20 Avqust 2020 00:12
3 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Yazı

Azərbaycan Cümhuriyyəti hökumətinin təhsil siyasətində həyata keçirdiyi ən önəmli addım məktəblərin milliləşdirilməsi olub.

Baş nazir Fətəli xan Xoyskinin imzaladığı 28 avqust 1918-ci il tarixli “İbtidai, ali ibtidai və ümumi orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında” qərarla müəyyən edilirdi ki, bütün tədris müəssisələrində təlim yalnız ana dilində aparılmalıdır və dövlət dili olan türk dilinin məktəblərdə tədrisi məcburidir.

1919-1920-ci dərs ilinin başlanğıcında Azərbaycanda 643 ibtidai və 24 orta məktəb fəaliyyət göstərirdi (o sıradan 8 kişi, 10 qadın gimnaziyası, 6 real məktəb). İbtidai məktəblərdə 48.070, orta məktəblərdə 9.611 şagird oxuyurdu.

Bunlardan başqa, 1 noyabr 1919-cu ildə ölkədə 2 kommersiya məktəbi, 1 politexnik məktəb, 3 müəllimlər seminariyası vardı. 1918-1919-cu illərdə Gəncə darülmüəllimini (kişi müəllimlər seminariyası) milliləşdirildi, Bakıda darülmüəllimin və darülmüəllimat (qadın müəllimlər seminariyası), Şəkidə darülmüəllimin açıldı, Zaqatala, Ağdam və Şuşada belə müəssisələrin yaradılması qərara alındı. Təhsil sahəsində görülmüş işlərdən söz açan Məhəmmədəmin Rəsulzadə özünün “Azərbaycan Cümhuriyyəti” əsərində göstərir ki, Cümhuriyyət məmləkətin müxtəlif yerlərində 7 darülmüəllimin və 1 darülmüəllimat açmışdı.

Bu dövrdə hökumətin qarşısında olan ən önəmli vəzifələrdən biri milli müəllim kadrlarının hazırlanması idi. Bu məqsədlə Cümhuriyyətin gördüyü ilk əməli tədbirlərdən biri Zaqafqaziya Darülmüəllimini Türk Bölməsinin Qori şəhərindən Qazax şəhərinə köçürülməsi oldu.

Hökumətin bu haqda 22 iyun 1918-ci il tarixli qərarına əsasən, bu işi böyük maarifçi, seminariyanın keçmiş müfəttişi Firidun bəy Köçərli gerçəkləşdirdi.

Lakin darülmüəllimin və darülmüəllimatlarda, kurslarda müəllim hazırlanması uzun çəkəcəkdi, məktəblərin isə bunu gözləməyə vaxtı yoxdu, buna görə də hökumət 22 iyul 1918-ci ildə Türkiyədən dərsliklərin gətirilməsinə və müəllimlərin dəvət olunmasına qərar verdi.

Qərarda qeyd olunurdu ki, Azərbaycanın məktəblərini milliləşdirmək üçün Türkiyədən dərsliklərin gətirilməsi və müəyyən sayda müəllimlərin çağırılması zəruri olduğuna görə İstanbula bu işlərdən başı çıxan bir şəxs göndərilməlidir.

Bu qərara əsasən Əhməd bəy Ağayev Azərbaycan məktəbləri üçün dərsliklər gətirmək və müəllimlər dəvət etmək üçün Türkiyəyə göndərildi. 5 noyabr 1919-cu ildə qardaş ölkədən ilk dəstə – 50 müəllim gəldi və Azərbaycanın müxtəlif guşələrinə səpələndi.

Türkiyədən Azərbaycana gəlib müəllim kimi fəaliyyət göstərənlərdən biri də Türkiyənin ilk qadın kimyaçısı Rəmziyyə Hisar idi.

***
Rəmziyyə xanım 1902-ci ildə Skopye (Üsküp) şəhərində doğulub. Balkan savaşı dövründə yarbay olan atası Saleh Xulusi bəy ailəsini İstanbula gətirib. Dörd qız övladına təhsil verən Xulusi bəy onların yaxşı mütəxəssis olmalarına çalışıb. Rəmziyyə xanım 1919-cu ildə Qız Müəllimlər Məktəbini birinciliklə bitirib.

Azərbaycan Cümhuriyyəti hökumətinin istəyini dəyərləndirən 5 müəllimə Rəmziyyə xanım başda olmaqla Bakıya gəlməyə qərar verirlər. Onlar müəllim Sarıklı Vəhbi bəyin himayəsində 1919-cu ilin 15 dekabrında İstanbuldan vapurla Batuma yola düşürlər.
Bakıya çatdıqdan sonra fəaliyyətə başlayan 18 yaşlı Rəmziyyə xanımın həyatında növbəti yenilik baş verir. Bakıda vəzifədə olan yüzbaşı doktor Rəşid Sürəyya bəy onunla evlənmək istəyir. 1920-ci ilin mart ayının 18-də Cümhuriyyət Bakısının müəllim məktəbinin böyük salonunda onların nişan mərasimi baş tutur.

