Son illər ərzində həm müxtəlif ölkələrin təcrübəsi, həm də UNESCO və digər beynəlxalq təşkilatların araşdırmaları göstərir ki, mədəniyyət cəmiyyətin sosial, iqtisadi inkişafında və dayanıqlılığının təmin olunmasında müstəsna rol oynayır. Bununla əlaqədar mədəniyyət sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və yerli sahəvi inkişaf proseslərinin təhlil edilməsini əsas götürərək bu prosesdə ən müasir idarəetmə yanaşmaları və texnologiyalarının tətbiqi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlərə nail olmaq üçün bir sıra istiqamətlər üzrə kompleks islahatların həyata keçirilməsi zərurəti yaranıb.
Mədəniyyət Nazirliyindən Teleqraf.com-a bildirilib ki, qeyd olunanların mədəniyyət sahəsində gələcək fəaliyyətin daha effektiv planlaşdırılması və həyata keçirilməsi üçün vacib rolu nəzərə alınaraq Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimovun müvafiq əmri nazirliyin sisteminin idarə edilməsinin təkmilləşdirilməsi üzrə yerli və xarici ekspertlərdən ibarət işçi qrupu yaradılıb.
İşçi qrupunun yaradılmasında məqsəd mədəniyyət sahəsinin idarə edilməsində insan resurslarının müasirləşdirilməsi, mədəniyyətdə şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, müasir tələblərə cavab verən və insan inkişafına yönəlmiş mədəniyyət infrastrukturunun qurulması, mədəniyyət sahəsində iqtisadi cəhətdən dayanıqlı maliyyələşdirilmə modelinin qurulması, müasir menecment üsullarının uğurlu tətbiqi ilə mədəniyyət sahəsində effektiv idarəetmənin formalaşdırılması və milli yaradıcı potensialın reallaşdırılması üçün optimal platformaların yaradılması ilə bağlı təkliflər paketi hazırlamaqdır.