İstanbuldakı məşhur azərbaycanlılara aid məzarları araşdırarkən Türkiyənin İstiqlal Savaşında iştirak etmiş zabitlərimizdən Çingiz Şahtaxtinski Yurdçunun məzarını da ziyarət etmişdik. Məzarlıq müdirliyinin əməkdaşı bizə məzarın yerini izah edərkən bilgisayarın arxivindəki 10 il əvvəl çəkilmiş məzarın şəklini də göstərmişdi. Amma məzar yerinə getdiyimizdə təəssüfedici halla qarşılaşdıq…
Mühacir hərbçilərimizdən Çingiz Yurdçu 1898-ci ildə Naxçıvanda - Şərur mahalının Şahtaxtı kəndində anadan olub. Atası Əliqulu ağa Rusiya ordusunun mayoru olub, ordudan əlil kimi istefaya buraxıldıqdan sonra Şahtaxtı kəndinə qayıdıb. Əliqulu ağanın atası Hacı Vəli ağa Naxçıvan və İrəvanda, eləcə də Tiflisdə tanınmış zadəgan olub. “Kavkaz” qəzetində (1856-cı il) Qafqazın baş komandanı general-adyutant Muravyovun həmin ilin 6 iyulunda verdiyi bir əmrdə Hacı Vəli ağa Hacı İsa Sultan oğlunun “İgidliyə görə” qızıl medalla təltif edilməsi, Rusiya ordusunda müsəlmanlardan ibarət atlı süvari polkunun naibi olması haqqında məlumat mövcuddur.
Çingiz Şahtaxtinski ilk təhsilini Naxçıvandakı rus-türk məktəbində alıb. Onun İlyas ağa (o da Türkiyədə yaşayıb), İsmayıl ağa və Məmmədhüseyn ağa adlı qardaşları da olub. Çingiz bəyin Tiflisdə və Sankt-Peterburqda hərbi təhsil alması ilə bağlı şifahi məlumatlar mövcuddur. 1918-ci ildən sonra Çingiz Şahtaxtinskinin adına Naxçıvan tarixi ilə bağlı yazılan sənədlərdə rast gəlinir. Erməni daşnakları Qarsda, İrəvanda, Şərurda və Naxçıvanda azğınlıq etdiyi illərdə (1918-1920) onun adı ən yaxşı döyüşçü kimi çəkilib.
Çingiz bəy 1919-cu ildə Bakıda hərbi məktəbi bitirib, Azərbaycan Ordusunda xidmətə başlayıb. Azərbaycanın istilasından sonra bolşeviklərə qarşı mübarizə aparıb, sonra Türkiyəyə mühacirət edib. Mustafa Kamal paşanın rəhbərliyi ilə Türkiyənin istiqlal savaşı başladığı zaman yüzbaşı kimi bu müharibəyə qatılıb, yunanlara qarşı aparılan şiddətli döyüşlərdə bir ayağını itirib. “Azərbaycan” jurnalındakı nekroloqa görə, Yurdçu ayağını itirməsinə görə həmişə belə deyərmiş: “Anadolu istiqlal savaşında qazi oldum, kaş ömrüm vəfa etsin, Azərbaycanın İstiqlal hərbində də şəhid olum!”
Şahtaxtinskilərdən Kamil ağanın anası qarxunlu Zivər xanımın oğluna söylədiyi xatirələrindən məlum olur ki, həmin illərdə Naxçıvana köməyə gələn türk əsgərlərinin qərargahı Şahtaxtı kəndində yerləşirmiş və Xəlil bəy Şahtaxtlıların yaxın dostları imiş. 1921-ci ildə Moskvaya gedən Türkiyə hökumət nümayəndə heyətini mühafizə edənlərdən biri də Çingiz bəy Şahtaxtinski olub. Döyüşlərdə əlil olan Çingiz bəy həyat yoldaşına yazıb ki, “artıq yarımadam olmuşam, bilmirəm indi məni sevəcəksən, ya yox? Əgər sevməyəcəksənsə evə qayıtmayım”. Həyat yoldaşı isə ona yazır ki, “indi daha çox sevəcəyəm, sən Türkiyənin müstəqilliyi uğrunda Qazi oldun”.
Çingiz Yurtçu 1961-ci il fevralın 4-də vəfat edib, ertəsi gün günorta Bağdad küçəsi üzərindəki Ərənköy məscidində cənazə namazı qılındıqdan sonra Qaraca Əhməd məzarlığında dəfn olunub.
Ç.Yurdçunun ilk məzarının üzərində belə yazılıbmış: “İstiklal Harbi Malul Gazisi Azerbaycan Eşrafından Cengiz Yurtçu (Şahtahtinski) Burada Medfundur”.
Ailə məzar yerini sonradan təmir etdiyi üçün, təəssüf ki, mövcud məzar daşında bu ifadələr yer almayıb.
Çingiz bəy Faidə xanımla (1976-cı ilin avqustunda vəfat edib) ailə qurub, Güldərən və Könül adlı övladları olub. Qızı Güldərənin (Gülderen Akpınar, 28.01.1926-01.04.2011) məzarı da Qaraca Əhməddə onun yanındadır.
Musa Quliyevə görə, Kəngərlidəki Yurdçu kəndi Şahtaxtinskilərin ata-babadan miras kəndləri olub. Çingizin atası Əliqulu ağanın da miras torpaqları əsasən Şahtaxtı və Yurdçuda yerləşib. Çingiz Şahtaxtinskinin Türkiyədə Yurdçu soyadını götürməsi də bununla bağlı olduğu ehtimal olunur.7
Qaynaq:
1. Quliyev Musa. Şahtaxtinskilər tariximizdə və taleyimizdə. Naxçıvan, 2010.
2. “Azerbaycan”, 106-107-108-ci say, 1961