Koronovirusa qarşı vaksin hazırlamaq cəhdləri hələlik nəticə verməyib. Epidemiyanın tipik simptomlarını aradan qaldırmaq üçün istifadə olunan dərmanlardan birinin arbidol olduğu bildirilir. Bu dərman isə paytaxtda fəaliyyət göstərən apteklərinin heç birində tapılmır.
Teleqraf.com-un şəhərdə fəaliyyət göstərən bir neçə aptekdən apardığı müşahidələri göstərir ki, adıçəkilən dərmanla bağlı ciddi çatışmazlıq var. Bununla yanaşı, apteklərdə immun sistemini gücləndirən müxtəlif vitamin qrupundan olan dərmanların, eləcə də bəzi sistemlərə qatılan iynə və məhlullarının da yoxa çıxdığı müşahidə edilir.
Xatırladaq ki, Operativ Qərargahın birifinqində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov apteklərdə dərmanlarla bağlı nəzarətin artırılacağını demişdi. Eyni zamanda o bildirmişdi ki, özünü müalicə düzgün deyil: “Müalicə prosesi həkim nəzarəti altında olmalıdır. İnsanların arbidol və digər dərmanları alıb, özbaşına müalicə aparmaları düzgün deyil”.
Qeyd edək ki, arbidol rəsmi olaraq COVID-19-a yoluxmuş şəxslərin istər evdə klinik idarə edilməsi zamanı, istərsə də xəstəxana müalicəsində işlənən dərmanların siyahısında yer almayıb.
Buna baxmayaraq, əldə etdiyimiz reseptlərdə virus aşkar olunmuş xəstələr üçün istifadə olunan əsas dərman preparatlarının içərisində arbidola rast gəlmək olur.
Bu siyahı aşağıdakı kimidir:
Azithromycin (N3) tabletka - (4-8 AZN), Seftriakson (0.74 AZN), Asistan (N10) - inyeksiya üçün məhlul (12,12 AZN), Kleksan (N10) - ineksiya üçün məhlul (102,03 AZN), Sulfokamfokain (N10) - inyeksiya üçün məhlul (3.56 - 3,91 AZN), Pantoprazol (N1) - ineksiya üçün məhlul (9.9 AZN), Deksametazon (N25) - inyeksiya üçün məhlul (9,31 AZN) Heptral (N5) - (62, 05 AZN), Metrogil sistem (N1) (1,62 AZN), Arbidol (N30) (24,66 AZN), Paskorbin sistemi (N1) - (22,62 AZN) və müxtəlif vitamin kompleksləri.
Qeyd edək ki, qiymətlər dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymət axtarış sistemi olan Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının rəsmi internet saytına istinadən hazırlanıb.
Deputat Fazil Mustafa bildirib ki, arbidolun tapılmaması ilə bağlı virusa yoluxmuş tanıdığı bir neçə nəfər ona müraciət edib: “Bu xəstələr ümidlərini mənə bağlamışdılar ki, bəlkə dərmanı tapa bilərəm. Tanışlar vasitəsi dərmanı axtardım, amma tapmağa gücüm çatmadı. Bildirdilər ki, preparat internet vasitəsi ilə daxil olur və dərhal da paylaşdırılır. Amma bu, çox böyük problem yaradır, vətəndaşların bu dərmanı ən azı reseptlə əldə etməsi vacibdir. Xəstə olmayanın bu dərmanı alıb evinə yığmasının mənası yoxdur. Kim xəstədirsə, o insanlar bundan faydalanmalıdır”.
