Oktyabrın 13-də Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsin“Avropa İrs Günləri”nə həsr olunan mətbuat konfransı keçirilib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Avropa Şurasının Demokratik İdarəçilik Direktorluğunun nümayəndələrinin iştirakı ilə baş tutan konfransda ötən illərdə Azərbaycanda “Avropa İrs Günləri”nin qeyd olunmasına həsr olunmuş qısa film nümayiş olunub.
Sonra milli koordinatorlar – Azərbaycan üzrə Emil Səfərov, Avropa Şurasından Madelena Qrossman, Birləşmiş Krallıq – Şimali İrlandiyadan Mixail Koulter, İrlandiyadan İzabel Smiz, İspaniyadan Ana Şobel, Birləşmiş Krallıq – Şotlandiyadan Lesli Makevan “Avropa İrs Günləri”nin əhəmiyyətindən, eləcə də təmsil etdikləri ölkələrin müvafiq sahə üzrə əldə etdikləri təcrübədən söz açıblar.
Konfransda bildirilib ki, hazırda 50 ölkənin nümayəndəsi Azərbaycana buraya toplaşıb. Bu çox möhtəşəm imkandır ki, bura toplaşıb proqramı birgə keçiririk.
Qeyd olunub ki, irs həqiqətən də yerli icmalarda əsaslı məfhumdur. 2015-ci il üçün vahid məqsəd sənaye irsin qorunması olacaq. Artıq 16 ölkə iştirakını təsdiq edib. Bakıda keçiriləcək tədbirlər çərçivəsində müvafiq sahələr üzrə əməkdaşlığın qurulmasına dair müzakirələr aparılacaq. Mətbuat konfransı çərçivəsində layihənin və yeni yaradılmış “Avropa İrs Günləri Portalı”nın təqdimatı həyata keçirilib.
Məlumat üçün bildirək ki, “Avropa İrs Günləri” Avropa vətəndaşları arasında əməkdaşlıq çərçivəsində kütləvi qeyd olunan mədəni təşəbbüslərdən biridir. 1985-ci ildə Avropa Şurası tərəfindən irəli sürülmüş bu təşəbbüsə 1999-cu ildə Avropa İttifaqı Komissiyası da qoşulub. Hər iki qurum indiyədək bu proqramı birgə davam etdirir. Hər il sözügedən layihə Avropanın 50 ölkəsində keçirilir.
Hər il təxminən 20 milyona yaxın insan bu təşəbbüsdən yararlanır.
İlhamə