1 Sentyabr 2020 20:15
1 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər ölkəmizdə müasir səhiyyə infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülüb. Səhiyyənin səviyyəsinin yüksəlməsi elmi texnoloji yeniliklərin tətbiqi sayəsində mümkün olub. Koronavirus pandemiyası dövründə bu sahədə görülən işlər, o cümlədən yeni tibb müəssisələrinin açılması ölkədə səhiyyəsinə dövlətin qayğısının açıq nümayişi idi.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov bildirib.

O qeyd edib ki, 600 yerlik yeni klinikanın açılması, modul tipli 11 xəstəxananın inşası, bu xəstəxanalarda 4100 çarpayı sayının olması kiçik göstərici deyil.

Həkim bildirib ki, ölkədə mövcud müasir laboratoriyaların sayı 45-ə çatdırılmaqla son bir neçə ay ərzində 900 mindən çox test keçirilib: “Bu gün adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerdədir. Eyni zamanda səhiyyə sistemində çalışan insanlar daim dövlətin qayğısı ilə əhatə olunub. Bu gün ölkəmizdə dövlətin görmüş olduğu önləyici tədbirlərin nəticəsi olaraq koronavirusa yoluxma sayında azalma müşahidə olunur. Eyni zamanda bu virusa yoluxmuş insanların mütləq əksəriyyəti sağalaraq evlərinə göndərilib. Virusdan qorunmaq və bu xəstəliyin profilaktikasının öyrənilməsi istiqamətində də mühüm addımlar atılıb”.

Rafiq Bayramov vurğulayıb ki, Azərbaycanda tətbiq olunan qaydalar, atılan addımlar artıq öz səmərəsini verir: “İyul ayının ortalarından müsbət dinamikanın əldə olunması təmin edilib. Təkcə avqust ayında yumşaldıcı tədbirlərin sayı 3-ə çatıb. Müsbət dinamika davam edərsə və xəstələrin sayında artım olmazsa, yumşalma tədbirləri davam etdiriləcək”.

ATU-nun dosenti bildirib ki, yumşalma addımları elə atılır ki, xəstələrin sayı kəskin artmasın: “Erkən açılışlara gedən ölkələrin təcrübəsi öyrənilir. Həmin ölkələrdə açılışılardan sonra xəstələrin sayı kəskin artıb. Məhz COVID-lə bağlı dünya statistikasına baxdıqda ölkəmizdə əldə edilmiş nəticələr, doğrudan da, çox ürəkaçandır. Məhz bu tədbirlər nəticəsində minlərlə insanın həyatı qorunub”.

Həkim əlavə edib ki, dövlətin həyata keçirdiyi zəruri tədbirlərin nəticəsində xəstəliyin geniş vüsət almasına, vəziyyətin nəzarətdən çıxmasına imkan verilmədi: “Dövlətin qətiyyətli və düşünülmüş addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, bu ağır vəziyyətdən az itkilərlə çıxaq və əvvəlki normal həyata qayıdaq”


Müəllif: Tapdıq Qurbanlı