Modern dəyərlər əsasında baş tutan nikah törənində çəkilən fotoşəkil günümüzədək çatıb. Ardınca da gənclər Bakıda ailə həyatı qururlar. Rəmziyyə Hisarla bağlı geniş arxivə malik olmuş Türkiyənin tanınmış mədəniyyət yazarı Taha Toros Qafqaz İslam Ordusunun komandanı, eyni zamanda rəssam olan Nuru Paşanın həmin vaxt bu evlilik münasibətilə Rəmziyyə xanımın rəsmini çəkdiyini qeyd edib.

Həmin rəsm də günümüzədək çatıb. Nuru Paşanın həmin dövrlərdə Bakıda olması mümkün görünməsə də, ola bilsin ki, müəllif rəsmin çəkilmə tarixi ilə bağlı yanlışlığa yol verib. Amma Taha Toros arxivinin təsvirində həmin rəsmin Bakıda çəkildiyi qeyd olunub.

O illərdə Azərbaycan Cümhuriyyəti ilə yanaşı Türkiyədə də milli mücadilə davam edirdi, işğaldan azad edilən qardaş dövlətin özündə də müəllimlərə ehtiyac var idi. Ona görə də başqa türk ölkələrində fəaliyyət göstərən müəllimlər geri dönmək arzusunda idilər. Ona görə də Rəmziyyə xanım Çukurova bölgəsi fransızlardan azad edildiyinə görə Adana Qız Müəllim Məktəbinə, həyat yoldaşı Rəşid Sürəyya isə hərbi korpusda həkim kimi təyin edilir.

Mustafa Kamal Paşa ilə görüş

Lətifə xanımla evlənən Mustafa Kamal Paşa həm xanımı ilə vaxt keçirmək, həm də işğaldan azad etdiyi yurdları gəzmək məqsədilə Adanaya yola düşürlər. 1923-cü ilin 15 martında Adanada olan Mustafa Kamal Paşanın ziyarət etdiyi yerlər arasında Rəmziyyə xanımın müdirəsi olduğu Qız Müəllim Məktəbi də vardı. Paşa üçün sözlərini Rəmziyyə xanımın özünün yazdığı, bəstəsini isə müəllimlərdən Mustafa Fuad bəyin olduğu “Qız Müəllimlər Məktəbi Marşı” çalınır.

Məktəbin divarına asılmış bayraqda isə belə yazılır: “Bir millətin qadınları tərəqqisinin ölçüsüdür”.

Rəmziyyə xanım həmçinin şagirdlərini xüsusi sıra ilə düzərək Osmanlı hərfləri ilə “Mustafa Kamal” sözünü yazır...

Gənc müəllimin fədakarlıqları Mustafa Kamal və Lətifə xanıma o qədər xoş gəlir ki, bir gün sonra ona tərifli sözlərdən ibarət məktub da göndərirlər.

Parisə doğru

Türkiyə Cümhuriyyətinin elanından sonra ölkəyə gərəkli kadrların hazırlanması üçün xaricdə təhsil almağa göndərilən tələbələr arasında Rəmziyyə xanım və yoldaşı da olur. Onlar Parisə göndərilirlər. Rəşid Sürəyya bəy ixtisası üzrə təhsil alır. Rəmziyyə xanım isə kimya üzrə oxumağı seçir. Təhsilini yenə yüksək nəticə ilə bitirən Rəmziyyə xanım İstanbula qayıdır və Erenköy Qız Liseyində müəllimlik edir.

Ardınca doktorluq dərəcəsi almaq üçün yenidən Parisə yola düşür. Kimya sahəsində etdiyi kəşflə Sorbonda doktorluq dərəcəsi alan Rəmziyyə xanım haqqında Fransa mətbuatı günlərlə yazır. Vətənə dönən alim İstanbul Universitetinin Fənn fakültəsində dosent kimi fəaliyyətə başlayır, İstanbul Texniki Universitetində professorluğa yüksəlir.
Rəmziyyə xanım 5 dərs, 4 tərcümə kitabının müəllifidir.

Elmi fəaliyyətinə görə Fransadan müxtəlif medallar alıb. 1955-ci ildə Fransanın Officiel d’Academie nişanına layiq görülüb. Eyni zamanda ahıl çağlarında, 1991-ci ildə Türkiyənin məşhur TUBİTAK Hizmet Ödülü ilə mükafatlandırılıb.

Rəmziyyə Hisarın digər maraqlı yönü həm də şair olmasıydı. “Bir qadın səsi” adlı şeir kitabının da müəllifidir.

Rəmziyyə xanım 13 iyun 1992-ci ildə vəfat edib. Rəmziyyə xanımın oğlu Feza Gürsey də Türkiyənin məşhur fiziklərindəndir.

P.S. Növbəti yazımızda Rəmziyyə xanımın Cümhuriyyət Bakısındakı xatirələrindən bəhs edəcəyik.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər