndirirəm. Yeri gəlmişkən, buna görə bütün Teleqrafçılara təşəkkür edirəm.

Gündəmdə qalmaq məsələsinə gəlincə, heç vaxt belə bir “azarım” olmayıb. Şair özünü və ya sözünü yox, söz onu təqdim eləməlidir. Mən belə görmüşəm. İndi gənc şairlərin əksəriyyəti görürlər ki, şeirlə alınmır, başlayırlar müxtəlif priyomlardan istifadə eləməyə. Tanrını heç kim görməyib, amma hamı onu tanıyır, hamı onun haqqında danışır. Vur-tut bir kitabı var, o da hamıya tanışdır. Mən tanrı olmaq iddiasında deyiləm, nə də kimlərəsə “tanrı olun” demirəm, amma məncə, gizlənənlər, gizlində olanlar daha maraqlıdır.

- Müasir Azərbaycan poeziyasının başlanğıc nöqtələri kimlərdir?

- Mən Vaqif Bayatlını, Ramiz Rövşəni, Əlisəmid Kürü, Salam Sarvanı məmnuniyyətlə oxuyuram və bu şairləri hələ də çox müasir hesab edirəm.

- Bəzən də deyirlər ki, poeziyamız nəsrimizdən daha qabaqdadır.

- Bilirsiniz, belə deyək, şeir bizim hissimizin, uzaqbaşı altşüurumuzun ifadəsidir, nəsr isə düşüncəmizin. Görünür, hissimizi düşüncəyə çevirmək məsələsində tənbəlik. Ən azı, nəsr yazmaq böyük zəhmət və vaxt tələb edir. Biz həyatı necə yaşayırıqsa, ədəbiyyat işlərini də o cür görürük. Fikir veririsiniz, ətrafda bir xaos var. Hamı qaçaqaçdadır. Elə bil, hamımız nəsə itirmişik. Bu vurhavurda oturub nəsr yazmaq hər oğulun hünəri deyil.

Şeir əlüstüdür, tezbazardır - onu metroda da yazmaq olur, küçədə də. Özünü tanıtmaq baxımından da şeir daha üstündür. Ədəbi tədbirlərdə, ədəbiyyat verlişlərində, ya hansısa bir məclisdə yerindən qalxıb nəsr oxuyan görmüsünüz? Yox. Bu mənada da şeir özünü daha tez büruzə verir. Nəsri yazmağa da, oxumağa da hövsələ, təmkin lazımdır, bu da bizdə yoxdur.

- Deyənlər də var ki, yaradıcı adamlarımızın bir çoxunun intellektual səviyyəsi aşağıdır. İntellektual olmaq çoxmu önəmlidir?

- Bunu təkcə yaradıcı insanlara şamil eləməzdim. Toplum olaraq intellektual səviyyəmiz çox aşağıdır. Analitik qabiliyyətimiz həddindən artıq zəifdir. Bir növ, əyləncə üçün yaşamağı üstün tuturuq. Martin Lüter deyirdi ki, balıqlar kimi üzməyi, quşlar kimi uçmağı öyrəndik, ancaq bu zaman çox sadə bir məsələni unutduq: insan kimi yaşamaq. İndi biz yeri gəlsə üzməyi də, lap uçmağı da öyrənərik. Amma kitab oxumaq, öyrənmək, araşdırmaq vərdişini formalaşdıra bilməmişik. Hələ də votsapımıza gələn mesajı 10 nəfərə göndərməklə xoşbəxt olacağımıza inanan adamlarıq.

- Özünüz haqda nə düşünürsünüz?

- Maraqlı sualdır. Mən öz yaradıcılığım haqda nə düşünürəm? Yəqin bütün yazarların papaqlarını qabaqlarına qoyub fikirləşdiyi an olur. Məndə olmayıb. Hələ yazacaqlarım çoxdur. Onların hamısını mütləq yazmaq lazımdır.

- Ədəbiyyatımızın gələcəyi haqda nə düşünürsünüz?

- Ümumiyyətlə gələcək haqda nadir hallarda düşünürəm. İndiki halda isə gələcək haqda düşünmək də, yazmaq da, danışmaq da absurddur. Yalnız bir şey dəyişməz olaraq qalır: ədəbiyyat həmişə olub, var və yenə olacaq. Nə yaxşı ki, bu, belədir. Çünki dünya gedikcə daha çox yalnız adamlar toplusuna çevrilir. Yalnız adamlar hamısı mühacirdir. Ədəbiyyat isə yalnız adamların qeyri-siyasi sığınacağıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər