10 Sentyabr 2020 15:03
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

DİM tərəfindən iyun-iyul aylarında keçirilən yekun qiymətləndirmə (attestasiya) imtahanlarda iştirak etməyən 9-cu və 11-ci sinif şagirdləri üçün 10 sentyabr 2020-ci il tarixində buraxılış imtahanları keçirilib.

DİM-dən Teleqraf.com-a verilən xəbərə görə, imtahanlar respublikanın 15 şəhər və rayonunda təşkil olunub.

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 89 imtahan binası, 1600 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 89 ümumi imtahan rəhbəri, 253 imtahan rəhbəri, 2077 nəzarətçi–müəllim, 178 buraxılış rejimi əməkdaşı, 89 bina nümayəndəsi ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan iştirakçılarının bədən hərarətləri normaya uyğun olub.

1 nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Sentyabrın 11-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

9-cu sinif üzrə buraxılış imtahanları, Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri isə yaxın 3 gün ərzində elan olanacaq.

***

08:05

Dövlət İmtahan Mərkəzi iyun-iyul aylarında keçirilən yekun qiymətləndirmə (attestasiya) imtahanlarda iştirak etməyən 9-cu və 11-ci sinif şagirdləri üçün yenidən buraxılış imtahanları keçirəcək.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, bu gün baş tutacaq imtahanlar Bakı, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Yevlax, Şəki, Ağcabədi, Kürdəmir, Sabirabad, Lənkəran, Cəlilabad, Masallı və Xaçmazda təşkil olunacaq.

İmtahan nəticələri şagirdlərin yekun qiymətləndirmə sənədinə yazılacaq və onlara attestat veriləcək. İmtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız.

İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni aşağıdakı linklər vasitəsilə DİM-in saytından çap edib götürə bilərlər:

Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı;

Azərbaycan dili (dövlət dili kimi) imtahanı.

İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 18 277, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 1 789 şagirdin iştirakı nəzərdə tutulur. 369 şagird isə yalnız Azərbaycan dili fənni üzrə imtahan verəcək.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 89 imtahan binası, 1 600 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 89 ümumi imtahan rəhbəri, 253 imtahan rəhbəri, 2 077 nəzarətçi–müəllim, 178 buraxılış rejimi əməkdaşı, 89 bina nümayəndəsi ayrılıb.

Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Bundan əlavə, imtahan günündən 2 gün əvvəl Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir.


Müəllif: Teleqraf.com