Deputat deyir ki, arbidol çox bahalı dərman olmasa da, tapılması müşkülə çevrilib: “Bu istiqamətdə aidiyyəti qurumlar mütləq ciddi tədbirlər görməlidir. Çünki bu çatışmazlıq müəyyən narazılıq yaradır. Bu dərmanlar resept əsasında satılmalıdır, əks halda insanlar küyə düşərək alıb ehtiyat kimi yığacaqlar. Resept əsasında satışı təşkil olunarsa, vətəndaşların vəziyyəti nisbətən yüngülləşər. Bu istiqamətdə müraciət etdiyim qurumlardan hələlik müsbət cavab ala bilməmişəm”.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, apteklərdə tapılmayan dərmanları kənar şəxslərin əli ilə almaq mümkündür. Dərmanların “qara bazar”da formalaşan qiymətləri də fantastik həddədir. Belə ki, adının açıqlanmasın istəməyən vətəndaşın sözlərinə görə, koronavirus xəstələri üçün vacib olan 12 manatlıq dərmanı 50 manata satıblar.
Fazil Mustafa bunu möhtəkirlik adlandırıb: “Əgər belə faktlar varsa, hüquq-mühafizə orqanları dərhal araşdırma aparmalıdır. Bu dərmanları ötürən və satan şəbəkəni aşkara çıxarmalıdırlar. Çünki heç bir halda bu dərmanlar qeyri-rəsmi formada satıla bilməz”.
Apteklərdə dərmanlarla bağlı nəzarətin artırılmasına gəlincə, deputat bildirib ki, aptekləri vahid mərkəzdən təmin etmək lazımdır: “Hər halda arbidol çatışmazlığı qıtlıqla bağlı ola bilər. Bunu kimlərsə möhtəkirlik vasitəsinə çevirməsin deyə reseptlə məsələnin həlli vacibdir. Bu istiqamətdə düşünmək lazımdır. Açıqlanan fikirlərlə də tam razılaşa bilmirəm. Dərmanı nəzarətə götürmək onun yoxluğunu müəyyən dərəcədə təminat altına almaq demək deyil. Çünki dövlətin borcudur ki, bu işi tənzimləsin. Belə bir vəziyyətdə insanlar sıxıntı içində qala bilməzlər”.
İqtisadçı-alim Qubad İbadoğlu bildirib ki, koronavirusa qarşı istifadə edilən favipravir “qara bazar”da 5000 manata satılır. O, bu fikirlərə ön cəbhədə vuruşan həkimlərin ünvanladığı məktublar əsasında gəldiyini deyib:
“Koronavirus pandemiyası Azərbaycanda daha çox işbazların işinə yarıyır. Onlar virusun geniş yayılmasından istifadə edərək, bəzi dərmanların “qara bazar”ını yaradır, ölüdən də, diridən də pul qazanaraq, xalqın bu ağır günündən faydalanırlar. Həkimlər yazır ki, hazırda Azərbaycanda koronavirusun müalicəsi adı ilə istifadə edilən antiviral dərmanlar (arbidol, kalitra, erqoferon və tamiflu ) bu xəstəliyin və virusun spesifik müalicəsi üçün nəzərdə tutulmayıb. Parasetamol, vitamin, steroid və digər dərmanların olmaması isə gülüncdür.
Əslində müalicə üçün Qida və Dərman administrasiyasının (FDA) rəy verdiyi dərmanlar remdesvir və favipravirdir. Remdesvirin dünyadakı 3 aylıq anbarını ABŞ alıb, favipravir isə ölkəmizdə olduqca azdır. 30 tabletkalı bir qutunun qiyməti 50 manat olan bu dərman "qara bazar"da 5000 manata satılır”.
Qubad İbadoğlu deyib ki, həkimlərdən aldığı məlumata görə, hazırda müalicənin effekti insanların immunitetləri ilə həkimlərin ağırlaşmaları önləməsindən asılıdır: “Süni tənəffüs aparatına qoşulanlar arasında ölüm halları 90 faizdən yüksəkdir. Verilən informasiyaya görə, dövlətin sifariş etdiyi tibbi ləvazimat və aparatların çoxu ölkəyə gətirilməyib və bundan sonra gəlməsi də imkansızdır. Həkimlər təklif edirlər ki, artıq Türkiyədə də istehsalı başlanan favipravir alınıb ölkəyə gətirilsə, ölüm dəfələrlə az olar”.
