AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Əbülhəsən Abbasov Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev barəsində həqiqətə uyğun olmayan məlumatlar səsləndirib. Belə ki, o, mətbuata açıqlamasında akademik Ramiz Mehdiyevin guya 1993-cü ildə Prezidentin İcra Aparatının Ümumi şöbəsinə müdir təyin edildikdən sonra, öz vəzifəsindən istifadə edərək doktorluq dissertasiyasını müdafiə etdiyini bildirərək, faktları kobud şəkildə təhrif edib.
Bu barədə Teleqraf.com-a AMEA-dan məlumat verilib.
AMEA Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadənin açıqlamasında daha sonra bildirilib ki, akademik Ramiz Mehdiyev elmlər doktoru dissertasiyasını 1993-cü ilin dekabr ayında müdafiə edib: "Bu fakt öz təsdiqini Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq sənədlərində də tapıb. Bir faktı da xatırlatmağı lazım bilirik ki, akademik Ramiz Mehdiyevin doktorluq dissertasiyasının müdafiəsində iştirak etmiş alimlərin bir çoxu hələ də həyatdadır. Onlar həmin dövrdə Ali Attestasiya Komissiyasının rəhbəri, mərhum akademik Azad Mirzəcanzadənin dissertasiya haqqında söylədiyi yüksək rəyi təsdiq edə bilərlər.
1994-cü ilin 4 fevral tarixində isə Ramiz Mehdiyev Ümummilli lider Heydər Əliyev tərəfindən Prezidentin İcra Aparatının Ümumi şöbəsinin müdiri təyin edilib. Bu faktı təsdiq edən sənədlər də öz növbəsində müvafiq qurumların arxivlərində saxlanılmaqdadır. Azərbaycan Respublikasının istənilən vətəndaşı rahatlıqla həmin sənədlərlə tanış ola bilər. Ölkə başçısının imzaladığı hər hansı siyasi sənədin, xüsusilə də yüksək dövlət vəzifələrinə təyinatla bağlı sərəncamların mətninin, yaxud tarixinin saxtalaşdırılmasına dair iddialar olduqca qeyri-ciddi səslənir. Belə iddiaların elmlər doktoru tərəfindən ifadə edilməsi isə təəssüf doğurur.
Həmçinin əməkdaşımızın diqqətinə çatdırırıq ki, əsası olmayan və yoxlanılmamış məlumatların mətbuata açıqlanması şəxsin şərəf və ləyaqətini aşağıladığı üçün hüquqi məsuliyyət yaradır".