Azərbaycan poçt operatoru “Azərpoçt” MMC-nin Keyfiyyətə nəzarət şöbəsinin rəisi Novruz Qalayev və Xaçmaz Regional Poçt Filialının rəisi Ənvər Məhyəddinov Almaniyanın Frankfurt şəhərində “POSTEUROP”-un poçt xidmətlərinin keyfiyyətinin yüksəldilməsi mövzusunda keçirdiyi seminarda iştirak ediblər.
Teleqraf.com xəbər verir ki, Keçirilən tədbirə “POSTEUROP” ölkələrinin poçt operatorları ilə yanaşı, Rusiya, Ukrayna, Qazaxıstan və Azərbaycan təmsilçiləri, Ümumdünya Poçt İttifaqının (ÜPİ) Qlobal Monitorinq Sisteminin, eləcə də Almaniyanın “Lufthanza” aviaşirkətinin nümayəndələri də qatılıblar.
Cari ilin noyabr ayında ÜPİ-nin “POSTEUROP” ilə birlikdə “Azərbaycanda poçtun istismarı və keyfiyyətin idarə edilməsi” üzrə xüsusi layihəsi və bu tədbir üzrə aparılan hazırlıq işlərinə dair iştirakçılara geniş məlumat verilib. Həmçinin sözügedən layihə ilə əlaqədar Azərbaycanın təyin olunmuş poçt operatoru adından ÜPİ və “POSTEUROP”-un rəhbərliyinə təşəkkür edilib.
Azərbaycan nümayəndələri ən ucqar kəndlərdə tətbiq edilən poçt layihələri haqqında geniş məlumat veriblər. Bu layihələr Xaçmaz Regional Poçt Filialının timsalında konkret faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbir zamanı poçt daşımaları üzrə marşrutların idarə edilməsi ilə əlaqədar təşkil edilmiş qruplar üzrə seminar təşkil edilib. Azərbaycan nümayəndələri 2-ci qrupda Almaniya, Fransa, Ukrayna, Qazaxıstan, Türkiyə nümayəndələri ilə “dəyirmi masa”da tərəfləri maraqlandıran maraqlı və faydalı müzakirələr aparıb.
Azərbaycan nümayəndələri bütün diskussiya və təkbətək görüşlər zamanı fəallıq göstərib.
İLHAMƏ