Tibb elmləri doktoru, professor Adil Qeybullanın isə məsələyə baxışı fərqlidir. Professor adıçəkilən dərmanın virusa qarşı mübarizədə mənasız olduğu qənaətindədir: “İstər arbidol, istərsə də regoferon olsun, bunlar tamamilə mifik preparatlardır. Virusa təsir edən yeganə dərman denqe qızdırmasına istifadə olunan remdesevirdir. Bu, çox bahalı preparatdır, Azərbaycanda yoxdur, heç gətirilmir də, qiyməti də əhalinin imkanları xaricindədir.
ABŞ Prezidenti Donald Tramp firmadan remdesevir tabletlərini alıb. Bir qutu preparatın qiyməti 2000 dollardan yüksəkdir. Bunu Azərbaycana kim alıb gətirəcək?! Əsas odur ki, bu dərman bizim üçün əlçatan deyil. Bu baxımdan da antiviral dərmanları almaq, mənasız preparatlarla bədəni zəhərləmək lazım deyil”.
Adil Qeybullanın sözlərinə görə, arbidol heç vaxt Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) reseptində olmayıb: “Bu dərmanın koronavirus aşkar olunmuş xəstələrə istifadə olunması ideyası Rusiyanın işidir. Rusiya bundan 2,4 milyard dollar xeyir götürüb. Mənasız dərmandır, insanlara desən də ağıllanmırlar. Bu xəstəliyin spesifik müalicəsi yoxdur, yalnız simptomatik müalicəsi aparılır. Birdəfəlik əhali bilsin ki, arbidol, erqoferon və digər antiviral dərmanların bu xəstəlikdə təsiri yoxdur. Bunu heç axtarmağa da dəyməz”.
Professor deyir ki, əsas müalicə simptomatikdir: “Orqanizmin immun sistemini möhkəmləndirilməli, vitamin balansını normada saxlamaq üçün tədbirlər görülməlidir. Daha çox intoksikasiyanı götürən, orqanizmi və immun sistemini möhkəmləndirən müalicələr almaq lazımdır”.
Səhiyyə Nazirliyindən bildirilib ki, arbidol COVİD-19 virusuna yoluxmuş vətəndaşların evdə klinik idarə edilməsi zamanı təyin olunmur: “Bu xəstələrə işlənən dərman dəstlərinə vitamin C, vitamin D3, maqnezium, sink, selen və parasetamol kimi preparatlar daxildir. Test nəticəsi müsbət olan şəxslər qeydiyyata alınır və evdə müalicə almaq üçün dövlət tərəfindən bu dərman preparatları ilə təmin olunurlar”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Teleqraf.com-a verilən məlumatda da sözügedən dərman vasitəsinin klinik təlimatlarda yer almadığı bildirilib: “Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən hazırlanmış klinik təlimatlarda müalicə metodu aşağıdakı kimi aparılır: Tənəffüs çətinliyi, hipoksemiya və şok olan xəstələr üçün əlavə oksigen terapiyası tövsiyə olunur. Şok əlamətləri olmadıqda, SARI xəstələrində konservativ maye terapiyası tövsiyə olunur. SARI-yə səbəb ola biləcək mümkün patogenlər üçün empirik antimikrob preparatlar (antibiotiklər, influenza neyroaminidaza inhibitorları, antifunqal preparatlar) tövsiyə olunur. Sepsis olan xəstələrə müayinədən sonrakı ilk bir saat ərzində antimikrob preparatlar verilməlidir.
Başqa bir səbəblə göstəriş olmadığı müddətcə virus mənşəli pnevmoniya və ya ARDS müalicəsi üçün sistematik kortikosteroidlərdən istifadə olunmamalıdır. Müşahidə tədqiqatları SARS xəstələrində tətbiq olunan kortikosteroidlərin sağ qalma üçün fayda vermədiyini, ancaq mümkün zərərin (avaskulyar nekroz, psixoz, diabet və virus klirensinin ləngiməsi) ola biləcəyini bildirir”.