Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və üzvü Esmira Cəfərovanın “Modern Diplomacy” nəşrində “Ermənistan ilə Azərbaycan arasında təbliğat müharibəsi və Amerika mediasında qərəz” sərlövhəsi məqaləsi dərc olunub.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, məqalədə Qərb mediasında Ermənistan-Azərbaycan münaqişəsinin işıqlandırılmasına dair qərəzli yanaşma, bunun getdikcə artan islamofobiya və türkofobiya zəminində baş verdiyinə diqqət çəkilir.
Bildirilir ki, bütün bunların, xüsusən də Qərb mediasında yalnız ermənipərəst mövqedən dərc edilən yazıların artması fonunda Azərbaycanın münaqişənin tarixi kökləri və digər məsələlərə dair təqdim etdiyi məqalələr diqqətə alınmır. Belə ki, son zamanlar erməni əsilli və erməni diasporu tərəfindən maliyyələşən ekspertlər İkinci Qarabağ müharibəsi zamanı xristian irsinin dağıdılması kimi ittihamlarla Azərbaycana qarşı kampaniya başladıblar. “Lakin bu kampaniya fonunda Qərb mediası Azərbaycan əsilli müəlliflərin sözügedən kampaniyaya cavab xarakterli yazılarını dərc etməkdən imtina edib.
Bunların sırasına “TheConversation” və “New York Review of Books” tərəfindən dərc edilmiş, guya erməni irsinin Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında təhlükəyə məruz qalmasına dair qərəzli yazıya azərbaycanlı müəlliflərin cavab olaraq təqdim etdikləri məqalələri yaymaq istəmələrini misal gətirmək olar. Cavab məqaləsində həm də “TheConversation” və “New York Review of Books” tərəfindən dərc edilmiş məlum məqalələrdəki ermənipərəst mövqedən yazılmış arqumentlərə cavablar da təmin edilir, Azərbaycanın 30 ilə yaxın işğal altında olmuş torpaqlarındakı dini-mədəni abidələrin dağıdılması, mənsubiyyətlərinin dəyişdirilməsi və bu kimi digər cinayətlərə diqqət çəkilir. Belə misallar təəssüf ki çoxdur”, - deyə müəlliflər qeyd edirlər.
Sonda vurğulanır ki, müharibə bitəndən sonra regionda sülhə nail olmağın yeganə yolu Ermənistan və Azərbaycan xalqları arasında barışıqdır. Lakin Qərb mediasında bu kimi qərəzli yazılar, eləcə də bu məsələdə Azərbaycana söz haqqının verilməməsi bu məqsədə xidmət etmir. Yaxşı olardı ki, “TheConversation” və “New York Review of Books” tərəfindən dərc olunmuş, Ermənistanın mövqeyinə xidmət edən belə qərəzli yazılar bu media portalları tərəfindən yoxlanılaraq daha ədalətli və balanslı bir yanaşma təmin edilsin.