İşğaldan azad olunmuş ərazilərimizdə xidmət edən hərbi qulluqçularımıza dəstək aksiyası davam edir.
Teleqraf.com xəbər verir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən reallaşan aksiyanın növbəti ünvanı Qubadlı rayonu olub.
Dekabrın 22-də Qubadlı rayonuna səfər edərkən yolboyu qəhrəman döyüşçülərimiz tərəfindən azad edilən ərazilərdə erməni vəhşiliyinin izlərini bir daha gördük. Doğma yurdumuzun kəndlərində bir dənə də salamat ev qalmayıb. İllərdir bu torpaqlar öz sahiblərini gözləyirdi və artıq həmin gün gəlib. Tezliklə burada yeni-yeni evlər tikiləcək, şəhərlər, qəsəbələr, kəndlər yenidən öz firavan günlərinə qayıdacaq.
Qubadlının Xanlıq kəndində əsgərlərimizlə görüş zamanı onların simalarındakı təbəssüm, fəxarət açıq-aydın hiss edilirdi. Çünki onlar qalib ordunun əsgərləridir.
“Bravo” supermarketlər şəbəkəsinin nümayəndələri gətirdikləri bağlamaları hərbi qulluqçularımıza çatdırıb, həmçinin əsgərlərimizlə söhbət edərək onların istəklərini qeydə alıblar.
Ayrı-ayrılıqıda hər birinin şəxsi həyatında müxtəlif istəkləri, xəyalları olan hərbçilərimizin Vətənlə bağlı arzuları eynidir. Sanki hamısı bir ailənin övladıdır. Onlarla söhbət edərkən hər birinin dilindən eyni sözləri eşitdik: “Biz qalib ordunun sıralarında xidmət etdiyimiz üçün qürur duyuruq. Vətənin keşiyində dayanmaq bizim üçün fəxrdir!”.
Bir daha şahid olduq ki, Azərbaycan əsgəri qəhrəmanlıq və şücaət göstərərək işğaldan azad etdiyi Vətən torpaqlarında xidmətini qələbə əhval-ruhiyyəsi ilə aparır. İşğaldan azad olunan ərazilərdə yerləşən qoşunlarımızın təminatı yüksək səviyyədədir.