Bu ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ayrı-ayrı ildönümlərlə əlaqədar, həmçinin sosial-məişət problemlərinin həllinə köməklik məqsədilə ümumilikdə 4538 nəfər əlilliyi olan şəxsi və 115 şəhid ailəsini birdəfəlik maddi yardımla təmin edib.
Bu barədə Teleqraf.com-a ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Belə ki, 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar həmin faciədə şəhid olan 115 nəfərin ailəsinin və 319 nəfər 20 Yanvar əlilinin hər biri 50 manat, sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü ilə əlaqədar həmin ölkədə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş 196 nəfər şəxsin hər biri 100 manat məbləğində birdəfəlik maddi yardımla təmin edilib. Çernobıl AES-də baş vermiş qəzanın 28-ci ildönümü ilə əlaqədar həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək əlil olmuş 468 nəfər şəxsin hər birinə 2013-cü ildəki ilə müqayisədə 66,6 faiz çox, yəni 50 manat məbləğində birdəfəlik maddi yardım verilib.
15 Sentyabr – Bilik günü münasibəti ilə tərkibindən 2 və daha çox sağlamlıq imkanları məhdud məktəbli uşaqları olan 1535 ailənin 3200 uşağının hər birinə 30 manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Bu isə əvvəlki dövrlə müqayisədə ailələrin sayına görə 1,56 dəfə, uşaqların sayına görə 1,54 dəfə, ödənilən məbləğə görə 1,5 dəfə çoxdur. ƏƏSMN-nin müvafiq Komissiyasında müraciətlərinə baxılan vətəndaşlardan sosial müdafiəyə daha çox ehtiyacı olan 337 nəfər əlilliyi olan şəxsə ümumilikdə 66680 manat məbləğində birdəfəlik maddi yardım verilib ki, bu göstəricilər ötən ilin uyğun göstəriciləri ilə müqayisədə müvafiq olaraq 2,09 dəfə və 4,87 dəfə çoxdur. Əlilliyi olan şəxslərdən ölkə daxilində müalicəsinə maddi köməklik göstərilənlərin sayı 15 nəfər, respublikadan kənar müalicəyə göndərilməsinə köməklik göstərilənlərin sayı isə 26 nəfər təşkil edib.
Naibə