9 Avqust 2020 23:31
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

I və IV ixtisas qrupu üzrə sənəd verən və xarici dil və ya bölməsini dəyişənlər üçün avqustun 14-də keçiriləcək əlavə imtahanda iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən Teleqraf.com-a bildirilib ki, avqustun 14-də I və IV ixtisas qrupları üzrə sənəd verən abituriyentlər üçün Bakı, Gəncə və ya Naxçıvan şəhərlərində:

– ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) imtahanları keçiriləcək.

İştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib özləri ilə gətirməlidirlər.

“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” DİM-in saytında “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və abituriyentin özü tərəfindən imzalanır.

Avqustun 13-də və 14-də II - III ixtisas qrupları üzrə qəbul imtahanları verənlər üçün “İmtahana buraxılış vərəqəsi” isə avqustun 7-dən etibarən DİM-in saytında yerləşdirilib.

Xatırladaq ki, I və IV ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin blok imtahanları tarixləri haqqında növbəti həftə məlumat veriləcək.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur. Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər